Ermənistanın radikal müxalifəti və bu dairələrə bağlı eskpertlər Moskvadan aldıqları tapşırıq əsasında ABŞ vitse-prezidenti Ceyms Vensin Ermənistana səfərini və İrəvanda imzalanan sazişlərin əhəmiyyətini azatlmağa çalışırlar.
Turkustan.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.
“Birincisi, Vens İrəvanda “soyqırım abidəsini” ziyarəti ilə bağlı paylaşımını sildiyinə görə tənqid olunub. İkincisi, ABŞ-ın Ermənistanın nüvə enerjisi sektorunun inkişafına 9 milyard dollar sərmayə qoyacağı şübhə altına alınıb. Aydındır ki, Vensin Baş nazir Nikol Paşinyanla imzaladığı bu saziş Ermənistanın Rusiyadan enerji asılılığını azaltmaq məqsədi daşıyır. Ancaq Paşinyana müxalif olanların fikrincə, ABŞ layihəsinin reallaşacağı sual altındadır”, - politoloq bildirib.
Onun sözlərinə görə, radikallar ABŞ-ın başqa ölkələrdə modul tipli atom elektrik stansiyaları inşa etmək təcrübəsi olmadığını və bu modulların istismarının baha başa gəldiyini düşünür:
“Radikalları o da qəzəbləndirib ki, Rusiya və Çin Ermənistanda daha ucuz qiymətə modul tipli atom elektrik stansiyalarının inşası təklifini verərkən, Nikol Paşinyan cəmiyyətlə məsləhətləşmədən daha bahalı Amerika variantını seçib. Radikallar ABŞ-ın Ermənistana satacağı 6 milyon dəyərindəki dronların faydasız olduğunu da iddia ediblər. Çünki həmin dronlar hücum yox, kəşfiyyat xarakteri daşıyır.
Erməni radikalların və onlarla əlaqəli ekspertlərin canfəşanlığı aydındır.
Vensin İrəvana səfəri və Ermənistana dəstəyi parlament seçkiləri öncəsi Nikol Paşinyanın mövqelərini gücləndirir. Bunu amerikalı rəsmilər heç gizlətmirlər də. Paşinyan ölkəsinin Rusiyanın asılılığından qurtulması üçün çalışır. Ona görə də İrəvan Rusiyanın “Rosatom” şirkətinin modul tipli atom elektrik stansiyasının inşası təklifinə yox, ABŞ-ın eyni təklifinə üstünlük verib.
ABŞ-ın Ermənistanda inşa edəcəyi modul tipli atom elektrik stansiyaları Rusiyanın idarə etdiyi “Metsamor” atom elektrik stansiyasını tədricən əvəz edəcək. O ki qaldı, ABŞ-ın Ermənistana satacağı kəşfiyyat xarakterli pilotsuz uçuş aparatlarına, qonşu ölkə Azərbaycanla sülh quruculuğu prosesini davam etdirdiyinə görə, İrəvanın hücum dronlarına ehtiyacı olmamalıdır”./axar.az