1 dekabr 1986-cı ildə Beyləqan rayonunun Milabad qəsəbəsində doğulur...
1994 / 2002-ci illərdə Milabad qəsəbə tam orta məktəbində;
2002 / 2005-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alır...
2005 / 2009-cu illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə ali hərbi təhsil alır...
2016-cı ilin Aprel döyüşlərinsə iştirak edir...
Hərbi xidməti müddətində mayor rütbəsinə qədər yüksəkir...
Vətən müharibəsinə komandirlik etdiyi bölüyü ilə birgə qatılan, Füzuli rayonu uğrunda döyüşlərdə mühasirəyə düşmüş taborun köməyinə şəxsi heyəti ilə birgə gələn və onları mühasirədən çıxaran, yuxarı komandanlığa düşmən hücumu ilə bağlı məlumat verərək, olduğu mövqenin koordinatları ötürüb, "buranı vurun ki, düşmən irəliləyə bilməsin" deyən və bununla da düşmənin xeyli sayda itki verməsinə nail olan, düşmən tərəfindən vurulmuş yanan tankın içərisindən döyüş yoldaşını çıxaran, idarə etdiyi tankda minaya düşüb, yaralanmasına baxmayaraq geri çəkilməyən, zirehli tankla ermənilərin silah dolu maşınını və 30-dan çox canlı qüvvəsini məhv edən, əl qumbarası ilə ordumuzun üzərinə hücum edən tankın üzərinə yeriyən, snayperlə vurulsa da, son gücünü toplayıb, qumbaranı tankın lükündən içəri ataraq tank heyətini və tankı məhv edərək, ordumuzun irəliləməsinə şərait yaradan özü isə şəhidlik zirvəsinə ucalan Silahlı Qüvvələrin mayoru, Vətən Müharibəsi Qəhrəmanı Elbrus Eyvaz oğlu Bayramov!
Qəhrəmanımız vətən qarşısındakı xidmətlərinə görə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları, eləcə də, "Qüsursuz xidmətə görə" lll dərəcəli medal, "Füzulinin azad olunmasına görə" medalı, "Vətən uğrunda" medalı, və "Vətən Müharibəsi Qəhrəmanı" medalı ilə təltif edilib.
"Əgər mən indi gedib bu düşmən tankını məhv etməsəm, ordumuz irəliləyə bilməz, zəhmətimiz hədər gedər" deyən zabitimizin xidməti müddətində təyinat yeri əksər hallarda ön cəbhə olur. Aprel dötüşlərində göstərdiyi şücaətlərə görə rütbəsi və vəzifəsi artırılır.
Qəhrəmanımız Vətən müharibəsində "Biz düşməni yerində oturdacayıq. Bu vaxta qədər çox şəhid vermişik, Ola bilsin ki, mən də şəhid olacam. Mənim canım bir heçdir. Kömək göndərin, əziyyətimiz yerdə qalmasın" dedikdən 6-7 saniyə sonra rabitəçisi məlumat verir ki, Bayramov Elbrus şəhid oldu.
Vətən Müharibəsi Qəhrəmanı general-mayor Mais Bərxudarov: "Elbrus Bayramov tabor komandiri olaraq müharibəyə qatıldı. Çox qorxmaz, bacarıqlı döyüşçü idi. Bölmələri çox gözəl idarə edə bilirdi. O, PDM maşınları üzrə tabor komandiri idi. Onun bir sözü var idi: "Komandir, hansı sürətlə deyirsiz, o sürətlə düşmən üzərinə qartal kimi şığlyacayıq". O, sözünü tutaraq döyüş tapşırığını qəhrəmancasına yerinə yetirdi, öz əsgərləri ilə çiyin-çiyinə döyüşdü".
Qəhrəmanımızın döyüş yoldaşı Türkan Cəfərov bildirir ki, "Elbrus əsgərlərinə qarşı çox diqqətcil idi. Onların qeydinə qalırdı. Hətta bəzən yeməyi özü yeməyib, əsgərinə verərdiki, qoy mənim əsgərim tox olsun. Döyüşdə də qabaqda özü gedirdi. Vətən müharibəsində düşmən Elbrusun bölmələri üzərinə qəfil hücuma keçdiyi üçün o, bu hücumu öz bölmələrinin gücü hesabına dəf etməyə çalışdı. Həmin vaxt öz bacarığını, cəldliyi nümayiş etdirməsəydi, şəxsi heyətdən çox itki verə bilərdi. O şəxsi heyətini oradan geriyə çıxartmağa nail olmuşdu və özü şəxsən tankın qarşısına əlində əl bombası ilə qaçmışdı. Elbrusun şəhid xəbərini alanda mən çökdüm. Asan deyildi, illərlə tanıdığım bir otağı paylaşdığım, bir yerdə çörək kəsdiyim həm kurs, həm zabit, həm də döyüş yoldaşımı itirmişdim."
Yoldaşı Gültəkin Bayramova deyir ki, "o canıyla, qanıyla bağlıydı vətəninə, peşəsinə. Bəzən evdə ona ehtiyacımız olurdu. Ona deyəndə deyirdi, mənim orada da övladlarım var. Onların da mənə ehtiyacı var. Onların da məsuliyyəti mənim boynumdadır, qayğılarını mən çəkməliyəm. Əsgərlərini çox sevirdi.".
"Əsgərlərini bizdən çox sevirdi balam. Heç biz ondan doymadıq. Daim cəbhə bölgəsindəydi. 2 ay idi ki gəlmişdi. Sevinirdik ki, görəcəyik, müharibə başladı. Heç vaxt iş söhbətini gəlib evdə danışmazdı. Hətta müharibədən 1 həftə əvvəl o bizdə olanda onu iclasa çağırdılar. Gələndə soruşdum ki, bala deyirlər müharibə başlayır? Sərt cavab verdi ki, boş söhbətdir. Hər danışılana inanma. Uşaqlıqdan vətənpərvər idi balam. Hərbçi olmaq istəyirdi". deyir qəhrəmanımızın anası Gülnaz Bayramova.
Son dəfə əsgərləri ilə çörək kəsib, onlara son tapşırığını verən, "biz şəhid olsaq da, düşmənə yerini göstərməliyik! Onlar Azərbaycan ordusunun gücünü qüdrətini, nəyə qadir olduğunu görməlidir!" deyən qəhrəmanım! Ruhun şad olsun! Azərbaycan ordusu qazandığı qələbə ilə tək düşmənə deyil, bütün dünyaya nəyə qadir olduğunu göstərdi!
Sən isə tək övladlarına deyil, gələcək nəsillərə də örnək bir qəhrəmansan! Nə biz, nə də gələcək nəsillər səni unutmayacaq. Daim rəhmət, qürur və sevgi ilə anılacaqsan!
Sevinc Bəhmənli





