Nərgiz Nasirin poeziyasında hər söz, hər sətir sükutla danışır, kövrək bir lirika ruhunu oxucuya ötürür. Onun şeirləri sanki çoxdan unudulmuş xatirələrdən, gündəlik həyatın sadə, amma dərin anlarından doğur. Hər bir obraz, hər bir təsvir, həyatın içindən gələn bir səs kimi duyulur. Onun lirikasında həssaslıq və sakitlik bir-birini tamamlayır, oxucuya iç dünyasının incəliklərini göstərir. Həyatın kövrəkliyini, zamanın keçiciliyini, insanın öz daxili aləmini hiss etdirir. Ən çox diqqət çəkən isə, Nərgiz Nasirin duyğuları ifadə edərkən aşırı dramatikadan uzaq durmasıdır. Onun şeirlərində kövrək bir sakitlik var, sanki hər cümlə oxucuya bir nəfəs verir, həm də düşünməyə dəvət edir. Bu, yalnız söz oyunu deyil, bu, şairin həyatla, dünya ilə, insanla qurduğu dərin və səmimi dialoqdur.
Nərgiz Nasirin yaradıcılığı oxucunu düşündürür, amma yormur. O, hər sözün arxasında dayanan duyğunu göstərməyi bacarır və oxucuya bunu öz iç dünyasında tamamlaması üçün yer saxlayır. Bu, şeir sənətinin ən saf, ən kövrək formasını yaşadan bir xüsusiyyətdir.
Məncə Nərgizin şeirləri yalnız oxunmaq üçün deyil, həm də hiss etmək, yaşamaq üçün yazılmışdır. Bu şeirlər oxucunu sakit bir səyahətə çıxarır, orada hər kəlmə, hər misra bir nəfəs kimi əks-səda verir.
“Oxucu-yazıçı” layihəm çərçivəsində şairə ilə müsahibəmi paylaşmaqdan məmnunluq duyuram.
Nərgiz xanım, şeirlərinizdə sakit, kövrək bir lirika hiss olunur. Bu ton sizdə necə formalaşıb?
Sakit və kövrək ruh… Məncə, yazılan misralar insanın yaşadığı həyata və ətrafında baş verənlərə tutduğu bir güzgüdür. Mən sadəcə həyata güzgü tutmuşam. O güzgüdə əks olunan hər şey isə zamanla onsuz da kövrək olan ruhumu daha da incəldib.
Kövrəklik isə, bilirsiniz də, insanı sakitləşdirir. Daxilinə nə qədər çox sükut yığsan, yazdıqların da bir o qədər sakit olur. Axı poeziya pıçıltını sevir.
Sizin üçün poeziyanın funksiyası nədir – təsəlli, ifadə, yoxsa müşahidə?
Məncə, poeziya bunların üçünü də özündə birləşdirir, amma müəyyən ardıcıllıqla: əvvəl müşahidə, sonra ifadə, daha sonra isə təsəlli. Çünki təsvir həmişə müşahidədən sonra gəlir.
İfadə etmək də bir növ təsvirdir, daxili halın görüntüsünü sözə çevirməkdir. Söz isə toxunmaqdır. Toxunmaq da təsəllidir: həm öz ruhuna, həm də öz ruhundan olan insanların ruhuna. Necə ki, səma dolanda buluda çevrilir, yağış yağdıqdan sonra isə həm səma aydınlanır, həm də torpaq oyanır.
Şeiri yazmağa başlayanda ilk gələn nə olur: söz, hiss, yoxsa obraz?
İlk gələn hiss olur, sonra o hiss daxildə bir şəkil alır. Bir az əvvəl dediyim kimi, daxili halın görüntüsü yaranır. Əslində, söz elə öz obrazımın ruhumda dağılmış parçalarıdır. Yazanda bu parçalar birləşir və həmin surət üzə çıxır. Fikir vermisiniz, hansısa şeiri, romanı və ya hekayəni oxuyanda altını xətlədiyimiz misralar olur. Bax, o misralar bizim öz obrazımızın parçalarıdır.
Məni daha yaxından tanımaq istəyənlər yazdıqlarıma baxa bilər. (gülür)
Təbiət obrazları şeirlərinizdə çox güclüdür. Bunlar şəxsi xatirələrdən gəlir, yoxsa poetik üsuldur?
Təbiət mənə ruh verir, qanad verir. Mən fədakarlığı, zəhməti ən birinci təbiətdə görmüşəm. Təmənnasız sənə bəxş etdiyi hər şey: nəfəs, torpaq, səma, Günəş, Ay, ulduzlar, yağışlar, göyqurşağı, fəsillər, ağaclar, çiçəklər, meyvələr, arılar və quşlar…
Təbiət insan ruhuna çox bənzəyir. İnsan xoş günlərini Günəşə, Aya; kədərli halını gecəyə, qaranlığa; şıltaqlığını coşqun sulara, sakitliyini isə sakit axan çaylara bənzədir. Yəni, hiss edə bilsək, qulaq versək, təbiət hamımızın dilində danışır. Mən Kür çayının sahilindəki kənddə böyümüşəm. Kənd insanı təbiətlə daha çox təmasda olur axı, bəlkə də bu təmas məndəki təbiət obrazını daha möhkəm yoğurub.
“Mimoza çiçəkləri” kitabınızı yazarkən hansı hiss və dövrlərdən keçdiniz? Kitabın ruhunu necə ifadə edərdiniz?
"Mimoza çiçəkləri" mənim ruhumun aynasıdır. Bu çiçək haqqında oxusanız onu çiçəyə yox insana bənzədərsiniz. Bir gün informatika dərsliyini açdım və “ruhumun çiçəyi” həmin mimoza çiçəyi ilə tanış oldum. Orada yazırdı: "Mimozaların yarpağının birinə yağış damcısı düşən kimi, tez çiçəyin yarpağı özünü bükür, beləcə digər yarpaqlara da xəbər gedir və bütün yarpaqlar özünü bükməklə müdafiəyə keçir." Çiçək verdiyin insanların sənə daş ataraq dönüş etdiyi dünyada, insan ömrü başdan-sona təcrübədir. Təcrübə isə bizi sonrakı hadisəyə qarşı hazırlıqlı edir və biz öz müdafiə sistemimizi qurmağı öyrənirik.
Şeirlərinizdə zaman, xatirə və yer motivləri güclüdür. Zaman sizin üçün poetik olaraq nə deməkdir?
Elə bir ömür yaşayırıq ki, orada zaman ömrün özünə çevrilir. Hər an keçicidir. Biz pərvanə həyatı yaşayırıq, işığa doğru gedir, amma yanacağımızı da bilirik.
“Tələsmişəm” şeirinizdə zaman anlayışı xüsusi yer tutur. Sizin üçün “gecikmək” və “tələsmək” hansı mənanı daşıyır? Oxucu bu şeirdən hansı duyğunu özündə tapsa, bunu “doğru oxu” kimi qəbul edərdiniz?
İnsan bəzən gecikdiyini zənn edərək tələsir. Bu tələskənliklə verilən qərarlar isə çox vaxt düşünülməmiş, dərk edilməmiş addımlara çevrilir. Belə bir tələsmək, əslində, insanı həyatın əks istiqamətinə aparır. Nəticədə itirilmiş illər və yaşanmamış bir ömür qalır.
“Tələsmişəm” şeirində tələsmək anlayışı, paradoksal şəkildə, gecikməni öz içində daşıyır. Burada tələsmək sadəcə hərəkət deyil, zamanla yanlış münasibətin ifadəsidir. Oxucu bu hissi özündə tapa bilirsə, bunu şeirin “doğru oxunuşu” hesab edirəm. Arzum budur ki, oxucum “tələsmiş” deyil, zamanın dəyərini anlayan bir oxucu olsun.
Müasir qadın şairələr arasında özünüzü hara yerləşdirirsiniz? Poeziyada qadın nəfəsinin rolu nədir?
Məncə şairin mövqeyini yazdıqları təyin edir, bir də ən əsası yazdıqları ilə şəxsiyyətinin düz mütənasib, yoxsa tərs mütənasib olması. Düşünürəm ki, mənim poeziyadakı yerimi şəxsiyyətimlə qələmimin düz mütənasibliyi təyin edir. Poeziyada qadın nəfəsinin roluna gəldikdə isə, qadın nəfəsi poeziyanın həlimliyi, zərifliyidir. Qadın şairlərin misraları daha emosionaldır, çünki qadınlar emosiyalarını, kədərini, sevincini daha çox ifadə edə bilir nəinki kişilər. Kişilər həmişə emosiyalarını boğmağa çalışır. Çünki, cəmiyyət kişiləri "sən kişisən" ifadəsilə yükləyib. Qısası, kişi şairlərin misralarında təsadüfən zəriflik görsəniz, düşünün ki, onun qələminə də bir az qadın nəfəsi dəyib. (gülür)
Sizcə, bu gün Azərbaycan oxucusunun poeziyadan gözləntisi nədir? Oxucu ilə şair arasında məsafə varmı?
Oxucunun gözləntisi nə ola bilər, oxuduğu ruhuna hopsun, hansısa misrada özünü tapa bilsin. Desin ki: “bu misrada şair sanki məni ifadə edib.” Yəni, süni, pafosdan uzaq, yaşanan hislərə yaxın olan poeziya. Məsafə o zaman yaranır ki, şeirin dili süni olur və oxucu istədiyi duyğunu ala bilmir. Söz gərək səmimi olsun!
Oxucu şeirinizi oxuyanda ən çox nəyi duysun istəyirsiniz?
Mən istərdim, oxucu məni oxuyanda, oxuduqlarını öz daxili aləminə yaxınlaşdıra bilsin. Yazıdakı duyğuları öz duyğularına yansıda bilsin. Çünki, hissləri doğru duya bildiyimiz qədər ətrafımızdakı sevgini böyüdə, ətrafımızla nəfəsləşə bilərik.
Öz yaradıcılığınızda dönüş nöqtəsi hesab etdiyiniz bir şeir varmı? Niyə?
Bu barədə heç bir şeirimə haqsızlıq etmək istəmirəm. Çünki, insan həyatı dəyişkəndir. Həyat dinamik olduğu üçün də, mənim üçün hər şeirim bir dönüş nöqtəsidir. Hər yazı anı fərqli bir halın, fərqli bir düşüncənin nəticəsidir. Buna görə yaradıcılığımı tək bir şeirlə məhdudlaşdırmıram. Hər şeir yaşadığım zamanın izini daşıyır.
Söhbətləşdi: İlahə Ümidli


