Son günlər İranın ali dini lideri Ayətullah Xameneinin mümkün qaçış planları ilə bağlı yayılan iddialar, ABŞ prezidenti Donald Trampın İran rəhbərliyinə ünvanladığı sərt açıqlamalar və Venesuela lideri Nikolas Maduronun başına gələn hadisələr regionda və beynəlxalq aləmdə ciddi müzakirələrə səbəb olub.
Analitiklər bu proseslərin bir-biri ilə əlaqəli ola biləcəyini istisna etmir və İranda baş verən etiraz fonunda Xameneinin də Maduronun taleyini yaşaya biləcəyi ehtimalını gündəmə gətirirlər.
Maraqlıdır görəsən, bu mümkündürmü? Xameneini də Maduronun taleyi gözləyir? Turkustan.az olaraq bu sualları politoloq Oqtay Qasımova ünvanladıq.

Oqtay Qasımov
Məlumdur ki, İranda başlayan və getdikcə genişlənən etiraz aksiyaları ölkədəki rejimi ciddi şəkildə narahat edib. Nəzərə alsaq ki, əvvəlki dövrlərdə keçirilən etirazlardan fərqli olaraq bu dəfə aksiyalarda cəmiyyətin daha geniş və fərqli təbəqələri — o cümlədən iş adamları, eləcə də İran iqtisadiyyatına böyük təsir imkanlarına malik Tehran bazarının tacirləri və ticarət nümayəndələri iştirak edir — bu, rejim üçün olduqca ciddi bir mesaj sayıla bilər. Son dövrlər hiss olunur ki, İranın siyasi elitasında da etiraz aksiyaları ilə bağlı fərqli yanaşmalar mövcuddur. Prezident Pezeşkian etirazlarla bağlı dialoq tərəfdarı kimi çıxış edir.
Bunun əksinə olaraq dini lider Ayətullah Xamenei sərt xətt tərəfdarıdır və məhz onun göstərişlərindən sonra etirazçılara qarşı güc tətbiq edilir. Artıq etirazlar zamanı ölənlərin sayının 20-ni keçdiyi bildirilir. Venesuela və İran son onilliklər ərzində bir-biri ilə yaxın münasibətlər qurmuş, əlaqələrini genişləndirmiş ölkələrdir və hər iki dövlətdə avtoritar idarəçilik mövcuddur. ABŞ-ın Venesuelada həyata keçirdiyi əməliyyat və prezident Maduronun həbs edilərək ABŞ-yə aparılması müasir tarixdə yeni və presedent yaradan bir mərhələ kimi qiymətləndirilə bilər. Belə ki, artıq beynəlxalq hüquq və suverenlik anlayışları faktiki olaraq kənara qoyulur və bir ölkənin rəhbəri həbs edilərək ölkədən çıxarılır. Son dövrlərdə yayılan ehtimallardan biri də ondan ibarətdir ki, oxşar bir ssenari İranda da baş verə bilər. Bu iddialar Donald Trampın İran rəhbərliyinə ünvanladığı açıq mesajlarla əsaslandırılır.
Tramp bildirmişdi ki, əgər etirazçılara qarşı zorakılıq davam edərsə və ölümlər artarsa, ABŞ sərt addımlar atacaq. Bu kontekstdə Xameneinin də Maduronun taleyini yaşaya biləcəyi ehtimalları gündəmə gətirilir. Bundan başqa, İsrail tərəfinin də İranla bağlı müəyyən planlar hazırladığı və bu planların icra mərhələsinə yaxın olduğu barədə ehtimallar səsləndirilir.
Ümumilikdə görünən odur ki, İranda mövcud problemlərin əsas səbəbi ölkədəki siyasi rejim və onun başında dayanan şəxslə bağlıdır. Etiraz aksiyalarının formasından asılı olmayaraq, bu proseslərin rejimi ciddi şəkildə sarsıdacağı düşünülür. Xamenei və onun ətrafı İran cəmiyyətinin səsinə qulaq asmalı, müəyyən yumşalmalar və islahatlara getməlidir. Əks halda, bu etirazlar əvvəlki dövrlərlə müqayisədə daha radikal xarakter ala bilər. Eyni zamanda nəzərə almaq lazımdır ki, bu proseslərdə xarici maraqların və təsirlərin də rol oynaması istisna deyil. Bu isə müxtəlif və daha mürəkkəb ssenarilərin ortaya çıxmasına səbəb ola bilər.
Hətta yayılan iddialardan birinə görə, Xamenei özünə yaxın təxminən 20 nəfərlə birlikdə ölkəni tərk edərək Rusiyaya sığınmaq niyyətindədir. Bu məlumatların nə dərəcədə real olduğunu söyləmək çətin olsa da, onların ən azı psixoloji təsir məqsədi daşıdığı aydındır. Digər tərəfdən, qeyd etdiyimiz kimi, İranın siyasi elitasında parçalanmanın olduğu açıq şəkildə müşahidə edilir. Rejimin əsas fiqurlarından bəzilərinin ölkədən qaçmağa hazırlaşdığı, maliyyə vəsaitlərinin xaricə çıxarıldığı ilə bağlı iddialar və məlumatlar da yayılmaqdadır. Bütün bunlar onu göstərir ki, rejim üçün hazırkı dövr son dərəcə ciddi və həlledici bir sınaq mərhələsidir.
Düşünürəm ki, bu proseslər bu şəkildə davam edərsə, yaxın perspektivdə həm İran üçün, həm də şəxsən Xamenei üçün müsbət nəticələr vəd etmir. Hadisələrin gedişatı onu göstərir ki, etirazların sonunda Xameneinin ən azı hakimiyyətdən getməsi ehtimalı kifayət qədər yüksəkdir. Bu dəyişikliklər dərhal baş verməsə də, prosesin məhz bu istiqamətdə getdiyi açıq görünür. Artıq aydın sezilir ki, ABŞ və İsrail arasında bu mövzuda müəyyən anlaşma mövcuddur.
Hətta Trampın 12 günlük müharibə dövründə səsləndirdiyi fikirləri xatırlasaq, o bildirmişdi ki, Xameneinin harada olduğunu bilirlər və istəsələr, istənilən vaxt onu zərərsizləşdirə bilərlər, lakin hələlik bunu etmirlər.
Bu baxımdan, əgər İsrail və ABŞ tərəfindən İrana qarşı hər hansı bir hərbi əməliyyat başlanarsa, Xameneinin yerinin dəqiqləşdirilməsi və hədəfə alınması texniki baxımdan mümkün görünür.
Aytən Yaşar/ Turkustan.az