Yasamalın başçısı vətəndaş qəbulunu necə təşkil edir?


"10 dekabr 2025-ci ildə sakin kimi Yasamal Rayon İcra Hakimiyyətində vətəndaş qəbulunda oldum. Etiraf etməliyəm ki, bu qəbula kifayət qədər könülsüz getmişdim. Çünki indiyədək bir çox dövlət məmurları, xüsusilə də icra başçıları tərəfindən təşkil olunan vətəndaş qəbullarının formal xarakter daşıdığına, sadəcə, "göstəriş” naminə keçirildiyinə dəfələrlə şahid olmuşam. Lakin Yasamalın icra başçısı Elşad Həsənovun sədrliyi ilə keçirilən qəbul prosesi məni səmimi şəkildə təəccübləndirdi".

Bu sözləri “Reytinq” qəzetinə müraciətində jurnalist Aygün Paşayeva deyib.

Onun sözlərinə görə, qəbul zamanı Elşad Həsənov müraciət edən bütün vətəndaşların problemlərini sonadək səbrlə dinləyir, məsələlərin həlli üçün müvafiq tapşırıqlar verirdi.

"Xüsusilə nümunəvi məqam ondan ibarət idi ki, o, problemini izah edən heç bir vətəndaşın sözünü kəsmir, fikrini tam şəkildə ifadə etməsinə mane olmurdu. Onun vətəndaşı dinləmək mədəniyyəti və bacarığı yüksək səviyyədə idi”, - deyən A. Paşayeva əlavə edib ki, bir çox hallarda bəzi məmurlar vətəndaşların problemlərini həll etmək əvəzinə, onları yerli-yersiz söz kəsməklə fikrindən yayındırır, məsələnin mahiyyətindən uzaqlaşdırırlar.

A. Paşayeva qeyd edib ki, o, Yasamal Rayon İcra Hakimiyyətinə qəbul getdiyi gün digər vətəndaşların da şikayətləri dinlənilib: “Vətəndaşların şikayətlərinin ünvanı Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, TƏBİB olduğu halda, Elşad Həsənov əməkdaşlarına göstəriş verdi ki, vətəndaşlara maksimum dəstək göstərilsin".

Jurnalist daha sonra deyib:

"Yaxınlarım, qohumlarım və dostlarım - bir sözlə, məni tanıyan hər kəs yaxşı bilir ki, mən hər zaman yalnız həqiqəti yazmışam. Əgər mən də bəzi həmkarlarım kimi əsassız təriflərlə məşğul olsaydım, yəqin ki, müxtəlif imtiyazlara sahib olardım. Təsəvvür edin ki, adətən sözünü əsirgəməyən biri olaraq, qəbul zamanı öz problemimi izah edərkən həyəcanlandım, dilim dolaşdı. Gördüklərim bir anlıq mənə yuxu kimi gəldi: demək ki, ölkəmizdə vətəndaşı dinləməyi bacaran məmurlar da var imiş”.

A. Paşayeva qeyd edib ki, məmurları tənqid etmək məsələsində onda daha sərt mövqe sərgiləyən az tapılar: “Lakin görülən yaxşı işləri də təqdir etməkdə heç vaxt vicdansızlıq etməmişəm.

Unutmayaq ki, həqiqətin yolu sadəlikdən keçir. Sevilməyin yolu da məhz bu sadəlikdən keçir.

Əziz məmurlar, qəbulunuza gələn vətəndaşlara dəyər verin və onları dinləməyi bacarın".


MANŞET XƏBƏRLƏRİ