Ukraynasa sülh nə vaxt bərqərar olacaq?


Ukraynada müharibənin dayandırılması və sülhün bərqərar olunmasına yönəlik plan üzərində ABŞ-la birgə iş aparılır və bu plan hazırda Almaniyanın paytaxtı Berlində müzakirə olunur.

Turkustan.az-ın məlumatına görə, Almaniyanın "Berliner Zeitung" nəşri yazır ki, sözügedən planın yekunlaşdırılması ən tezi gələn ilin yaz aylarında gözlənilir.

Məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin Berlindəki səfəri zamanı gündəmdə təkcə Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar olmayıb. Silah tədarükü, maliyyə dəstəyi və ən əsası Ukrayna üçün sülh planı əsas müzakirə mövzuları sırasında yer alıb.

Hökumət dairələrinin bildirdiyinə görə, ABŞ-la birgə hazırlanan sülh planı artıq kifayət qədər irəliləmiş mərhələdədir. Lakin onun tam şəkildə razılaşdırılması və təqdim olunması bahardan əvvəl mümkün deyil. Almaniya və ABŞ hökumətləri planın hazırlanmasına birgə dəstək vermək barədə razılığa gəlib.

Eyni zamanda ABŞ və Almaniyanın bu prosesdə zəmanətçi rolunu üzərinə götürməsi də nəzərdə tutulur. Bununla belə, hələlik planın Kreml üçün real və cəlbedici olacağına dair açıq siqnallar yoxdur. Bu səbəbdən sənəd Ukrayna tərəfi ilə sıx koordinasiya şəraitində hazırlanır ki, “Qərbin diktəsi” kimi təqdim olunmasın. Planın əsas məqamlarının yaxın günlərdə Volodimir Zelenskiyə təqdim ediləcəyi gözlənilir.

Hazırda Almaniya Ukraynaya əsasən hərbi və maliyyə dəstəyi göstərir. Paralel olaraq, Berlinin ev sahibliyi etdiyi danışıqlarda ABŞ və Ukrayna nümayəndə heyətləri müharibənin başa çatdırılması strategiyasını müzakirə edir. ABŞ bu prosesdə Kiyev üçün əsas strateji tərəfdaş olaraq qalır.

Nəşr yazır ki, yaxın günlərdə aparılan danışıqların hansı nəticə verdiyi daha aydın görünəcək. /modern.az/


MANŞET XƏBƏRLƏRİ