Məşhur amerikalı rejissor Rob Reyner və həyat yoldaşı Mişel Reynerin cəsədlərinin evlərində tapılmasından sonra siyasət və incəsənət dünyasından bir çox tanınmış sima başsağlığı mesajları paylaşıb.
Turkustan.az xəbər verir ki, lakin ABŞ Prezidenti Donald Trampın paylaşdığı başsağlığı mesajı ölkə daxilində ciddi rezonans doğurub. Tramp mesajında Reyner cütlüyü ilə bağlı istehzalı ifadələr işlədərək, ölüm səbəbinin guya “Trampın Dəlilik Sindromu” olduğunu iddia edib və Reynerin ona qarşı “paranoyasının” administrasiyasının uğurları ilə artdığını bildirib.
Bazar günü günorta saatlarında Los-Ancelesin elit Brentvud məhəlləsindəki evlərində qətlə yetirilmiş vəziyyətdə tapılan Reyner cütlüyünün ölümü ABŞ ictimaiyyətində böyük şok yaradıb. 78 yaşlı Rob Reyner “Harri Salli ilə görüşəndə...” və “Şahzadə gəlin” kimi məşhur filmlərin rejissoru kimi tanınırdı, həyat yoldaşı Mişel isə 70 yaşında idi. Cütlüyün oğlu Nik Reyner qətldə şübhəli şəxs qismində saxlanılıb.
Cəmiyyətdə geniş başsağlığı mesajları yayılsa da, Trampın Truth Social platformasında paylaşdığı açıqlama sərt tənqidlərə səbəb olub.
Tramp paylaşımında bildirib ki, Rob Reynerin ölümünə səbəb “başqalarına qarşı yığılmış qəzəb” olub və bunu “Trampın Dəlilik Sindromu” adlandırdığı psixoloji vəziyyətlə əlaqələndirib. O, Reynerin Donald Trampa qarşı vəsvəsəsinin artdığını iddia edərək paylaşımını “Qoy Rob və Mişel rahat yatsınlar” sözləri ilə yekunlaşdırıb.
Aytən Yaşar/ Turkustan.az