Sabiq nazirin qızı haqda aktyordan inanılmaz iddia – Qalmaqal böyüyür


Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şuranın “Məhsəti” qısametrajlı filminin Bakı Film Festivalında nümayişinə qoyduğu qadağa birmənalı qarşılanmayıb. Rəsmi açıqlamada bildirilib ki, filmdə Məhsəti Gəncəvinin obrazı təhrif olunur, etik-normativ çərçivələr pozulur və şairənin ideya-mənəvi irsi ilə ziddiyyət təşkil edən səhnələrə yer verilir. Bu kontekstdə hüquqşünas Əkrəm Həsənovun şərhi də diqqət çəkib. O bildirib ki, söhbət tarixi şəxsiyyətərin həyatından getsə belə, bədii əsər müəllifin fantaziyasının məhsuludur.

Sitat: “Məsələn, “Babək” filmində Babəklə (Rasim Balayev) mərhum Cavidanın arvadı Zərnisə (Amaliya Pənahova) arasındakı erotik səhnədən sonra Zərnisə çıxıb xürrəmilərə deyir ki, Cavidan vəsiyyət etdi ki, məndən sonra rəhbəriniz Babəkdir. Yəni faktiki belə çıxır ki, Babək karyerasını yataq üzərindən qurubmuş. İndi nə edək: bu filmi də Babək üçün təhqir hesab edərək yasaqlayaq?”.

Filmə qoyulan qadağa nə dərəcədə doğrudur?

Globalinfo.az-a danışan kinorejissor Ayaz Salayev deyib ki, nümayiş olunmayan film haqqında fikir söyləmək doğru deyil:

Sabiq nazirin qızı haqda aktyordan inanılmaz iddia - Qalmaqal böyüyür
Ayaz Salayev

“Mən “Məhsəti” filminə baxmamışam. Ona görə də şifahi deyilənlər əsasında danışa bilmərəm”.

Aktyor Kamran Yunis bildirib ki, bu məsələ indi yaranmayıb, son 20-30 ildə tədricən dərinləşən bir problemdir:

“Azərbaycanın dəyərli filmləri, atalar sözləri, bayatıları və digər mədəni nümunələri müxtəlif şoularda, komedixanalarda, “Bozbaş Pikçers” kimi layihələrində təhrif edilərək qeyri-ciddi, yararsız formaya salınıb. Cəmiyyətin əxlaqi dəyərlərinin aşınması da məhz buradan başlayıb. Bu proses belə davam edərsə, bir neçə ildən sonra Nizami, Füzuli, Nəsimi, Xurşidbanu Natəvan və digər klassiklərimiz də məsxərəyə çevrilə bilər. Qadağa hər bir insanın vicdanında olmalıdır. Prinsip etibarilə məhdudiyyətlərin tərəfdarı olmasam da, görünür, bəzi insanlar üçün vicdan kifayət etmir. O qədər vicdansız insanlar var ki, onlara əxlaq polisi lazımdır. Elə kəslərə qadağa lazımdır, cəza kəsilməlidir”.

Sabiq nazirin qızı haqda aktyordan inanılmaz iddia - Qalmaqal böyüyür
Kamran Yunis

Aktyor qeyd edib ki, mədəniyyət adamlarının ailə üzvlərinin bu kimi xoşagəlməz nümunələri sərgiləməsi vəziyyəti daha da ağırlaşdırır.

“Elə sırf Əbülfəz Qarayevin qızı olduğu üçün bu qadağa lazım idi. Əgər o, sabiq nazirin qızı olaraq bu hərəkəti edirsə, görün, sıradan bir insan nələr edə bilər. Bu, hələ jurnalın üz qabığıdır, biz çox əxlaqsızlıqlar görəcəyik. Görünən odur ki, bu hallar təsadüfi deyil və haradansa təşkil olunur. Bu isə iyrənclikdir. Tariximizə, mədəniyyətimizə və mənəviyyatımıza uzanan bu əxlaqsızlıq əlləri kəsilməlidir. Əks halda, bu proses cəmiyyət üçün ciddi və xoşagəlməz fəsadlara yol açacaq”.

Qeyd edək ki, sözügedən filmin rejissoru və ssenari müəllifi sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qaradır.


MANŞET XƏBƏRLƏRİ