Problem, yoxsa fürsət: 400 minə yaxın azərbaycanlı Rusiyadan qayıda bilər


Son üç gündə Rusiyanın Novosibirsk vilayətinin məhkəmə orqanları Rusiyaya giriş və ya qalma qaydalarını pozan 97 əcnəbini deportasiya edib.

Onların arasında 7 nəfər Azərbaycan vətəndaşı da var. Məlumata görə, Özbəkistan (41), Tacikistan (29), Qırğızıstan (16) və Qazaxıstan (4) vətəndaşları ölkədən xaric olunub. Qanuna görə, onlar qərarın qüvvəyə mindiyi andan etibarən beş il ərzində Rusiyaya qayıda bilməyəcəklər.

Rusiyadan deportasiya kütləviləşərsə, azərbaycanlılar üçün hansı problemlər yarana bilər?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadı Natiq Cəfərli bildirib ki, hələlik bu proses kütləvi xarakter daşımır. O qeyd edib ki, deportasiyaya məruz qalanlar əsasən Rusiyada yaşamaq hüququ olmayan şəxslərdir:

“Hələlik bu proses kütləvi deyil. Əgər kütləvi hal alarsa, problemlər olacaq. Bu, birinci məsələdir. İkincisi, deportasiyaya məruz qalanlar əsasən Rusiyada yaşamaq hüququ olmayan şəxslərdir. Yəni Rusiya vətəndaşı olan soydaşlarımızın sayı daha çoxdur.

İş icazəsi alanların da sayı kifayət qədərdir. Söhbət hardasa 300-400 min nəfərə yaxın azərbaycanlıdan gedə bilər ki, onların iş icazəsinin müddəti bitib və ya ümumiyyətlə iş icazəsi almayıb. Bu kateqoriya ilə bağlı problem ola bilər və onların deportasiyası mümkündür”.

İqtisadçı hesab edir ki, bu vəziyyətdən qorxmaq əvəzinə onu fürsətə çevirmək lazımdır:

“Amma biz bundan niyə çəkinməliyik? Axı onlar azərbaycanlıdır və öz ölkələrinə qayıtmaq istəyəcəklərsə, lap yaxşı, qayıtsınlar. Burada problem nədən ibarətdir ki? Əksinə, hökumət bunu fürsətə çevirə bilər.

İşğaldan azad olunmuş torpaqlarımızın məskunlaşdırılmasında bu prosesi fürsət kimi dəyərləndirmək olar. Eyni zamanda, bu, iqtisadi aktivliyin artırılması üçün də real imkandır. Geri qayıdan insanların iş qurmasına şərait yaratmaqla iqtisadi artımı stimullaşdırmaq mümkündür”.

N.Cəfərli vurğulayıb ki, deportasiya mövzusunda qorxu nümayiş etdirmək Rusiyanın təzyiq imkanlarını artırar:

“Nə qədər ki, biz deportasiyadan qorxduğumuzu və ya çəkindiyimizi biruzə verəcəyik, Rusiya bunu təzyiq aləti kimi istifadə etməyə və bir o qədər üstümüzə gəlməyə davam edəcək.

Əgər biz bu məsələyə normal, hətta bir fürsət kimi yanaşsaq və onu fürsətə çevirə bilsək, Rusiya da bunu təzyiq vasitəsi kimi istifadə etməkdən vaz keçəcək”.


MANŞET XƏBƏRLƏRİ