“Tramp Marşrutu” dəhliz deyil, yoxlama olacaq - Rubinyan


“TRIPP və ya “Tramp Marşrutu” dəhliz statusunda olmayacaq”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan keçmiş işlər naziri Vardan Oskanyanın fikrini şərh edərkən deyib.

“Hər kəsin oxuya biləcəyi sənəd dərc olunub. Bu sənəd göstərir ki, burada heç bir dəhliz olmayacaq.

Son beş ildə əsas üç narahatlıq mövzusu olub: təhlükəsizliyi üçüncü ölkə təmin edəcəkmi, pasport və gömrük prosedurları olacaqmı, erməni sərhədçiləri fiziki olaraq yerdə olacaqmı? Bu sənəd açıq şəkildə göstərir ki, təhlükəsizliyi Ermənistanın müvafiq orqanları təmin edəcək, uyğun pasport və gömrük prosedurları olacaq, erməni sərhədçiləri və digər müvafiq qurumların nümayəndələri fiziki olaraq müvafiq keçid məntəqələrində olacaq. Hər şey Ermənistanın ərazi bütövlüyü, suverenliyi və hüququ çərçivəsində baş verəcək. Xüsusilə şübhəlilər üçün açıq şəkildə yazılıb ki, suveren funksiyalar ötürülməyəcək. Buna görə də burada heç bir dəhliz görmək mümkün deyil”, - o qeyd edib.

Rubinyan iddia edib ki, Ermənistanın TRIPP-də vacib məsələlərdə “veto” hüququ var və heç bir məsələ onun razılığı olmadan həll edilə bilməz.

Vardan Oskanyan bundan əvvəl söyləmişdi ki, TRIPP əslində bir dəhlizdir, bundan yalnız Azərbaycanla Türkiyə faydalanacaq. Onun sözlərinə görə, Ermənistan üstünlüyünü təmin etmək üçün şirkətdə ən azı 51 faiz pay almalı idi. Müvafiq sənəddə əksər payın ABŞ-yə məxsus olduğu şirkətin yaradılması nəzərdə tutulur. Şirkətdə ABŞ 74, Ermənistan isə 26 faiz paya sahib olacaq.

Ermənistan Baş naziri Nikol Paşinyan ötən həftə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında fəaliyyət göstərəcək “Tramp Marşrutu”nun maneəsiz fəaliyyət göstərəcəyini açıqlamışdı./teleqraf


MANŞET XƏBƏRLƏRİ