Norveçin baş naziri Trampın Nobel tənqidinə cavab verdi


Norveçin Baş naziri Jonas Gar Støre ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatı ilə bağlı açıqlamalarına cavab verib.

Turkustan.az xəbər verir ki, Store bildirib ki, Nobel Sülh Mükafatının verilməsi Norveç hökumətinin deyil, tam müstəqil Nobel Komitəsinin səlahiyyətindədir və bu məsələni Trampa dəfələrlə açıq şəkildə izah edib. Onun sözlərinə görə, bu fakt hamıya məlumdur.

Norveçin VG qəzeti Storenin Trampdan mesaj aldığını təsdiqlədiyini yazıb. Məlumata görə, mesaj ABŞ-ın Qrenlandiya məsələsinə görə səkkiz Avropa ölkəsinə əlavə tariflər tətbiq etməsi qərarına verilən reaksiyadan sonra göndərilib.

Støre həmçinin Finlandiya Prezidenti Aleksandr Stubb ilə birlikdə gərginliyin azaldılmasına çağırdıqlarını və Trampla telefon danışığı tələb etdiklərini bildirib. O qeyd edib ki, Trampın mesajı bu telefon danışığı tələbindən qısa müddət sonra gəlib.

Baş nazir Norveçin Qrenlandiya ilə bağlı mövqeyinin dəyişmədiyini vurğulayaraq bildirib ki, Qrenlandiya Danimarka Krallığının tərkib hissəsidir və Norveç bu məsələdə Danimarkanı dəstəkləyir. Støre əlavə edib ki, Norveç NATO-nun Arktikada təhlükəsizlik və sabitliyi gücləndirməyə yönəlmiş fəaliyyətlərini də dəstəkləyir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ