Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzinin birgə təşkilatçılığı ilə 26 noyabr - Ümumdünya İnformasiya Gününə həsr olunmuş “Rəqəmsal cəmiyyətdə informasiya azadlığı: beynəlxalq və milli hüquq kontekstində” mövzusunda məlumat sessiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində keçirilən tədbirdə Ombudsman aparatının, ictimai birliyin, informasiya sahibi olan dövlət orqanlarının əməkdaşları, həmçinin media nümayəndələri iştirak edib.
Ombudsman aparatının şöbə müdiri Vahidə Bayramova və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Cavid Mustafayev çıxış edərək, rəqəmsal mühitdə informasiya azadlığının təmin olunmasının insan hüquqlarının müdafiəsi baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb, bu məqsədlə təşkil olunan məlumat sessiyasının müasir hüquqi çağırışlara cavab vermək və ictimai maarifləndirməni gücləndirmək baxımından mühüm rol oynadığını qeyd ediblər.
Sonra Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzinin sədri Esmira Tağıyeva çıxış edərək, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası"nın əhəmiyyətini vurğulayıb, həmçinin informasiya azadlığının beynəlxalq və milli hüquq normalarında tənzimlənməsi, bu azadlığın ifadə hüququ, şəxsi həyatın toxunulmazlığı və məlumatların qorunması ilə əlaqəsi barədə məlumat verib.
Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



