Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiyanın hücumları və mülki şəxslərin ölümləri fonunda "normal hərəkət etdiyi" barədə açıqlamasını Ukrayna üçün ağrılı qarşılayıb.
Turkustan.az xəbər verir ki, dövlət başçısı bu barədə "CNN" telekanalına müsahibəsində bildirib. O, aparıcının xahişi ilə Trampın oktyabr ayında Xarkovdakı parkda bir müəllimə və onun biryaşlı qızının həlak olmasından cəmi bir neçə saat sonra verdiyi bəyanatı şərh edərkən deyib:
"Düzgün sözləri tapmaq çətindir. Düzünü desəm, Prezident istədiyini deyə və bunu xalqı ilə bölüşə bilər. Amma bu, hamımız üçün çox ağrılıdır."
Zelenski vurğulayıb ki, Ukrayna dünyanın ən böyük ölkəsinin rəhbərindən, azadlığın güclü müdafiəçisindən fərqli sözlər eşitmək istəyir:
"Biz azadlıq uğrunda mübarizə aparırıq və onun yolunda canımızdan keçirik – əsgərlərimiz, mülki vətəndaşlarımız, sadə insanlarımız, müəllimlərimiz və uşaqlarımız".
Aytən Yaşar/ Turkustan.az