“Tanklarımız Bakıya girəcək” deyən məşhur erməni kim idi? - VİDEO


İkinci Qarabağ müharibəsi ərəfəsində bəzi ermənilər Azərbaycanı təhdid edirdilər. Onlar deyirdilər ki, Azərbaycan Qarabağı işğaldan azad etməyə qalxsa, erməni tankları Bakı küçələrində olacaq, özləri isə Bakıda çay içəcəklər.

Bu cür “cəsarətli” bəyanatlar verənlər başında tanınmış erməni rejissor, Birinci Qarabağ müharibəsinin iştirakçısı Arşak Zakaryan gəlirdi. Məhz o, 2016-cı ilin Aprel döyüşlərindən sonra işğal altındakı torpaqlarımızda çəkdirdiyi videoda azərbaycanlıları aşağılamağa çalışaraq, müharibə başlasa, Bakıya kimi gələcəklərini söyləmişdi.

Zakaryan və digər özündənrazı ermənilər o zaman bu sözləri deyəndə elə düşünürdülər ki, “Bakıya gəliş planı” xəritə üzərindəki bir oyun kimi asandır. Amma İkinci Qarabağ müharibəsi sübut etdi ki, xəritə ilə gerçəklik tamam fərqli şeylərdir!

Ötən həftə - noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsindəki Qələbənin 5-ci ildönümünə həsr olunmuş Hərbi paradda çıxış edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də bu məsələni xatırladaraq revanşistələrə öz mesajını verdi:

“İkinci Qarabağ müharibəsi ərəfəsində daha da azğınlaşmışdı, bizə qarşı yeni ərazi iddiaları ilə çıxış etməyə başlamışdılar. Onlar bizi yeni müharibə ilə hədələyirdilər. Hətta deyirdilər ki, yeni torpaqlar uğrunda yeni müharibə aparacaqlar və Azərbaycanı tam işğal edəcəklər. Deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq. Deyirdilər ki, onlar Bakıda çay içəcəklər. Əslində, onların bu arzuları həyata keçdi. Onları biz gerçəkləşdirdik. Onların tankları bu gün Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları bu gün Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər”.

Azərbaycan Prezidentinin dediyi kimi, işğalçıların “Bakıya gəlmək arzusu” gerçəkləşdi, amma bir fərqlə. Erməni tankları Bakıya vurulmuş, tırtılsız, lüləsiz və Azərbaycan Ordusunun qələbəsinin nişanəsi kimi gətirildi! İndi onlar Bakıdakı Hərbi Qənimətlər Parkında eksponat kimi yerləşdiriliblər.

Yaxın tarixdə Azərbaycanı təhdid edən, işğalçı ambisiyasını ortaya qoyan və Bakının belə işğal ediləcəyi ilə bağlı sərsəm açıqlamalar verən Ruben Vardanyan, Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan kimilər isə doğrudan da bu gün paytaxtımızda çay içirlər. Sadəcə fərqli mənzərə ilə - istintaq təcridxanasında, dəmir barmaqlıqlar arxasında, Azərbaycanın qanunları qarşısında.

Məlumata görə, erməni jurnalistlər bu günlərdə rekissor Arşak Zakaryanı axtarıb taparaq onu yenidən danışdırmaq istəsələr də, cavab ala bilməyiblər.

“Tanklarımız Bakıya girəcək deyən” Arşak Zakaryan susub, Bakıda keçirlən Zəfər paradına münasibət bildirmək istəməyib. İşğal dövründə “Ermənistanın Milli Qvardiyası” adlı ictimai təşkilat yaradan Zakaryan Qarabağa həmişəlik sahibləndiklərini düşünməklə səhv etdiyini indi anlayıb.

Xatırladaq ki, Arşak Zakaryan Kəlbəcər işğal altında olarkən orada restoran - istirahət mərkəzi tikmiş, böyük biznes quraraq 30 il ərzində külli miqdarda qazanc əldə etmişdi. Videosunda yol nişanını göstərib Azərbaycanı hədələyən, “bu torpaqlar bizimdir, Bakını da alacağıq” deyən Zakaryan Kəlbəcər işğaldan azad olunanda aciz duruma düşən arvad kimi ağlamışdı.


MANŞET XƏBƏRLƏRİ