Azərbaycanın müasir siyasi tarixində adı mübahisələr və intriqalarla çəkilən Ramiz Mehdiyev haqqında bu gün yeni bir səhifə yazılır.
Vaxtilə dövlətin ən yüksək pillələrində qərarlaşan, uzun illər ölkənin ideoloji istiqamətini müəyyən edən bir şəxsin taleyi indi ədalət müstəvisində dəyərləndirilir. Onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Bu xəbər fonunda isə illərdir Ramiz Mehdiyevlə açıq mübarizə aparan vəkil Aslan İsmayılovun Bakıvaxtı.az-a açıqlaması bəzi prosesləri yenidən gündəmə gətirib.
Aslanov bildirib ki, Mehdiyevlə onun "savaşı" hələ 1994-cü ildən başlayıb və o vaxtdan bəri baş verənlərin hamısını bir-bir açıqlayacaq:
“Ona yaltaqlıq edənlər kimi yox, Ramiz Mehdiyevin klanından olan hər kəsin adlarını açıqlayacağam. Onun əleyhinə yazanların çoxu əvvəllər ona yaltaqlıq edənlərdir”.
Həmsöhbətimiz həmçinin bildirib ki, bu gün ev dustaqlığına məhkum edilən və minlərlə vətənə xidmət edən insanın həyatını cəhənnəmə çevirən bu şəxsə can sağlığı arzulayır:
"Məqsəd onun və ona xidmət edənlərin adlarını açıq şəkildə söyləyə bilməsi, illərlə xalqın çörəyini yeyib ona düşmənçilik edənlərin üzə çıxmasıdır".