Bakıda taksilərlə bağlı qadağa narazılıq yaratdı – Rəsmi cavab


Heydər Əliyev Beynəlxalq Aeroportunda “taksi irqçiliyi” müşahidə edilir. Belə ki, hava limanı ərazisində olan sərnişinlər ya “Bolt” tətbiqindən “Bolt Aeroport” seçimini edə, ya da dayanacaqdakı “London taksiləri”nə minə bilirlər. Sərnişinlər bildirirlər ki, artıq tətbiqlər vasitəsilə sifariş etmək mümkün olmur. Taksilərə qoyulan bu qadağadan sonra aeroportda sərnişin sıxlığını əks etdirən görüntülər də yayılıb.

Hava limanı ərazisinə yalnız müəyyən taksi şirkətlərinin buraxılması insan haqları və azad seçim hüququnun pozulması kimi qiymətləndirilə bilər? Bu, azad rəqabət prinsiplərinə ziddirmi?

Globalinfo.az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, hazırda hava limanına bəzi taksi şirkətlərinin buraxılmaması və ya fəaliyyətinin məhdudlaşdırılması böyük problemdir:

nov

Novella Cəfəroğlu

“Nəticədə, gediş haqları 29 manatdan aşağı deyil. Bu vəziyyət birbaşa vətəndaşların azad seçim və hərəkət hüququnun məhdudlaşdırılması deməkdir. Sərnişinlər yalnız əllərində yükləri ilə şlaqbaumadək gedib seçdikləri taksiyə oradan minə bilirlər. Çünki onlar dayanacaqlara buraxılmırlar. Vətəndaşlara məsələnin həlli üçün Ombudsmana, hətta Prezidentə müraciət etmələrini tövsiyə edirəm”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bu hal istehlakçıların inzibati üsullarla seçim hüququnun məhdudlaşdırılması deməkdir:

eyyub

Eyyub Hüseynov

“Bu, azad bazar prinsiplərinə ziddir və rəqabət mühitinin inzibati yolla pozulmasına cəhddir və yolverilməzdir. Ombudsmanın bu məsələ ilə bağlı monitorinq aparması müsbət haldır. Belə tədbirlərin bazarın digər seqmentlərində də olması vacibdir. Mən istehlakçı hüquqlarının pozulmasına dair fikirlərimi Ombudsman Aparatına da təqdim etmişəm, çünki bu problemlər bazarın müxtəlif sahələrində müşahidə olunur. Bəzi sahələrdə aqressiv reklamlar gedir, istehlakçılar aldadılır. Ümumilikdə, Azərbaycan bazarı hazırda qeyri-sağlam balans vəziyyətindədir.

Bu ilin fevralında İqtisadiyyat Nazirliyinin tərkibində olan Antiinhisar və Bazara Nəzarət Dövlət Xidməti ölkə başçısının fərmanı ilə Prezident Administrasiyasına tabe quruma çevrilsə də, onun fəaliyyəti effektiv deyil. Bu baxımdan, Ombudsmanın bazarda istehlakçı hüquqlarının qorunması istiqamətində aktivliyi mühüm əhəmiyyət daşıyır və bu sahədə ciddi dəyişikliklərə təkan verə bilər”.

Globalinfo.az məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb.

Qurumun Media ilə əlaqələr şöbəsinin müdiri Tural Orucov qeyd edib ki, hazırda hava limanında taksi fəaliyyəti üzrə 5 operator xidmət göstərir:

“Bakı Taxi, 189, Bolt, Yango və Uber taksi şirkətləri bu siyahıya daxildir”.

Mövzu ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportuna da sorğu ünvanlasaq da, yazı dərc olunanadək hər hansı cavab ala bilməmişik.

⚡️Hava limanında taksilərə qoyulan qadağadan sonra yaranmış vəziyyət

Posted by Buta.tv on Wednesday, October 8, 2025


MANŞET XƏBƏRLƏRİ