Əliyevin zəngi Rusiyada rezonans doğurdu: Bakı-Moskva münasibətlərində buzlar əriyir? - ŞƏRH


7 oktyabr tarixində 73 yaşını qeyd edən Rusiya Prezidenti Vladimir Putinə dünyanın müxtəlif liderlərindən təbriklər gəlsə də, Azərbaycan Prezidentinin ünvanladığı mesaj Rusiyada xüsusi diqqətlə qarşılandı.

İlham Əliyev təbrikində Rusiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin gələcəkdə də inkişaf edəcəyinə ümidini ifadə edib.

Xatırladaq ki, son dövrlər Rusiya ilə Azərbaycan arasında münasibətlərdə müəyyən soyuqluq müşahidə olunur. Xüsusilə 2023-cü ilin sonlarından etibarən Qərbi Zəngəzur dəhlizi, Rusiya sülhməramlılarının fəaliyyəti və informasiya müharibəsi ilə bağlı gərginliklər diplomatik ritorikaya da təsir edib.

Maraqlıdır görəsən, bu zəng iki ölkə arasındakı buzların əriməsinə işarədirmi? Turkustan.az olaraq bu sualı politoloq Züriyə Qarayevaya ünvanladıq.

Azərbaycan, Türkiyə və Pakistan arasında 3 müasir mövzuda əməkdaşlıq  başladı... - Baki-Xeber.com

Züriyə Qarayeva

Prezident İlham Əliyevin Vladimir Putinə ad günü münasibətilə etdiyi zəng son günlərin ən çox müzakirə olunan siyasi hadisələrindən birinə çevrildi. Bu, ilk baxışda sadə bir diplomatik nəzakət jesti təsiri bağışlasa da, əslində Azərbaycan-Rusiya münasibətlərində yeni tonun yaranmasına işarə idi. Son aylarda iki ölkə arasında müşahidə olunan gərgin fon – informasiya qarşıdurması, bəzi media orqanlarının fəaliyyətinin məhdudlaşdırılması, siyasi ritorikanın sərtləşməsi – bu zəngi daha da diqqətəlayiq etdi.

Bu zəng Bakının Moskva ilə münasibətləri tam qoparmaq niyyətində olmadığını göstərir. Azərbaycan balanslaşdırılmış xarici siyasət kursunu qorumağa çalışaraq, həm Qərb, həm də Rusiya ilə dialoqun davam etdirilməsində maraqlıdır. Putinə edilən zəng bir növ “ünsiyyət qapısı”nın hələ də açıq olduğunu göstərdi.

Eyni zamanda, bu hadisəni “buzların əriməsi” kimi qiymətləndirmək hələ tezdir. İkitərəfli münasibətlərdə əsas gərginlik yaradan məsələlər – regional təsir dairələri, enerji siyasətində rəqabət və informasiya müharibəsi – hələ aradan qalxmayıb. Buna baxmayaraq, bu addım diplomatik soyuqluğun daha da dərinləşməsinə imkan verməmək məqsədi daşıyır.

Nəticə etibarilə, Əliyevin zəngi simvolik olsa da, çoxqatlı siyasi məna kəsb edir. Bu, nə tam barış jestidir, nə də sadəcə formal təbrik. Zəng Azərbaycanın müstəqil, lakin realist xarici siyasətinin davamı kimi, Rusiya ilə münasibətlərdə dialoqun tam kəsilməməsi və yeni mərhələyə keçid üçün ehtiyatlı diplomatik siqnal kimi dəyərləndirilə bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ