İranda məcburi hicabın ləğvi: Pezeşkian yeni tarixi dövr başladır? - ŞƏRH


İranda hicabın qadağan olunması ilə bağlı yayılan məlumatlar ölkədə geniş ictimai və siyasi rezonansa səbəb olub. İllərlə məcburi hicab qanunları ilə tanınan İran üçün bu iddialar ölkənin sosial və dini dəyərləri baxımından ciddi dəyişikliklərin başlanğıcı kimi qiymətləndirilir.

Mümkün qadağanın cəmiyyətdə hansı reaksiyalara yol aça biləcəyi, həmçinin hökumətin bu məsələyə yanaşması regionda və beynəlxalq aləmdə diqqətlə izlənir.

Maraqlıdır, görəsən, İranda yeni tarixi dövr başlayır? Pezeşkian bu dəyişikliyi reallaşdıra biləcək? Turkustan.az olaraq bu sualları politoloq Oqtay Qasımova ünvanladıq.

Oqtay Qasımov

Oqtay Qasımov

İranda hicabla bağlı qərarın verilməsi, ilk baxışda müsbət bir addım kimi dəyərləndirilsə də, bu qərarın ölkədə köklü dəyişikliklərə səbəb olacağını demək çətindir. Çünki bu qərarın əsas məqsədi cəmiyyətdə gərginliyi azaltmaq və rejimin daxili təzyiqləri yumşaltmaqdır. İran rejimi öz mahiyyətinə görə çevik və vəziyyətlərdən maksimum şəkildə faydalanmağı bacaran bir sistemdir. Belə ki, yaranmış sosial-siyasi böhranlardan öz xeyrinə istifadə etmək üçün hər zaman müəyyən addımlar atır və bir çox hallarda bu taktika ona müvəqqəti də olsa, uğur gətirir.

Doğrudur, hicabla bağlı qadağanın yumşaldılması zahirən müsbət hadisə təsiri bağışlayır. Amma nəzərə almaq lazımdır ki, bu məsələ əslində 2023-cü ildə başlanan etiraz aksiyalarından sonra faktiki olaraq dəyişməyə başlamışdı. Həmin etirazlardan sonra İranda hicabla bağlı məhdudiyyətlərin bir çoxu real həyatda artıq pozulurdu və bu vəziyyətin geniş vüsət alması rejimi müəyyən qədər geri addım atmağa məcbur etdi. Lakin bu qərar İran rejiminin mahiyyətcə islah olunması, yaxud onun siyasi ideologiyasının və dünyagörüşünün köklü şəkildə dəyişməsi anlamına gəlmir.

Bu vəziyyəti təxminən 40 il əvvəl Sovetlər Birliyində həyata keçirilən “yenidənqurma” və “aşkarlıq” siyasəti ilə müqayisə etmək olar. O zaman da Sovet rəhbərliyi köklü islahatlar aparmaq əvəzinə, yalnız formal dəyişikliklərlə böhranı aradan qaldırmağa çalışırdı. Amma nəticədə sistemin əsas problemləri — insan haqlarının tapdanması, milli məsələlərdə ədalətsizlik, avtoritar idarəçilik və mülkiyyət hüququnun məhdudluğu kimi məsələlər — həll olunmadı.

İranda da vəziyyət fərqli deyil. Cəmiyyətin ən aktual problemi hicab məsələsi deyil. Əhalini daha çox sosial-iqtisadi çətinliklər narahat edir. Enerji sektorundakı böhran, içməli su və elektrik enerjisi ilə bağlı fasilələr, qiymət artımları və işsizlik kimi problemlər zaman-zaman ölkədə etirazlara səbəb olur. Bundan başqa, ədalət sisteminin qeyri-şəffaflığı və sərt repressiv idarəetmə də İranın əsas problemlərindən biridir. Üstəlik, ölkənin beynəlxalq sanksiyalar və təzyiqlər altında qalması da insanların gündəlik həyatına ciddi təsir göstərir.

İranda həllini gözləyən daha vacib məsələlər — qonşu ölkələrlə normal münasibətlərin qurulması, teokratik idarəçiliyin sərt çərçivələrinin yumşaldılması və xalqın hüquq və azadlıqlarının beynəlxalq standartlara uyğun təmin olunmasıdır.

Ona görə də hicabla bağlı qərar, görünüşcə müsbət addım olsa da, rejimin mahiyyətcə dəyişdiyini göstərmir. İranda real islahatların baş verməsi üçün daha dərin və sistemli dəyişikliklərə ehtiyac var. Çünki hazırda cəmiyyətin müxtəlif təbəqələrində, xüsusən də hakim dairələrdə kök salmış sərt ideoloji düşüncə bu cür islahatların qarşısında ən böyük maneə olaraq qalır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ