Xəbər verdiyimiz kimi, ötən gecə Alyaskada ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında görüş olub. Görüş öncəsi Ağ Ev Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Trampın Alyaskada keçirilən görüşünü “tarixi” adlandırıb.
Bu barədə Ağ Evin rəsmi "X" hesabında paylaşım edilib.
Trampla Putinin təyyarədən endikdən sonra birlikdə avtomobilə doğru hərəkət etdikləri andan şəkil paylaşan Ağ Ev fotoya "tarixi" şərhini əlavə edib.
Qeyd edək ki, Rusiya və ABŞ liderlərinin görüşü Bakı vaxtı ilə saat 23:30-da başlayıb.
Görüş mətbuata qapalı keçirilib.
Bizim.Media Alyaska görüşündən yaddaqalan maraqlı məqamlarla bağlı araşdırma aparıb.
Görüşdən öncə prezidentlər fotoqraflara poz verərkən xanım jurnalist uca səslə Putindən “Ukraynada dinc insanları qətlə yetirməyi nə zaman dayandıracaqsınız” deyə sual verib.
Putin sualı qulaqardına vurmağa çalışsa da, jurnalist daha yüksəkdən sualını təkrarlayıb.
Bu zaman Putin əli ilə qulağını göstərərək sualı eşitmədiyinə işarə edib və gülümsəyib.
Tramp isə əyilərək ona nəsə deyib, bundan sonra ikisi də avtomobilə doğru hərəkət ediblər.
Görüşdə kimlər iştirak edib?
Prezidentlər arasında görüş Elmendorf-Riçardson hərbi bazasındakı otaqlardan birində keçirilib.
Görüşdə ABŞ tərəfindən dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff, Rusiya tərəfindən isə prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov iştirak edib.
Qeyd edək ki, Putin və Tramp danışıqların əvvəlində mətbuata hər hansı şərh verməkdən çəkinib və medianın suallarını cavablandırmayıb.
Putin və Trampın danışıqları zalda xaosla başlayıb.
Jurnalistlər çıxarılmazdan əvvəl zalda dəhşətli gurultu olub. Reportyorlar qışqırır, görüşün başlanmasına mane olmağa çalışıblar.
Vəziyyəti mühafizə xidmətinin əməkdaşı sakitləşdirib və ucadan “Hamı zalı tərk etsin!” deyə tələb edib. “Fox News"un aparıcısı baş verənləri “mətbuatla bağlı xaotik vəziyyət” kimi təsvir edib.
Görüş 3 saatdan çox davam edib.
Dar çərçivəli görüş başa çatdıqdan sonra liderlər mətbuat konfransında çıxış ediblər.
Prezidentlər sinxron tərcümə vasitəsilə anlaşıblar. Putin Trampla danışıqların konstruktiv və faydalı keçdiyini bildirib. O qeyd edib ki, ABŞ-li həmkarı ilə çox yaxşı birbaşa əlaqələri var.
"Yeri gəlmişkən, ABŞ-ın yeni administrasiyasının gəlişi ilə ikitərəfli ticarət artmağa başlayıb.
Bütün bunlar simvolik xarakter daşıyır, lakin yenə də 20 faiz artımdan söhbət gedir. Mən deyirəm ki, bizim birgə fəaliyyət üçün çox maraqlı sahələrimiz var", - Rusiya prezidenti qeyd edib.
Putin həmçinin deyib ki, Donald Tramp ABŞ prezidenti olsaydı, müharibədən yayınmaq olardı.
Rusiya Prezidentinin sözlərinə görə, üç saata yaxın davam edən dar formatlı görüşdə tərəflər geniş spektrli məsələləri, o cümlədən Rusiya-Ukrayna münaqişəsinin həlli yollarını müzakirə ediblər.
Mətbuat konfransında ABŞ Prezidenti Donald Tramp deyib ki, Vladimir Putinlə çox məhsuldar görüşümüz oldu:
"Məncə, çox məhsuldar görüşümüz oldu. Razılaşdığımız çox, çox sayda məqamlar var idi (Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı - red.). Bir neçə böyük məsələ var ki, hələ tam razılığa gəlməmişik, lakin müəyyən irəliləyiş əldə etmişik".
"Razılaşma yoxdur. Bir az sonra NATO-ya zəng edəcəyəm. Münasib hesab etdiyim müxtəlif şəxslərə və əlbəttə ki, Prezident Zelenskiyə zəng edib bugünkü görüş haqqında məlumat verəcəyəm", - ABŞ lideri əlavə edib.
Mətbuat konfransı zamanı Putin Donald Trampı Moskvaya səfərə dəvət edib.
"Yəqin ki, məni qınayacaqlar, amma düşünürəm ki, bu tamamilə mümkündür", - deyə Tramp cavab verib.
Donald Trampın qısa çıxışından sonra mətbuat konfransı başa çatıb.
Melania Trampın məktubu
Görüşdə daha bir maraqlı məqam o olub ki, ABŞ Prezidenti Donald Tramp Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı ona həyat yoldaşı Melania Trampdan məktub çatdırıb.
Mənbələrin məktubun məzmununu detallı açıqlamasalar da, onun Ukraynadakı münaqişə zamanı qaçırılan uşaqlar barədə olduğu qeyd olunub.
Qeyd edək ki, Melania Tramp özü səfər zamanı həyat yoldaşını müşayiət etməyib.