Medvedev: İndi məsuliyyət artıq Kiyev və Avropanın üzərinə düşür


Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Alyaskada keçirilən sammitlə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, o, Telegram hesabında verdiyi açıqlamada Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın Alyaskada keçirdiyi sammitin ilk nəticələrini dəyərləndirib.

Rusiya ilə ABŞ arasında ən yüksək səviyyədə tam hüquqlu danışıqlar mexanizminin yenidən qurulduğunu vurğulayan Medvedev bunun ultimatum və təhdid olmadan sakit şəkildə baş verdiyini bildirib.

Medvedev Putinin Moskvanın Ukrayna münaqişəsinə son qoymaq şərtlərini Trampa şəxsən və ətraflı izah etdiyini bildirib və təxminən üç saatlıq görüşdən sonra Trampın “ən azı indilik” Rusiyaya təzyiqi artırmaqdan imtina etdiyinə diqqət çəkib.

Medvedev vurğulayıb ki, iki liderin görüşü sübut etdi ki, Ukraynada eyni vaxtda “xüsusi hərbi əməliyyat” aparılarkən ilkin şərt olmadan danışıqlar aparıla bilər. O əlavə edib: "Ən əsası, hər iki tərəf hərbi əməliyyatlara son qoymaq üçün danışıqlarda gələcək nəticələrin əldə edilməsi üçün məsuliyyəti birbaşa Kiyev və Avropanın üzərinə qoydu".

Dünən ABŞ-ın Alyaska ştatında Tramp və Putin təxminən üç saat görüşüb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ