“Rusiya tərəfi müxtəlif səbəblərdən Azərbaycana qarşı hər hansı hərbi və güc tədbirlərinin həyata keçirilməsinin tamamilə mümkün olmadığını dərk edərək “proksi” təsir taktikasını seçib”.
Turkustan.az xəbər verir ki, bu açıqlama ilə Azərbaycanın keçmiş Xarici işlər naziri Tofiq Zülfüqarov çıxış edib.
O, qeyd edib ki, Rusiyanın fəaliyyətlərin əsas istiqamətləri bunlardır:
- Rusiyada Azərbaycan diasporuna təzyiq;
- İri Azərbaycan-rus, Azərbaycan-yəhudi biznesinə təzyiq (yerli “ortaq”ların iştirakı olmadan sırf azərbaycanlılara məxsus iri biznes faktiki olaraq mümkün deyil);
- Azərbaycanın ixrac potensialına qarşı diversiya cəhdləri;
- Media, dövlət internet şəbəkələri və resurslarına hücumlar, onların bloklanması məqsədilə;
- Xüsusi təbliğat (şayiələrin, yalan məlumatların, rəsmi resursların loqotipləri ilə maskalanmış feyklərin yayılması və s.).
Zülfüqarovun fikrincə Rusiyanın xüsusi təbliğatının əsas hədəfi ictimai rəydir:
“Mövcud vəziyyətin spesifikasına görə bizim cəmiyyət üçün əsas birləşdirici amil – ölkəsinin suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş çoxmillətli Qalib xalq olma duyğusudur.
Bu, vətəndaşlıq kimliyimizin əsasını təşkil edən amildir və məqsədyönlü informasiya hücumlarına məruz qalacaq. Son nümunə kimi “Qərbi Azərbaycan” icmasının “ləğvi” barədə feyk və ya kompensasiyalardan imtina ilə bağlı yayılan şayiələri göstərmək olar.
Odur ki, ayıq-sayıq olmaq lazımdır, Müdafiə Nazirliyinin və informasiya hücumlarına qarşı mübarizə aparan digər media resurslarının materiallarını daha çox paylaşın”./yenisabah.az