2025-in savaş gündəliyi: Dünyanın dörd bir yanında MÜHARİBƏ - SİYAHI


2025-ci ilin yarısı tamamlanmaq üzrədir. İlin ilk altı ayı dünyanın müxtəlif nöqtələrində qanlı toqquşmalar, raket zərbələri, dron hücumları və hərbi əməliyyatlarla yadda qalıb.

İrili-xırdalı münaqişələrdə minlərlə insan həlak olub, on minlərlə insan didərgin düşüb. Təkcə son bir ayda Yaxın Şərqdə və Avrasiya bölgəsində baş verən hadisələr qlobal sabitlik üçün ciddi təhlükə yaradıb.

İsrail–İran: Səhər saatlarında başlayan toqquşma

İyunun 13-də İsrailin “Am Kelavi” (Aslan kimi millət) adı altında İran ərazisinə start verdiyi kütləvi hava hücumu 2025-ci ilin ən səs-küylü münaqişələrindən birinə çevirilib. F-35I "Adir" və digər qırıcılarla həyata keçirilən zərbələrdə İranın nüvə obyektləri, hərbi bunkerləri və komandir heyəti hədəfə alınıb. İsrailin zərbələri nəticəsində İran İnqilab Keşikçilərinin 20-dən çox yüksək rütbəli komandiri öldürülüb.

Tehran bu hücuma cavab əməliyyatı ilə qarşılıq verib. İran 100-dən çox ballistik raket və kamikadze dronla İsrailin hərbi bazalarını və enerji infrastrukturlarını hədəfə alıb. Hər iki tərəf onlarla ölən və yüzlərlə yaralanan olduğunu rəsmən təsdiqləyib. İsrailin "Iron Dome" sistemi hücumların bir hissəsini zərərsizləşdirsə də, Tel-Əviv və Hayfada bir neçə yaşayış binası dağılıb.

Rusiya–Ukrayna: Cəbhə dəyişmir, raketlər susmur

Ukraynada müharibə artıq dördüncü ilinə daxil olub. 2025-ci ilin ilk aylarından etibarən Rusiya Donetsk vilayətində yeni hücum dalğalarına başlayıb. Ukrayna ordusu ABŞ və Aİ-nin verdiyi uzaqmənzilli raketlər və hava hücumundan müdafiə sistemləri ilə cavab verib.

İl ərzində müharibə cəbhəsində ən diqqətçəkən əməliyyat Ukraynanın yüzlərlə dronlarla Rusiyanın aerodromlarına etdiyi hücumdur. "Hörümçək toru" adlanan əməliyyat nəticəsində Rusiyanın 40-dan çox hərbi təyyarəsi sıradan çıxarılıb. Zədələnən təyyarələr arasında strateji əhəmiyyətə malik A-50 radiolokasiya təyyarələri, həmçinin Tu-95 və Tu-22M3 bombardmançıları da var.

İsrail-HƏMAS - Qəzza müharibəsi davam edir

2025-ci ilin ilk yarısında Qəzzada vəziyyət gərgin olaraq qalıb. Atəşkəsin pozulmasından sonra İsrail Hərbi Hava Qüvvələri Qəzzanı yenidən bombalayıb. Anklavda ilk 6 ayda yüzlələ insan həlak olub. Beynəlxalq təşkilatlar və Qəzza Səhiyyə Nazirliyi davam edən hücumları “humanitar fəlakət” olaraq qiymətləndirərək dərhal atəşkəs çağırışı edir.

Pakistan–Hindistan: İki nüvə dövləti qarşı-qarşıya

May ayında Kəşmir bölgəsində Pakistan və Hindistan qoşunları arasında artan atışmalar diqqət çəkib. 2025-ci ilin aprelinin ortalarında Pahalqomda 26 turistin qətlə yetirildiyi terror aktından sonra Hindistan hadisəyə görə Pakistanı ittiham edib. Mayın 7-də Hindistan “Sindoor” əməliyyatı adı altında 9 strateji hədəfə qarşı raket və pilotsuz uçuş aparatları ilə hücum həyata keçirib. Pakistanın cavab tədbiri olaraq 11 mayadək davam edən həmlələrdə Hindistanı geri otuzdurub. Pakistan Hindistanın "Rafale" və MiG‑29 təyyarələrini məhv edib. 10 may 2025-ci il tarixində ABŞ-ın vasitəçiliyi ilə sazişə əsaslanan atəşkəs əldə edilib və hər iki tərəf danışıqlar masasına qayıdıb.


Pakistan–Əfqanıstan: Sərhəd gərginliyi

2025-ci ilin fevralında Pakistanın Bəlucistan vilayətində Talibanın dəstəklədiyi silahlı qruplar Pakistan əsgərlərinə hücum edib. Pakistan hərbi rəhbərliyi cavab olaraq Əfqanıstanın sərhəd bölgəsində yerləşən militant düşərgələrini bombalayıb. Hər iki tərəf arasında atəşkəs razılaşması əldə edilsə də, vəziyyətin yenidən gərginləşəcəyi ehtimal olunur. İtki sayı rəsmi olaraq açıqlanmasa da, onlarla insanın öldüyü bildirilir.

Digər regional toqquşmalar

Efiopiya: Fano milis qüvvələri ilə federal hökumət arasında Amhara bölgəsində baş verən döyüşlərdə 300-dən çox insan öldürülüb.

Liviya: Tripolidə 444-cü Briqada ilə digər milislər arasında toqquşmalarda 8 nəfər həlak olub, 70-dən çox insan yaralanıb.

Konqo Demokratik Respublikası: M23 və digər silahlı qruplarının hərbi əməliyyatlarında yüzlərlə mülki şəxs öldürülüb, qaçqın axını artıb.

Somali: Əl-Şəbab terror qruplaşması ilə hökumət qüvvələri arasında baş verən döyüşlərdə 500-dən çox insanın öldüyü açıqlanıb.

2025-ci ilin ilk 6 ayı göstərib ki, beynəlxalq hüququn təsiri azalıb, diplomatiya isə bir çox hallarda gecikir. Artan hərbi xərclər, texnologiyanın müharibəyə inteqrasiyası və regional güc mübarizələri qlobal miqyasda sülhə ciddi təhdid yaradır. Dünya bir daha "savaşlarla dolu" dövrə qədəm qoyur...

Modern Təhlil və Araşdırma Qrupu


MANŞET XƏBƏRLƏRİ