Sərhədçilərimizə atəş açıldı - Ölən və yaralanan var


Dövlət sərhədini pozmaqla Xəzər dənizindən Azərbaycan ərazisinə külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən mütəşəkkil qaçaqmalçı qrupun qarşısı alınıb.

Turkustan.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, mayın 1-i saat 21:55-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda Nəzarət Mərkəzi tərəfindən Xəzər dənizinin Salyan reydi istiqamətində sahildən 0.3 mil məsafədə sürətlə hərəkət edən 1 (bir) ədəd naməlum üzmə vasitəsi müşahidə edilib.

Aşkarlanmış hədəfin saxlanılması məqsədilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi tərəfindən təqibetmə əməliyyatına başlanılıb, sahil nəzarəti bölmələri məlumatlandırılaraq sahil xəttinin qapadılması üzrə zəruri tədbirlər görülüb.

Xəzər dənizinin Azərbaycana mənsub hissəsinin cənub-şərq istiqamətində keçirilmiş əməliyyat-axtarış və təqibetmə tədbirləri zamanı hədəfin saxlanılması məqsədilə saat 22:40-da sərhəd gəmisi tərəfindən işıq və səs siqnallarından istifadə edilməklə “Dayan” komandası verilib, xəbərdarlıq atəşi açılıb.

Sərhədçilərin qanuni tələblərinə məhəl qoymayaraq Azərbaycanın ərazi sularını tərk etməyə cəhd göstərən sərhəd pozucularının saxlanılması məqsədilə “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq edilib, nəticədə sərhəd pozucularının hər ikisi yaralanıb.

Gəmi heyəti tərəfindən yaralı sərhəd pozucularının ixtisaslaşmış tibb müəssisəsinə göndərilməsi üzrə təxirəsalınmaz tədbirlər görülüb. Təxliyə zamanı həkimlərin səyinə baxmayaraq sərhəd pozucularından birinin həyatını xilas etmək mümkün olmayıb. Digər sərhəd pozucusunun isə müasir tibb müəssisəsində müalicəsi davam etdirilir.

Layner tipli itisürətli üzmə vasitəsinə keçirilmiş baxış zamanı 33 kiloqram 75 qram narkotik vasitə marixuana, 2 ədəd “Garmin” markalı GPS və 1 ədəd “THURAYA” markalı peyk telefonu aşkarlanaraq götürülüb.

İlkin araşdırma tədbirləri nəticəsində sərhəd pozucularının İran vətəndaşları – 1985-ci il təvəllüdlü Qaranicat Nuri Qurban Məhəmməd (yaralı) və 1990-cı il təvəllüdlü Uməhəmmədi Behsad Saleh (ölən şəxs) olduğu müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


MANŞET XƏBƏRLƏRİ