Ərdoğan: İsrail bəşəriyyətin ortaq dəyərlərini tapdalayır


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin hərəkətlərini sərt tənqid edərək, onun insanlığa qarşı cinayətlərlə bəşəriyyətin ortaq dəyərlərini pozduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Prezidentin Kommunikasiya Direktoru Burhanəddin Duran sosial media paylaşımında Ərdoğanın Qazaxıstanın Kazinform xəbər agentliyi üçün “Avrasiyada sülhün açarı: Türk dünyası” adlı məqalə qələmə aldığını açıqlayıb.

Ərdoğan məqaləsində qeyd edib ki, Türkiyə qlobal və regional böhranların yalnız “tətbiq edilə bilən qaydalar” əsasında qurulacaq beynəlxalq nizam vasitəsilə aradan qaldırıla biləcəyini müdafiə edir. Onun sözlərinə görə, Ankara həm çoxtərəfli platformalarda, həm də müstəqil şəkildə bölgədə və dünyada münaqişələrin həlli üçün məsuliyyət götürməkdən çəkinmir.

Türkiyə lideri vurğulayıb ki, sülh diplomatiyası və vasitəçilik təşəbbüsləri çərçivəsində bütün tərəflərlə etimada əsaslanan dialoq qurulur və problemlərin diplomatik yollarla həlli üçün konkret addımlar atılır.

Ərdoğan həmçinin bildirib ki, daha ədalətli, inklüziv və sabit beynəlxalq sistemin formalaşdırılması üçün ikitərəfli, regional və qlobal tərəfdaşlıqların genişləndirilməsi vacibdir. O əlavə edib ki, regional problemlər ilk növbədə bölgə ölkələrinin institusional təşəbbüsləri ilə həll olunmalıdır.

Prezident “regional sahiblik” prinsipinə uyğun olaraq, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində və qonşu ölkələrlə birgə təşəbbüslərə açıq olduqlarını da vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ