Qardaş Qazaxıstanın tanınmış şairi, filoloq-alim, pedaqoq, Əməkdar mədəniyyət xadimi Dəuletkerey Kəpoğlunun şeirlər toplusu Azərbaycanda gün üzü görüb. Azərbaycan və qazax türkcələrində çıxan kitab “Üşüyən küçələr” adlanır. Məsləhətçisi və önsöz müəllifi Millət vəkili Dr. Cavanşir Feyziyev olan bu kitab, Qazaxıstanın Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalının layihə rəhbərliyi və baş redaktorluğu ilə hazırlanıb.
Qazax şairinin şeirlərini dilimizə DGTYB Gənəşinin (Məsləhət Şurasının) üzvləri olan şairlər – Əli Kərim adına Poeziya Klubunun direktoru İbrahim İlyaslı və Prof.Dr. Rəsmiyyə Sabir uyğunlaşıdırb; qazaxcadan sətri çevirmə gənc qazax yazarı Karlıgaş Kabaya aiddir.
“Elm və təhsil”də nəfis şəkildə nəşr edilən kitabın rəyçiləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotu Raimkulova ilə Dr. Füzuli Məcidli, koordinatoru isə Mahmud Kaşqarlı Fondunun məsul əməkdaşı, filoloq-alim Xəyalə Zərrabqızıdır. “Üşüyən küçələri” şairlər – Elşən Əzim və İntiqam Yaşar redaktə edib.
DGTYB və Mahmud Kaşğarlı Fondunun ortaq işi olan bu nəfis kitab, Millət vəkili Cavanşir Feyziyevin dəstəyi ilə gün üzü görüb.
Dəuletkerey Kəpoğlu öz “Üşüyən küçələri”ni bu il oktyabrın 6-da (saat 14.00-15.00) X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Bakı Ekspo Mərkəzi”ndə “Yaşıl zona”da (Baku Expo Center; “GREEN ZONE”) keçiriləcək “İmza günü”ndə azərbaycanlı oxucular üçün imzalayacaq.
Millət vəkili Cavanşir Feyziyevin “Üşüyən küçələr”ə yazdığı önsözü və Əkbər Qoşalının “Qardaş sözü”nü oxucularla bölüşürük:
ÖNSÖZ
Azərbaycan-qazax ədəbi ilişgiləri hər iki xalqın dövlət müstəqilliyinin bərpasından sonrakı dövrdə yeni inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycan və Qazaxıstanın dövlət başçılarının qardaşlığa, dostluğa, işbirliyinə söykənən münasibətləri təkcə ölkələrimizin sosial-iqtisadi, siyasi həyatı üçün deyil, o cümlədən ədəbi-mədəni ilişgilərin daha dinamik inkişafı üçün möhkəm əsaslar yaratdı.
Tarixə nəzərə salsaq, görərik ki, qardaş xalqlarımız arasında ictimai-siyasi müstəvidə birliyin, o cümlədən mədəni-ədəbi ilişgilərin tarixi elə bu xalqların tarixi qədər qədimdir. Bu ilişgilər yüzillərin sınağından çıxaraq bugünümüzdə daha qapsamlı şəkildə davam və inkişaf etdirilir. Xalqlarımızı dərin mənəvi tellərlə bir-birinə bağlayan ortaq abidələrimizi, “Dədəm Qorqud Kitabı”nı, qazaxların “Qorqud” nəğmələrini, “Alpamış”ı, “Qız-Jibek”i, böyük qazax şairi və mütəfəkkiri Abayın dahi Azərbaycan klassikləri Nizaminin, Füzulinin yaradıcılığından sayğılarla yararlanmasını bu ilişgilərin təməl daşı saymaq olar.
Azərbaycanın Mirzə Fətəli Axundzadə, Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Həsən bəy Zərdabi kimi maarifçi aydınlarının yaradıcılığı ilə böyük qazax maarifçiləri, yazarları Məhəmbət Ütəmisovun, Çokan Vəlixanovun, İbray Altınsarinin, Süyümbay Aranulının ədəbi-bədii düşüncəsində və çalışmalarında, maarifçilik baxışlarında yaxınlıqların olması ədəbi ilişgilərimizin daha dərin keçmişə söykənməsindən xəbər verir.
Dövlət müstəqilliyini bərpa etmiş ölkələrimiz arasında birbaşa diplomatik əlaqələr yaradıldıqdan sonra xalqlarımızın mənəvi, ədəbi ilişgiləri daha da intensiv şəkil alıb.
Hazırda Qazaxıstanda iki yüz mindən çox azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, ədəbiyyat, incəsənət və b. əməli fəaliyyət sahələrində ləyaqətlə çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər.
Azərbaycanla Qazaxıstan arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da qurulub. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb.
Ərazi bütövlüyünü, suverenliyini bərpa edən Azərbaycan Respublikasının işğaldan azad edilmiş Füzuli şəhərində qardaş Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilib və Azərbaycan dövləti, bütövlükdə xalqımız bu qardaşlıq məhəbbətini çox yüksək dəyərləndirib.
İki ölkənin dostluq, doğmalıq, qardaşlıq bağlarını təcalla etdirən önəmli hadisələrdən biri də Qazaxıstanın paytaxtı Astana şəhərinin mərkəzi küçələrindən birinin Ulu Öndər Heydər Əliyevin adını daşımasıdır. O cümlədən, Qazaxıstanın Lev Qumilyov adına Avrasiya Milli Universitetində Heydər Əliyev kabinetinin yaradılması bu qardaşlığın bariz örnəyidir.
“Yeni zaman qazax şeiri antologiyası”nın nəşri, Abay Kunanbayevin yeganə nəsr əsəri “Əqliyyələr”in, habelə bütün şeirlərinin, poemalarının və “Qara sözləri”nin azərbaycancaya çevrilməsi, Bakı Dövlət Universitetində “Abay Kunanbayev adına Qazax dili, tarixi və mədəniyyəti Mərkəzi”nin fəaliyyət göstərməsi, Muxtar Auezovun “Abay” romanının, Oljas Süleymenovun bir çox əsərinin, Rollan Seysenbayevin “Dünyanın çökdüyü gün” romanının, Qazaxıstanın Xalq yazıçısı Əhməd Əşirinin “İdikut” romanının, Rahimjan Otarbayevin “Baş” romanının, görkəmli şair Uluqbek Esdəulətin qələmindən çıxan “Dağların və çöllərin nəğmələri”nin, o cümlədən “Koblandı Batır” xalq dastanının dilimizə çevrilməsi, habelə Abayın, Oljas Suleymenovun və b.-nın yubileylərinin Azərbaycanda dövlət səviyyəsində qeyd edilməsi, onların yaradıcılığına həsr edilmiş elmi sessiyaların keçirilməsi, kitablarının nəşr olunub Azərbaycan oxucusuna çatdırılması bu bağların get-gedə daha da möhkəmlənməsindən xəbər verir.
Ötən yüzilin 90-cı illərindən başlayaraq, hər iki ölkənin mədəni siyasətinin tərkib hissəsi kimi diqqət yetirilən ədəbi əlaqələr bu günümüzdə yüksələn xətlə növbəti inkişaf mərhələsinə qədəm qoyub. Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin, indiki Prezident Kasım-Jomart Tokayevin (eləcə də, hər iki dost ölkəni təmsil edən yüksək tərkibli nümayəndə heyətlərinin) dövlətlərarası bütün məsələlərlə yanaşı ədəbiyyata, mədəniyyətə də diqqət göstərmələri qürurverici hadisələrdir. Ulu Öndər Heydər Əliyevin “Oljas təkcə qazaxlara deyil, bütün türk xalqlarının ədəbiyyatına gərəkli şəxsiyyətdir” kəlamı bu gün Qazaxıstanda böyük fəxrlə səsləndirilir. Oljas Süleymenov isə Heydər Əliyevlə dostluğu haqqında danışarkən, “Bu dostluğu indi də öz qəlbimdə daşıyıram” deyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə görkəmli qazax mütəfəkkiri Oljas Süleymenovun müstəqil Azərbaycanın yüksək “Şöhrət” (21.06.2006), “Dostluq” (16.05.2011) və “Şərəf” (18.05.2020) ordenləri ilə təltif edilməsinin (habelə Astanada keçirilən “Böyük Çöl” Humanitar Forumunun sonuclarının) qardaş xalqlarımız arasında ədəbi-mədəni bağların inkişafına təkan verdiyini könül xoşluğu ilə vurğulayırıq.
Günümüzdə hər iki ölkədə fəaliyyət göstərən diplomatik qurumların mədəni-ictimai münasibətlərə qazandırdığı dəyər ölçüyəgəlməz dərəcədə böyükdür.
Bu anlamda, Qazaxıstan səfirliyinin Azərbaycandakı fəaliyyəti, mədəni irəliləyişə yönəlik işləri, özəlliklə, cənab səfir Alim Bayelin Azərbaycan dilini bilməsi, müxtəlif toplantılarda azərbaycanca danışması da özlüyündə yüksək dəyərə layiqdir.
Prof.Dr. Aktotı xanım Raimkulovanın başçılığı ilə Türk Mədəniyyəti və İrsi Fondunun gördüyü işlərin də ölkələrimizin (ümumən Türk dünyasının) mədəniyyət, sənət, ədəbiyyat təsərrüfatları arasında yeni mənəvi körpü rolu oynadığını rəğbətlə bildiririk.
Biz də, Mahmud Kaşğarlının adını daşıyan Fondun layihəsi olaraq, tanınmış şairlər – Qazaxıstanın Dövlət Mükafatı laureatı Uluqbəy Esdəuletin və Qazaxıstanın Əməkdar mədəniyyət xadimi Dəuletkerey Kəpoğlunun şeir kitablarının nəşrinə dəstək göstərdiyimiz üçün şadıq. Ədəbi-mədəni bağlara töhfə vermək çox xoşdur. Təməlində mədəniyyətin, ruh gücünün dayandığı bu bağların ölkələrimiz arasında qardaşlıq, dostluq və qonşuluğun, birlik və bərabərliyin daha da möhkəmlənməsinə xidmət edəcəyinə inanırıq.
“Üşüyən küçələri”ni oxuculara təqdim etdiyimiz Dəuletkerey Kəpoğlu çağdaş qazax şeirinin usta qələmlərindəndir. Qazaxıstanın “Darın” Dövlət Gənclər mükafatına, “Alaş” Ədəbiyyat mükafatına layiq görülən Dəuletkerey Kəpoğlu, Qazaxıstan Yazıçılar Birliyinin Astana bölməsinin başqanı, “Simurq” ədəbiyyat və incəsənət dərgisinin baş redaktoru, DGTYB Gənəşinin (Məsləhət Şurasının) üzvüdür.
“Üşüyən küçələr” kitabı müəllifin Azərbaycanda yayımlanan ilk kitabı olsa da, onu Azərbaycan yazarları, Azərbaycan ədəbiyyatı ilə sıx tellər bağlayır. II Qarabağ savaşında, ümumən Azərbaycanın haqlı davasında Dəuletkerey Kəpoğlu öz qələmiylə, qəlbiylə, ruhuyla bizim yanımızda olub. Bizlər də, əziz qazax şairinin bu qardaşlıq örnəyini unutmamışıq.
Oxuculara təqdim olunan "Üşüyən küçələr"də olum-ölüm, sevinc-kədər, sevda-ayrılıq... kimi kateqoriyalar sıx-sıx qarşımıza çıxır... Şairin “Doğulduğum günüm – öldüyüm gündür” şeiri bu baxımdan ibrətamizdir.
Ölüm poeziyanın ölümsüz, əbədiyaşar mövzusudur. Dinin, fəlsəfənin, poeziyanın əsas funksiyalarından biri insana ölümdən qorxmamağı öyrətməkdir. Bəlkə də, ölüm olmasaydı poeziya yaranmazdı, yaransaydı da “ölümün yaratdığı” poeziya səviyyəsində olmazdı... “Poetik söz, necə deyərlər, ölümdən informasiya gətirmək, ölüm xofunu aradan götürmək istəyir”.
Mənim doğum günüm – öldüyüm gündür,
Aldandım dünyanın əlvanlığına.
Tir kimi çökəcək qədərim üçün
Alnım möhürləndi Tanrı qatında...
Ölüm – Haqdır, Ölüm – Əbədiyyətin qapısıdır. Ona görə, Ölümdən qorxmaq yox, Onu bir Tanrı neməti kimi qəbul etmək lazımdır. Can – bizə Tanrının əmanətidir. Ölüm – verilmiş əmanətin təhvil alınmasıdır, bir aləmdən başqa bir aləmə, bir Həyatdan başqa bir Həyata keçiddir...
Əslində, bu aləmdən başqa bir aləmə köçən maddi varlıq olan bədən deyil, insanın ruhudur. Deməli, öldükdən sonra təhvil alınan ruh materiyanın fövqünə çıxaraq ruhun məskəni olan əbədiyyətə keçmiş olur... Bu anlamda, ölüm insan üçün kamala yetmək, Tanrıya qovuşmaq anıdır.
İnsanlıq Tanrını daha dərindən anladıqda ölüm qorxusu olmayacaq. Deməli, ölümdən qorxmamaq üçün Tanrını tanımaq lazımdır. Tanrını tanımaqsa insanlığın ən böyük qazancı, uğuru olacaqdır...
Qədim Zen–buddist fəlsəfəsində deyilir: “Bizim həyatımız ölümümüzdə qısa fasilədir”... Bax, bu anlamda da, önü və sonu bir ucsuz-bucaqsız Yola calanmış insan ömrü öz-özlüyündə tale payıdır. İnsan ömrü iki nəfəs arasında – ilk və son arasında keçənlər, yaşananlar, yazılanlar, görülənlər və götürülənlərdir...
Platon “Hər bir yaradıcılıq öz gücünü ölümdən alır” deyirdi. Bu fikir sənət adamları içərisində ən çox şairlərə aiddir yəqin. Hər bir əsl şeir ölümlə təmasdan yaranır, ölümün “can”ından qopur sanki. Əsl şeir, ucsuz-bucaqsız qaranlığa, ölüm adlı əbədiyyətə baxan pəncərənin açılması yaxud qapadılması işidir, bəlkə...
O pəncərədən üzümüzə ölümün soyuq nəfəsi dəyir...
Dəuletkerey Kəpoğlunun şeiri bizə həm ölümü, həm həyatı xatırladır; şair, əslində, ölümlə həyatı qarşı-qarşıya qoymur, kainatın ruhunu, yaradılışın fəlsəfəsini, ölümün həyata, həyatın ölümə daxil olduğunu öyrədir... Bu iki məsuliyyətli qavram şairin poeziyasının açarı və qıfılı olaraq qarşımıza çıxır.
Hər yandan bir hüzn sarar ətrafı,
Şər vaxtı bir qulun ucalar səsi.
Yüklənib köçərəm şeirlərimlə
Qarışqa yükünü aparan kimi...
İnsan ana bətnindən gəlib torpağın bətninə gedir. Yoxluqdan gəlib elə yoxluğa da qayıdır. Bu anlamda, başlanğıc və sonluq eyni nöqtədə birləşir.
Dini təsəvvürlərə görə, Tanrı bizi torpaqdan yaradıb və nəfəs verib. Torpaqdan yaradılmış cismimiz, biz ölüncə yenidən torpağa tapşırılır və zaman keçdikcə torpağa çevrilir. Bu məqamda ruh da gəldiyi ünvana dönür. Ondan gələn Ona qayıdır. Bu mənzərə də bizim gözümüzdə çevrənin başlanmasını və qapanmasını bir daha canlandırmış olur.
İnsan həyatı bir çevrədir. Mahiyyət etibarı ilə dünya özü bir çevrədir. Çevrə sonsuzluqdur. Dəuletkerey Kəpoğlunun şeirləri iç-içə (konsentrik) çevrələrdir, necə deyərlər, onun şeirlərində hadisələr düz xətt üzrə inkişaf etmir; ona görə bu şeirləri (necə deyərlər) xətkeşlə ölçmək mümkün olmur. Bu istedadlı qazax şairinin şeirlərini hiss edirsən, duyursan, yaşayırsan, fəqət, misralar asanlıqla təhlilə, izaha yatmır. Çünki bu şeirlərin başlanğıc nöqtəsi ilə son nöqtəsi iç-içə, üst-üstədir.
İnsan həyatı da bir çevrədir. İnsan doğulur-bununla çevrə başlayır – böyüyür, gənclik dövrünü yaşayır, yaradır, ailə qurur, oğul-uşaq yiyəsi olur, dostlar qazanır, dünyada gedən prosesləri görür, müdaxilə edir, dünyanı dərk etməyə çalışır, hər gün addım-addım Haqqa doğru irəliləyir və bir gün... çevrə qapanır. İnsan həyatı harada başlayırsa, orada da bitir... Yəni, elmin, dinin dedikləri öz yerində, bir də poeziyanın, ədəbiyyatın dedikləri vardır...
Beləliklə, istiqanlı qazax qardaşımızın "Üşüyən küçələr"i əlimizdədir. Qoy, "Üşüyən küçələr" Aşıq Veysəlin "Uzun, incə bir yoldayam" klassikasının çağdaşlığı olsun...
Qoy, bütün yollar haqq-ədalətə, əsalətə, yaxşılığa, doğruluğa, dostluq-qardaşlığa götürsün... - Tanrı qatında olacaqları Tanrı bilər, bəndə qatında olanlarda zaval olmasın...
Yaşasın, ədəbiyyat!
Yaşasın, ədəbiyyatı, ədəbiyyatda qardaşlığı tərənnüm edənlər, qardaşlığın ədəbiyyatını yaradanlar və yaşadanlar!
C.FEYZİYEV
Millət vəkili, Mahmud Kaşğarlı Fondunun başqanı
QARDAŞ SÖZÜ
Dəuletkerey Kəpoğlunun şeirini ilk oxuduğum, şəklini, sonra özünü ilk gördüyüm gündən bu sətirlər yazılanadək 7 il keçib. Daha neçə illər keçsə də, artıq əminliklə deyə bilərəm, bizim dostluq-qardaşlığımız, doğmalığımız nəinki azalacaq, sozalacaq, tam tərsinə, daha da möhkəmlənəcəkdir. Çünki biz bir-birimizin ürəyi ilə tanışıq; çünki biz könül süfrələri qurmuşuq, bir-birimizi daha yaxından tanımış, tanıdıqca daha da doğmalaşmışıq. – Bu cümlələri əsasən mənim ona verdiyim dəyər – qazax bavuruma münasibətim baxımından qururam; elə bilirəm, belə baxış, münasibət qarşılıqlı olub deyə, sarsılmaz dostluq-qardaşlıq bayrağı ucalda bilmişik.
Dəuletkerey bavurumla biz “Azərbaycanla Qazaxıstanın arasından Xəzər keçər, amma su keçməz” deyimini tez-tez işlədir, buna inanır, bu inamın gələcək nəsillərə ötürülməsi üçün çalışırıq.
Əlbəttə, Dəuletkerey yalnız mənim dostum-qardaşım olduğu üçün kitabını çıxarmırıq; o, bir qazax – Türkistan akınıdır, ədəbiyyatçıdır, filoloq-alimdir, ictimai xadim, pedaqoq və Qazaxıstan Respublikası-nın Əməkdar mədəniyyət xadimidir. Bizi ədəbiyyat və Türk dünyası tanış edib. Mən qazax bavurumu ülkü ədəbiyyatının nümayəndəsi, Türkistan ruhunun tərcümanı, Turan sevdasına qanad verən aydın kimi görmüşəm. Yeni nəsil qazax aydınları, mədəniyyət, sənət xadimləri arasında, əlbəttə, ilk növbədə ədəbiyyatçılar içində onun sayğın yeri, nüfuzu var. Abayın “Sənin yol yoldaşın qazaxsa, azmazsan” sözünü Dəuletkerey üçün çox rahatlıqla, əminliklə işlətmək olar. O, Qazaxıstan Respublikasına Monqolustandan köç edib. Zamanında eyni coğrafi-mədəni məkan olub oralar, sonralar bir kənd o yanda qalıb, bir şəhər bu yanda... Qazaxlar öz dədə-babalarının yurdlarında, el-obalarında yaşamaq surətiylə, Türkistan (Orta Asiya) coğrafiyasındakı, demək olar, bütün ölkələrdə yaşayır-yaradırlar. Yaradırlar sözünü təsadüfən yazmıram; qazaxlar yaradıcı qardaşlarımızdır, “sanki bütün qazaxlar nəğmə oxuyur” deyimi də təsadüfən deyilməyib. Beləliklə, hansı qazax köyü, hansı qazax abidəsi zamanla "yeni sınırlar"ın, tikanlı məftillərin o tayında qalıbsa, ədəbiyyat, sənət (necə deyərlər) onu orda qoymayıb, mənəvi bütövlüyü, vahid mədəniyyət iqlimini davamlı olaraq xatırladıb, nümayiş etdirib.
“Orda bir köy var – uzaqda,
O köy bizim köyümüzdür;
Getməsək də, varmasaq da,
O köy bizim köyümüzdür”... –
Bu Anadolu dördlüyünün ruhunun Dəuletkerey bavurumun yurdçu şeirlərinə də hakim olduğunu deyə bilərəm. Deyə bilərəm, o, ümidsiz şair deyil – şairin, sənətçinin ümidsiz olduğu gün onun şeiri, sənəti hansı emosiyanı, təsiri və də (inam qalsın bir yana), ümidi oyada bilər ki?!. Bu anlamda, Dəuletkerey əsl qazaxdır, Böyük Çölün aydın oğlu, Türkistan ruh energetikasının daşıyıcısıdır. O, şeirdə ifadə etdikləri ilə yanaşı, dombrada gözəl ifalar edir, könül oxşayır. Səsinin alqoritmi də, bar-maqlarının simlərə, pərdələrə usta toxunuşları da, yeri gəldikcə simi pərdəyə bərk-bərk sıxması da gözəldir, özəldir.
Beləliklə, Xəzərin o tayından qanadlanan səslər, sözlər gəlib bizə çatır və “Üşüyən küçələr” adlansa da, burada isti ürəklərdə özünə ünvan tapır...
Qazaxın şeir-sənət bayrağı uca olsun!
Ə.QOŞALI