AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idi? – VİDEO


Bakıda baş tutan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə iştirak üçün İsrail Prezidenti İsxak Hersoqun Bakıya uçuşu zamanı Azərbaycan Hava Yollarının (AZAL) adi kommersiya reysindən istifadə etməsi barədə bəzi xarici mətbuat orqanlarında və sosial şəbəkələrdə müxtəlif xəbərlər yayılıb.

Turkustan.az xəbər verir ki, Türkiyənin “Haber Global” televiziya kanalının məsələ ilə bağlı xüsusi süjetində bildirilib ki, Türkiyə rəsmiləri İsrail Prezidentinin sözügedən mülki təyyarədə olması barədə məlumatlarının olmadığını təsdiqləyiblər.

“Report”un yazdığına görə, beynəlxalq aviasiyada qaydaları araşdıran telekanalın süjetində qeyd olunub ki, hər hansı bir ölkənin müntəzəm aviareyslərdəki sərnişinlər barədə tranzit ölkələrə məlumat vermək öhdəliyi yoxdur və beynəlxalq aviasiya qaydaları da belə bir məcburiyyət nəzərdə tutmur:

“Bu məsələ öz əksini Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) qaydalarına və beynəlxalq hava naviqasiyasında tətbiq olunan standart proseduralarda tapır. Mülki təyyarə beynəlxalq marşrut üzrə müntəzəm reys həyata keçirərkən, tranzit ölkələrin hava hərəkətini idarəetmə xidmətlərinə uçuş planı, hava gəmisinin tipi, uçuş dəhlizi və əsas texniki məlumatlar ötürülür. Lakin təyyarədəki sərnişinlərin şəxsiyyətləri və ya göyərtədə yüksəkvəzifəli şəxslərin (VIP) olub-olmaması barədə heç bir halda məlumat verilmir”.

Süjetdə vurğulanıb ki, Türkiyə tərəfinin tətbiq etdiyi qadağa İsrailə məxsus hökumət və dövlət təyyarələrini, o cümlədən “Sionun Qanadı” kimi tanınan rəsmi dövlət təyyarəsinə aiddir.

“AZAL-a məxsus müntəzəm sərnişin təyyarələri isə standart kommersiya reysləri həyata keçirdiyindən, sözügedən hava gəmisi İsrail tərəfindən yüksəkvəzifəli dövlət rəsmisinin tranzit keçidi üçün xüsusi icazə tələb edilməyə ehtiyac duyulmadan Türkiyənin hava məkanından istifadə edilib”, – telekanalın süjetində deyilib.

Qeyd edək ki, zirvə görüşü 29 üzv ölkə ilə yanaşı, müşahidəçi dövlətlər, tərəfdaşlar və beynəlxalq təşkilatların nümayəndələrinin də daxil olduğu 50-dən çox nümayəndə heyətinin iştirakı ilə keçirilib.

Zirvə görüşündə Özbəkistan, Qırğızıstan, Laos, İsrail, Kamboca və bir sıra digər ölkələrin dövlət və hökumət başçıları, Türkiyə, Rusiya, Çin və digər ölkələrin xarici işlər nazirləri, eləcə də yüksəkvəzifəli rəsmi nümayəndələri iştirak ediblər.


MANŞET XƏBƏRLƏRİ