Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyana jurnalistlərlə söhbəti zamanı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevdən telefon zəngi gəlib.
Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Söhbət zamanı Simonyan Türkiyə ilə sərhədin açılması və münasibətlərin normallaşdırılması istiqamətində müsbət tendensiyaların göz qabağında olduğunu bildirib.
Azərbaycanın COP17-də iştirak etməməsinin səbəbi ilə bağlı jurnalistin sualını cavablandıran Simonyan Ermənistanın da 2019-cu ildə Bakıda keçirilən sammitdə (2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü keçirilib. COP29 isə 2024-cü ildə baş tutub – red.) iştirak etmədiyini xatırladıb:
“Onların da bizim kimi ölkə daxilində müəyyən məsələləri izah etmək problemi var. Lakin bunu ikitərəfli münasibətlərə şamil etmək olmaz. Heç bir gərginlik yoxdur və gözlənilmir”.
Simonyan Azərbaycan-Ermənistan münasibətlərində mənfi nümunələrin də olduğunu etiraf edib, lakin müsbət tendensiyaların çox vaxt diqqətdən kənarda qaldığını vurğulayıb:
“Ermənistan parlamentinin tribunasından və mediamızda da heç də az sərt olmayan bəyanatlar səsləndirilir, lakin biz bunu görməzdən gəlirik. O (Azərbaycan Prezidenti İlham Əliyev – red.), həmçinin dönməz sülhdən danışır, işğal adlandırdığı hadisələrə qiymət verir və müsbət ifadələr işlədə bilməzdi. Beləliklə, görüləsi işlər var, amma gəlin etiraf edək ki, ritorika dəyişir. Mən həm Hacıyevə, həm də Prezident Əliyevə demişəm: “Cənab Prezident, bilməlisiniz ki, sizin bəyanatlarınız Ermənistanda çox həssas qarşılanır. Sülhdən danışarkən siz də mühüm rol oynayırsınız. Sizin ritorikanız Ermənistanda eşidilir”. Onun bunu qəbul edib-etmədiyini bilmirəm”./axar.az