Bir cümləsi müharibəyə aparan yolu açdı – Paşinyanın 7 il əvvəl etdiyi SƏHV


“2018-ci ildə Ermənistanda siyasi dəyişiklik baş verəndə yeni qüvvələrin ölkənin işğalçılıq siyasətinə fərqli yanaşma sərgiləyəcəyinə ümid edirdik. Lakin Nikol Paşinyan hakimiyyətinin ilk dövrlərindən sələflərindən daha radikal mövqe tutaraq danışıqlar prosesini sıfırladı”.

Bu fikirləri Globalinfo.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, Paşinyan 2019-cu ildə Xankəndidə keçirilən mitinqdə “Qarabağ Ermənistandır, nöqtə” şüarını səsləndirməklə danışıqlar prosesinə ağır zərbə vurdu:

“Bununla da müharibə riskini xeyli artırdı. Ardınca, 2020-ci ilin iyulunda Ermənistan ordusunun Tovuz istiqamətində təxribatlarının şahidi olduq. Azərbaycanın cavab zərbələri nəticəsində Ermənistan ordusu geri oturduldu və magistral neft kəmərlərinə yönələn təhdid aradan qaldırıldı. Həmin ilin sentyabrında isə Ermənistanın təxribatçı əməllərinə cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı, işğal altındakı əraziləri azad etdi və Ermənistan ordusunu ağır məğlubiyyətə uğradaraq ölkəni kapitulyasiya aktını imzalamağa məcbur etdi”.

oqtay qasimov 5

Oqtay Qasımov

Politoloq bildirib ki, Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra, ilk 3 ildə sələflərinin siyasətini davam etdirməsi regionda vəziyyəti daha da gərginləşdirdi:

“Nəticədə genişmiqyaslı hərbi əməliyyatlar baş verdi. Bu əməliyyatlar nəticəsində Azərbaycan işğal altındakı ərazilərini azad edərək bölgədə yeni reallıqlar yaratdı. Ermənistan da sonradan bu reallıqları qəbul etməli və Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməli oldu”.

Qeyd edək ki, Azərbaycan torpaqlarının işğalı dövründə rəsmi Bakı beynəlxalq təşkilatların Ermənistana qarşı sanksiyalar tətbiq etmədiyini və Azərbaycana lazımi dəstək göstərmədiyini dəfələrlə bəyan edib. Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı Ermənistanın əvvəlki rəhbərliyinin və Azərbaycana zərər vurmuş prezidentlərinin məsuliyyətə cəlb olunmadığını vurğulayıb.


MANŞET XƏBƏRLƏRİ