Donald Tramp ABŞ-ın müttəfiqlərinə, xüsusilə Böyük Britaniyaya yönəlik sərt açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, ABŞ-ın İrana hücumu ilə başlayan müharibədə NATO ölkələrindən gözlədiyi dəstəyi ala bilmədiyini bildirən Tramp, Hörmüz boğazı ilə bağlı diqqətçəkən ifadələr işlədib.
O bildirib: “Əgər Hörmüz boğazı bağlı olduğu üçün neft ala bilmirsinizsə, ya ABŞ-dan alın, ya da gedib özünüz götürün”.
Tramp şəxsi sosial media hesabında paylaşımında müttəfiqlərinə müraciət edərək qeyd edib ki, ABŞ kifayət qədər enerji resurslarına malikdir və digər ölkələr ilk növbədə buradan faydalanmalıdır.
O, həmçinin bəzi ölkələri, o cümlədən Böyük Britaniyanı ABŞ-ın hərbi əməliyyatlarında iştirak etməməkdə ittiham edib və bildirib ki, müttəfiqlər öz təhlükəsizlikləri üçün daha çox məsuliyyət daşımalıdır.
Tramp əlavə edib ki, ABŞ artıq əvvəlki kimi müttəfiqlərinə dəstək vermək niyyətində deyil və onların öz maraqlarını qorumaq üçün daha fəal davranmaları vacibdir.
Eyni zamanda o, Fransanı da tənqid edərək, İsrailə yönəlmiş hərbi dəstək məsələsində kifayət qədər yardım göstərmədiyini iddia edib və bu mövqenin ABŞ tərəfindən unudulmayacağını vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az