Yaxın Şərq və İranda baş verən hərbi toqquşmaların Bakıda son günlər müşahidə olunan şiddətli yağıntılara yol açdığı məlum olub.
Turkustan.az xəbər verir ki, bu barədə caliber.az-a Azərbaycan Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, tanınmış mütəxəssis Həsən Nəbiyev məlumat təqdim edib.

Mütəxəssisin sözlərinə əsasən, şiddətli partlayışlar, raket və bomba zərbələri, eləcə də yanğınların tüstüsü yer üzərindən atmosfer qatına nəhəng miqdarda toz, torpaq və müxtəlif bərk maddələr qaldırır.
"Bunun nəticəsində atmosfer bərk kondensat maddələri ilə zənginləşərək strukturunu itirir və Abşeron yarımadası ilə paytaxtda misli görünməmiş yağıntılara gətirib çıxarır. Bakının iki gün ərzində aylıq normanın 564%-ni qəbul etməsi bariz anomaliya hesab edilir. Analoji vəziyyət sonuncu dəfə bir əsrdən çox bundan öncə qeydə alınıb, lakin həmin vaxt yağan leysan belə indikindən daha zəif idi", - deyə alim vurğulayıb.
Onun qənaətinə görə, bütövlükdə region dövlətlərində - Azərbaycan, Dağıstan (Rusiya), Türkiyə, Gürcüstan və Ermənistanda müşahidə edilən dağıdıcı yağıntılar Yaxın Şərqdə gedən müharibənin birbaşa ekoloji fəsadlarıdır.