“Martın 30-da London Fond Birjasında “Brent” markalı neftin qiyməti 114 dollar idi. Sonra 111 dollara düşdü və son olaraq 113 dollar oldu. Tarixdə heç vaxt birjalarda qiymətlər indiki kimi bu qədər sürətli dəyişməyib”.
Bu sözləri “Yeni Sabah”a neft və qaz məsələləri üzrə ekspert İlham Şaban deyib.
Onun sözlərinə görə, növbəti günlərdə neft qiymətlərinin hansı dinamikada dəyişcəyini demək çox çətindir:
“Neftin ən bahalı və ən ucuz partiyası arasında 119,5 dollardan 83 dollara qədər qiymət dəyişimi olub. Bir neçə həftə sonra neft qiymətlərinin necə dəyişəcəyini konkret demək də çətindir. Çünki ABŞ Prezidenti Donald Trampın sosial şəbəkədə paylaşdığı, yaxud səsləndirdiyi hər hansı bəyanat bazarda təlatüm yaradır. Hazırda dünya bazarındakı qiymətlərə nə OPEC, nə də OPEC+ təsir edə bilir. Bu baxımdan, neft qiymətlərinin artacağı, yaxud azalacağını demək çox çətindir”.
Ekspert vurğulayıb ki, cari ilin ilk 2 ayında Azərbaycan neftinin orta ixrac qiyməti təxminən 63,95 dollar olub:
“Dövlət büdcəsinə dəyişikliklərə gəlincə, indiyədək hansısa qurum büdcənin ilk rübündə, hər bir ay üzrə nəzərdə tutulan real ixrac qiymətlərini elan etməyib. Sadəcə Dövlət Gömrük Komitəsinin aylıq hesabatlarına əsasən, yanvar və fevralda Azərbaycan neftinin orta ixrac qiyməti 63,95 dollar olub. Yəni orta qiymət kimi nəzərdə tutulan 65 dollardan belə az olub. Martda isə bu qiymət daha yüksək oldu. Lakin apreldə vəziyyətin necə olacağı bilinmir”.
İ.Şaban qeyd edib ki, 2026-cı ilin birinci rübü üzrə orta ixrac qiyməti 80 dollar ola bilər:
“Təxmin edirəm ki, mart ayı üzrə orta qiymət 100 dollar civarındadır. Beləliklə, 2026-cı ilin birinci rübü üzrə 80 dollar orta ixrac qiyməti sayıla bilər. Bu barədə tam dəqiq rəqəmləri aprelin ortasında biləcəyik. Ancaq bu o demək deyil ki, həmin qiymətlər stabildir. Neftin dəyəri ona görə bahadır ki, qiymətin üzərinə müharibə riskləri gəlir. Sabah müharibə bitərsə, neftin satış qiyməti əvvəlkinə qayıtmasa da, onun ətrafında olacaq. Müharibədən öncə neftin qiyməti 70 dollar idi. Müharibə bitdikdən sonra isə təxminən 75-80 dollar civarında ola bilər. Bu, dünyadakı mövcud şəraitdən, siyasi və iqtisadi stabillikdən asılıdır”.
Qeyd edək ki, dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,81 ABŞ dolları və ya 3,07% artaraq 128,05 ABŞ dolları olub. Neftin əvvəlki qiyməti 124,24 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.