İsrail və ABŞ-la davam edən müharibə fonunda İranla bağlı səsləndirilən fikirlər diqqət çəkir. Analitiklər hesab edir ki, İran müharibə nəticəsində zəifləyərsə, ölkənin parçalanması qaçınılmaz olacaq.
Hətta bu prosesin Yuqoslaviyada baş verənlərə bənzər ssenari üzrə inkişaf edəcəyi ehtimal olunur.
Globalinfo.az-a danışan iranlı politoloq Məsud Haray deyib ki, Yuqoslaviyanın dağılması birdən-birə baş verməyib:
“1980-ci ildə keçmiş prezident İosip Broz Titonun ölümü ilə federasiyanı bir arada saxlayan karizmatik mərkəz aradan qalxdı. Lakin əsas dönüş nöqtəsi daha əvvəl basdırılmış etnik kimliklərin və tarixi hesablaşmaların yenidən üzə çıxması ilə başladı.
Serb mərkəzli idarəetmə federasiyanı qorumaq məqsədilə hakimiyyəti daha da mərkəzləşdirməyə yönəldi. Ancaq bu addım birliyi möhkəmləndirmədi, əksinə, sloveniyalılar, xorvatlar, bosniyalılar və digər xalqlar arasında “assimilyasiya və hökmranlıq” qorxusunu gücləndirdi. İqtisadi böhran, işsizlik və regional bərabərsizliklər bu prosesi daha da sürətləndirdi.
Nəticə etibarilə, Yuqoslaviyada süqut xarici müdaxilədən əvvəl daxildə başlamışdı. Dövlət öz daxili tarazlıqlarını idarə edə bilmədiyi üçün parçalandı.

Məsud Haray
İranın müasir siyasi tarixi, xüsusilə Pəhləvi dövründən etibarən, vahid kimlik üzərində qurulan milli dövlət modeli ilə formalaşıb. Bu prosesdə Cənubi Azərbaycan türkləri başda olmaqla bir çox etnik qruplar dil, mədəniyyət və siyasi təmsilçilik baxımından sistemli təzyiqlərə məruz qalıblar.
1979-cu ildən sonra qurulan rejim ideoloji baxımdan fərqli çərçivə təqdim etsə də, praktikada mərkəzləşdirilmiş idarəetmə və fars yönümlü güc strukturu qorunub saxlanılıb. Bu isə cəmiyyətin geniş təbəqələrində xroniki etimadsızlıq və aidiyyət böhranı yaradıb.
Bu gün İranda müşahidə olunan iqtisadi tənəzzül, genişmiqyaslı etirazlar və təhlükəsizlik tədbirlərinin sərtləşməsi göstərir ki, uzun illər ərzində yığılan gərginlik artıq nəzarətdən çıxmaq həddinə yaxınlaşır”.