Ermənistanda hakimiyyət dəyişikliyi gözlənilirmi? – Sorğu


Ermənistanda 7 iyun 2026-cı il tarixinə təyin edilən parlament seçkiləri yaxınlaşdıqca, ölkədəki siyasi qüvvələr balansı dəyişməyə başlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə məlumat “EVN Report” təşkilatının sifarişi əsasında keçirilən rəy sorğusunda yer alıb.

“EVN Report”un sifarişi əsasında sosial elmlər doktorları Rafael Oqanesyan və Nerses Kopalyan tərəfindən aparılan sonuncu rəy sorğusunun nəticələri göstərir ki, hazırkı baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası 26,1%-lik göstərici ilə siyasi yarışın lideridir.

Fevral ayının sonu və martın əvvəllərini əhatə edən bu tədqiqat, hakim komandanın nüfuzunun kənd yerlərində və yaşlı nəsil arasında sabit qaldığını, lakin paytaxt İrəvanda və gənclər arasında ciddi rəqabətlə qarşılaşdığını üzə çıxarıb.

Sorğunun ən diqqətçəkən nəticəsi rusiyalı milyarder Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyasının qısa müddətdə 11,9% səs toplayaraq ikinci sıraya yüksəlməsidir. Təhlillər göstərir ki, bu yüksəliş keçmiş prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan Alyansı”nın parçalanması hesabına baş verib. 2021-ci il seçkilərində 21%-dən çox səs alan “Ermənistan Alyansı” hazırda cəmi 3,3% səsə malikdir. Faktiki olaraq, Robert Koçaryanın seçiciləri ideoloji cəhətdən ona bənzəyən, Rusiya meyilli “Güclü Ermənistan” və onun müttəfiqi Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” (6%) partiyaları arasında bölünüb.

Rəy sorğusuna görə, “qərbpərəst” fraksiyaları təmsil edən “Respublika” partiyası isə parlamentə daxil olmaq üçün lazım olan 4%-lik həddi keçə bilmir.
Bunlardan başqa rəyi soruşulanların 36,%-i qərasız olduqlarını bildiriblər.

Məlumat üçün bildirək ki, Ermənistanda sonuncu parlament seçkiləri 20 iyun 2021-ci il tarixində keçirilib. Həmin seçkilər 2020-ci il Qarabağ müharibəsindən sonra yaranan siyasi böhranı həll etmək məqsədilə növbədənkənar təşkil olunub. Seçkilərin rəsmi nəticələrinə görə yalnız 3 qüvvə parlamentə daxil ola bilib. “Vətəndaş Müqaviləsi” partiyası (Nikol Paşinyan) 53,91%, “Ermənistan Alyansı” (Robert Koçaryan) 21,11%, “Şərəfim Var Alyansı” (Artur Vanetsyan/Serj Sarkisyan) isə 5,22% səs toplayıb.

Müqayisə üçün bildirək ki, “EVN Report” təşkilatının 5 il əvvəlki seçkilər ərəfəsində keçirdiyi analoji rəy sorğusunda rəyi soruşulanların 35%-i “Vətəndaş Müqaviləsi”nə, 18%-i isə “Ermənistan Alyansı”na səs verəcəklərini deyib. O dövrdə qərarsızlar 44% olub.

“EVN Report”un analitikləri bunun səbəbini belə izah edirlər ki, 2021-ci ildə qərarsızların böyük bir hissəsi son anda Robert Koçaryanın hakimiyyətə qayıtmasından qorxaraq Paşinyana səs veriblər.

Ermənistanda bəzi siyasi analitiklər belə hesab edirlər ki, 2021-ci ildə Paşinyanın əsas rəqibi Koçaryan idi və cəmiyyət “köhnə və yeni” arasında seçim edirdi. 2026-cı ildə isə Samvel Karapetyan kimi “üçüncü güc”ün ortaya çıxması qərarsız seçicilərin Paşinyana deyil, yeni bir alternativə meyl etməsinə səbəb ola bilər.
Tədqiqat həmçinin erməni cəmiyyətində təhlükəsizlik və iqtisadiyyatla bağlı “ehtiyatlı nikbinlik” hissinin yarandığını ortaya qoyub. Respondentlərin yarıdan çoxu, yəni 50,7%-i ötən il imzalanan “Vaşinqton razılaşması”ndan sonra ölkənin daha təhlükəsiz olduğunu düşünür ki, bu da Paşinyan hökuməti üçün mühüm siyasi xal hesab olunur. Bununla belə, seçicilərin 57,4%-i hələ də keçmiş korrupsioner məmurların cəzalandırılması prosesindən narazıdır və hökumətin bu istiqamətdə kifayət qədər qətiyyətli olmadığını hesab edirlər. Hazırkı mənzərə göstərir ki, Nikol Paşinyan hələ də ən güclü namizəd olsa da, Samvel Karapetyan faktoru və böyük qərarsız kütlənin son andakı seçimi Ermənistanda təkpartiyalı hakimiyyətin sonuna və koalisiya hökumətinin qurulmasına yol aça bilər. /yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ