“Susaraq danışan şair”in yeni kitabı çıxıb


“İmza: Xəyalə Sevil” — “Elm və təhsil” nəşriyyatında çıxan kitabın adı müəllifini, müəllifi adını nişan verir. – Belə, adlandırma heç də tez-tez rast gəlinən hal deyil və şair Xəyalə Sevilin uğurlu tapıntısı kimi diqqəti cəlb edir.
252 səhifəlik kitab, şairin ovqatından yoğrulan səmimi duyğuları, sevgi fəlsəfəsini və şeirin əzəli-əbədi digər mövzularına zərif toxunuşları, ifadələri və ifadəlilikləri özündə birləşdirən “poetik gündəlik” təsiri bağışlayır. Kitabın redaktoru tanınmış şair-publisist Əkbər Qoşalıdır.

Kitabdakı şeirlər insanın iç dünyasını — sevincini, kədərini, təlatümünü, Tanrıya pənahını, müharibədən qalan izləri və qadın qəlbinin mürəkkəb psixologiyasını yığcam, aydın və səmimi ifadə tərzi ilə təqdim edir. Müəllifin duyğulara köklənən poetik dili oxucunu bir anda həm özünə çəkir, həm də düşündürür.

Əsərin ön sözündə qeyd edildiyi kimi, Xəyalə Sevilin yaradıcılığı ən yeni gənc nəsil Azərbaycan poeziyasında “qadın sözünün yığcam, ancaq güclü təcəssümü” kimi fərqlənir. Onun misralarında həm yaşanmış sevginin izləri, həm də həsrətin səssiz fəryadı, müharibədən dönməyən oğulların nisgili, Tanrı ilə dialoqun səmimiyyəti duyulur.

Kitabda yer alan şeirlərdən bəziləri insanın içdən qırılma nöqtələrini, bəziləri isə ümidin körpə işığını önə çıxarır. Oxucu hər misrada öz həyatından, öz keçidlərindən pay tapır. Bu da kitabın əsas məziyyətlərindən biridir — ümumi duyğunu şəxsi ovqata çevirməyi bacaran poetik güc…

Nəşr, həm poeziya həvəskarları, həm də çağdaş Azərbaycan ədəbiyyatının yeni imzalarını araşdıranlar üçün diqqətəlayiq bir ədəbi örnək sayıla bilər.

***
Əkbər Qoşalının
“İmza: Xəyalə Sevil”ə yazdığı önsözü oxucularla bölüşürük:

“Hissim sönəndən bəri,
Bildinmi heç nə çəkdim
Mən səndən, Səndən bəri”?..

Şeir — sözün könüllərə çəkdiyi yoldur, ədəbiyyat o sözü, o yolu “xəritəşdirir”... O yolu açan, o yolu zənginləşdirən, o yolla yürüyən və xəritələşdirən ən əsas ulusların ön cərgəsində bizim ulusun şərəfli, məsuliyyətli yeri, rolu vardır, əlbəttə. Əlbəttə, kişi-qadın ayrımı yapmadan, yalnız üsul və üslub gərəyi, onu da vurğulayım: Azərbaycan poeziyasında bu plan “bərabər yürüdük biz bu yollarda” örnəyindədir… Günümüzdə bu yolun (necə deyərlər) gənclik qolunun səssiz, amma inadkar yolçularından biri də Xəyalə Sevildir. Əlinizdəki kitab — sanki, bir adı da “Canımın sözü… Sözümün canı” olan “İmza: Xəyalə Sevil“ onun içsəsini oxucuyla bölüşdüyü poetik zaman dilimidir. Bu səs nə qışqırır, nə də pıçıldayır — bu səs, yaşanmış bir ömrün “özünüz başa düşərsiz” umudlu, səssiz danışığıdır. Sanki, içəri dərinliyi, dərindəki işığı, işıqda titrəyən kədəri və sevinci oxucuya “eşitmək istəyirsənsə — oxu” deyir... Onsuz da, “Lampada titrəyən alov üşüyür” (Əbdürrahim Qaraqoç)… Xəyalə Sevilin şeiri yeni nəsil Azərbaycan şeirində qadın sözünün yığcam, ancaq güclü təcəssümüdür. O, klassik gələnəkdən öz payını alıb, amma bu payı çağdaş qadın duyğusunun, zamanın qabarıq xətlərinə bələyib bizə təqdim edir. Örnəyi, bax bu misralarında həm yaşanmış sevginin izləri var, həm də yaşamaq istənilən xoşbəxtliyin ümidi:

“Gözlərimdən axıb getdi,
Ürək bir ovuc su idi”…

O, qadının yalnız duyğular içində boğulmadığını, həm də o duyğulardan keçərək formalaşdığını göstərir. Şeirlərinin birində isə belə deyir:

“Bir az süslənim, nazlanım,
Payızdan çıxım, yazlanım”…

Bu misralarda qadınlığın çiçəklənməsi, kəpənəklərin (bəlkə) gecikmiş uçuşu, həyatla ahəng axtarışı var. Amma bu axtarış heç zaman səthi deyil, iç gücün ifadəsidir. Xəyalə Sevil oxucunu dil oyunu ilə deyil, səmimiyyətin dürüst səsi ilə inandırır. Onun poetik qələmi zamanın zəif anlarını tutmağı bacarır. Çox zaman bir kədərin qısa təsviri ilə böyük həqiqətləri söyləyir:

“Özün çıxıb getmisən,
Bu seçimdi, əzizim”…

Bu kitabda müharibədən qayıtmayan oğullar da var, yaşanmamış sevginin qəlbi də, Tanrıyla dialoq da. Bütün bunlar — bir qadının içində yaşadığı topluma həm ünvan, həm də cavab deyilmi?.. Şairin bəzən pıçıldadığı, bəzən isə haray çəkdiyi mövzular — ayrılıq, sevgi, Tanrı, ölüm, həsrət… — bəlkə sadə görünə bilər; lakin bu sadəlikdə bir sözün ağuşuna sığınmış poetik düşüncə var. Və bu düşüncə şeirə çevrilərkən öz “can”ını da içində daşıyır: “Ürəyim çarpayındı”… “Tanrı, mən səni sevirəm”! Belə şeirlərdə təkcə bir şairin qələmi deyil, bir ananın baxışı, bir tənha qadın obrazı, bir ruhun ümid axtarışı, bir ulusun yaddaşı danışır. Ona görə də bu kitab, təkcə şeir kitabı deyil – bu, bir ovqat gündəliyi, ömür tərcümanlığıdır. Oxuduqca tanıyırsan, düşündükcə yaxınlaşırsan, dinlədikcə… öz səsini eşidirsən. …Və bir də:
“Bu eşqin ağrıyan yeriyəm, nəyəm?
Mən sənsiz dəlinin biriyəm, nəyəm”?
Bu cümlə, şairin özü haqqında dediyi qədər bir çox qələmdaşının haqqında da deyilmi? Xanım şairin bəzi şeirlərindən misralara vurğu etdik, indi isə bir şeirini bütöv incələyək:

İndən belə sən də lazım deyilsən,
Qırılmışam, tökülmüşəm, qəmliyəm.
Sən ki mənim alın yazım deyilsən,
Vaxt lazımdı ki, özümü cəmliyəm.

Nəyin var ki? – Sözünü tutmağın yox,
Məni yaxşı unutmağın var sənin.
Ürəyimin heç xeyrini görmədim,
Ürəyimdən topladığım bar sənin…

Bu gecə də özün yoxsan, sözün var,
Sən bilməzsən, susub danışmaq olur.
Salamımız-sağolumuz yerində,
Görürsənmi? Küsüb danışmaq olur.

— “İnnən belə sən də lazım deyilsən,
Qırılmışam, tökülmüşəm, qəmliyəm”…

— İçsəl dağınıqlıq, emosional yüklənmə, özünün də daşıya bilmədiyi bir qırılma nöqtəsidir, sanki?.. “Qəmliyəm” sözüysə bu halın üzərindəki örtükdür, yəqin — sadə, amma dərin…

“Sən ki mənim alın yazım deyilsən,
Vaxt lazımdı ki, özümü cəmliyəm”…

— Necə deyərlər, misravi gərilmə, gərginlik var burada. Burada müəllif bir qismətdən imtina edib-etməmə durumunu götür-qoy edir, sanki. “Vaxt lazımdı” deməklə, həm zamanla xoşqılıq ağrıdan qurtulacağına umud edir, həm də indi zərifliyin təntənəsində olduğu, lakin toparlanacağı fikrinin təlqini öz gücünü qoruyur. Bu, qadın şeirinə xas bir sərzənişdir.

“Nəyin var ki? Sözünü tutmağın yox,
Məni yaxşı unutmağın var sənin”.

— Burda da misravi gərginlik var — öz yerində. Yarımaçıq və ortasərtlikli tənqiddir bu. Qarşı tərəfə güvənin sözdə itib, özdə itməməsi portretini canlandırır bu misralar... Burada şair qarşı tərəfə ərk edir, amma sətiraltı olaraq dəyər verdiyini də gizlədə bilmir, el diliylə desək, bir azca da ərkələnir...

“Ürəyimin heç xeyrini görmədim,
Ürəyimdən topladığım bar sənin”…

- Sevgi ilə verilmiş hər şeyin qarşılıqsız qalması, şairin öz dəruni hisslərinin, könül zəhmətinin bəhrəsini gözləməkdən yorulmuşluq vurğusu var. “Bar sənin” - yəni sevgisinin, hisslərinin bəhrəsi qarşı tərəfə qalır - ən güvənli adresə...

“Bu gecə də özün yoxsan, sözün var,
Sən bilməzsən, susub danışmaq olur”.

— Burada “sözlərin var, özün yoxsan” ifadəsi, necə deyərlər, emosional məsafəni vurğulayır. Hissiyatın vulkan olduğu bir vaxtda, sevdiyi adamın fiziki və ya ruhən yoxluğu ifadə olunub. “Susub danışmaq olur” isə dərin bir poetik paradoksdur — içində fırtına qopsa da, dilə gətirməmək, ağrını səssiz daşımaq incəsənəti yəni... Şair bu sənətə bələddir...

“Salamımız-sağolumuz yerində,
Görürsənmi? Küsüb danışmaq olur”.

— İronik bir sükutun içində ikitərəfli qanadlımı? — qanadlı, umudlumu?-umudlu münasibət hələ yaşanır... Bununla belə, içində böyük bir sükutla “danışmaq” var — yəni sükutun özü danışır, küsülülük artıq bir ilətişim formasıdır. Burada münasibətin bitmədiyi, bitəməyəcəyi, amma olmalıların bir an öncə olması istəyi açıq şəkildə görünür. Ümumən şeirə hakim olan sətiraltı duyğular: — Şairin özünəxas zərif ərki: sanki, öz-özünə yaralanmış bir sevgi və o sevgiyə bələnmiş çox şey... — Qəbul və dirənişin qarışımı: “Artıq sən lazım deyilsən” deyir, amma dediyinin arxasında bir böyük “kaşşş!” var!.. — Sükutun dili: Sözlərdən daha çox, danışılmayanlar şeir boyunca çağırır, çağırır... — Müəllifanə tənha qadınlıq: Təkliyin içində bir qut güc və gözəl gözlənən bir xoş məğlubiyyət hissi var… Belə şeir yazana nə deyərlər? — Deyərlər: günün ağ olsun! “İmza: Xəyalə Sevil” — həm sözə can verən, həm də canla yazılan kitabdır.

Şeirə, yazıya, kitaba umud ilə…


MANŞET XƏBƏRLƏRİ