"Azərbaycan Respublikasında mədəniyyət sahəsinin uzunmüddətli və sistemli inkişafını təmin edən mühüm strateji sənəd – “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının təsdiq edilməsi dövlətin milli-mənəvi dəyərlərə verdiyi yüksək əhəmiyyətin bariz nümunəsidir".
Turkustan.az xəbər verir ki, bunu "Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək" ictimai birliyinin sədri Susana Məmmədova deyib. O bildirib ki, bu Konsepsiya mədəniyyətin yalnız qorunub saxlanılan irs deyil, eyni zamanda cəmiyyətin intellektual, sosial və iqtisadi inkişafında aparıcı rol oynayan strateji sahə kimi dəyərləndirildiyini təsdiqləyir:
"Sənəddə mədəni irsin qorunması və təbliği ilə yanaşı, müasir mədəniyyət institutlarının formalaşdırılması, yaradıcı potensialın dəstəklənməsi, regionlarda mədəni həyatın canlandırılması, eləcə də Azərbaycan mədəniyyətinin beynəlxalq məkanda ardıcıl və məqsədyönlü şəkildə tanıdılması əsas prioritetlər kimi müəyyən edilmişdir. Xüsusilə, mədəniyyət sahəsi üzrə altı dövlət proqramının hazırlanmasının nəzərdə tutulması bu istiqamətdə görüləcək işlərin planlı, mərhələli və nəticəyönümlü şəkildə həyata keçiriləcəyini göstərir".
Susana Məmmmədova qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı bu sərəncam dövlət idarəçiliyində mədəniyyətə konseptual yanaşmanın formalaşdırıldığını, milli kimliyin möhkəmləndirilməsinin və gələcək nəsillərə ötürülməsinin strateji dövlət siyasətinin ayrılmaz hissəsi olduğunu bir daha nümayiş etdirir. “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası milli-mənəvi dəyərlərə söykənən, müasir çağırışlara cavab verən və gələcəyə hesablanmış mədəni inkişaf modelinin əsasını qoyur.