Azərbaycanlı şairin “Bəxt ulduzu” Kazanda çıxıb


Moskvada yaşayan azərbaycanlı şair-tərcüməçi, publisist və ictimai xadim Afaq Şıxlının “Bəxt ulduzu” adlı şeirlər kitabı Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində tatarca gün üzü görüb.

“Yazıçı” nəşriyyatında çıxan “Bəxt ulduzu”nun layihə rəhbəri, önsöz yazarı Tatarıstan Yazıçılar Birliyinin başqanı, Tatarıstan Dövlət Sovetinin deputatı, Xalq şairi, Dövlət mükafatı laureatı Rkail Zəydulladır.

Tatarıstan Yazıçılar Birliyinin “Ədəbi birlik” seriyasından yayınlanan kitabda yer alan şeirləri tatar dilinə bu birliyin üzvü, filologiya elmləri üzrə fəlsəfə doktoru, türkoloq alim, tərcüməçi Asiya Rəhimova çevirib. Müəllifin lirizmi, intonasiyası və poetik semantikası orijinalın ruhuna uyğun şəkildə qorunub saxlanılıb.
Bu nəcib təşəbbüs, Tatarıstanla Azərbaycan, bütövlükdə türk xalqları arasında ədəbi bağların möhkəmləndirilməsi baxımından önəmli bir ədəbi-mədəni hadisə kimi dəyərləndirilir.

Mövzu və ideya baxımından “Bəxt ulduzu” dostluq, məhəbbət, vətən sevgisi, insanın iç dünyası və mənəvi axtarışları əhatə edən lirik-poetik toplu olaraq seçilir. Şeirlər oxucunu fərdi duyğulardan ümumtürk mənəvi yaddaşına aparan poetik bir gəziyə çağırır.

Onu da vurğulayaq ki, Afaq Şıxlı Azərbaycan, Rusiya və Avrasiya Yazıçılar birliklərinin, Dünya Gənc Türk Yazarlar Birliyi Gənəşinin (Məsləhət Şurasının) üzvüdür. O, uzun illərdir, müxtəlif xalqların poeziya örnəklərini Azərbaycan və rus dillərinə çevirir, eyni zamanda AYB-nin Moskva bölməsində məsul katib vəzifəsini daşıyır. İxtisasca həkim olan şairin ədəbi yaradıcılığı dərin humanist məzmunu ilə diqqət çəkir.

Türk dünyasının önəmli mədəni ocaqlarından olan Kazanda gün üzü görən “Bəxt ulduzu”nun (ISBN 978-5-6055333-4-4) tatar oxucularının rəğbətini qazanacağına, yeni ədəbi bağların qurulmasına töhfə olacağına ümid edirik.


MANŞET XƏBƏRLƏRİ