İlhamə HACIYEVA
BDU-nun elmi işçisi,
ədəbiyyatşünas
Görkəmli şairimiz Rəsul Rza Azərbaycan poeziyasında mərhələ yaratmış söz ustadıdır. Rəngarəng çalarlı poetik dünyası olan şairin modern şeirimizin inkişafında xidmətləri danılmazdır. Onun poeziyası ötən əsrin 60-cı illərində gənc şairlərin yaradıcılıq istiqamətinə çevrildi. Novatorluq axtarışları məhz Rəsul Rza şeirindən vüsət aldı və özünün görkəmli şairlərini yetişdirdi – Əli Kərim, Fikrət Qoca, İsa İsmayılzadə, Ələkbər Salahzadə və sair. Rəsul Rza bədii estetik siqlət baxımından novator şairdir. Çoxşaxəli bədii yaradıcılığa malik şair təkcə poeziya nümunələri yaratmaqla kifayətlənməyib, qələmini ədəbiyyatın müxtəlif janrlarında sınayıb.
Ötən əsrin qırxıncı illərində, müharibənin qızğın çağında şair “Vəfa” pyesini yazdı və cəbhədə döyüşən azərbaycanlı əsgərlərimizin surətlərini yaratdı. “Vəfa” pyesi zamanın diktə etdiyi bir əsər idi, o dövrdə ədəbiyyatımız da arxa cəbhədə qələmlə döyüşürdü. Rəsul Rza isə ön cəbhədə - Krımda hərbi qəzet buraxırdı. Dəfələrlə başının üstünü ölüm təhlükəsi alsa da şair döyüşkən ruhlu şeirləri ilə əsgərlərimizi qələbəyə ruhlandırırdı.
Nifrətimiz dərya kimi sahilləri aşaraq,
qəzəbimiz sinəmizdə tufan kimi coşaraq,
Yurdumuzun qisasını yağılardan alarıq.
Axıtdığı hər qan üçün, ondan yüz qan alarıq.
Qan çilənmiş torpaqlarda gülər yenə ilk bahar.
İntiqamın alovunu onda görər yağılar!
“Vəfa” pyesində məhz bu mübarizə əzmi aparıcı xətt kimi keçir. Müharibə fonunda Vəfa ilə Bahadırın sevgisi vəfanın, sədaqətin simvoluna çevrilir. 1942-ci ildə yazılmış pyes elə həmin dövrdə Akademik Milli Dram Teatrında tamaşaya qoyulub və müvəffəqiyyətlə oynanılıb. Görkəmli rejissorumuz Adil İsgəndərovun quruluş verdiyi tamaşada o dövrün məşhur simaları iştirak edirdilər. Azərbaycan səhnəsinin böyük sənətkarlarından olan Xalq artisti Hökümə Qurbanova tamaşada Vəfa obrazını canlandırırdı. Çox təəssüf ki, o tamaşadan heç bir lent yazısı qalmayıb. Amma teatr salnaməçilərinin yazdığına görə “Vəfa” 1945-ci ilə qədər uğurla nümayiş olunub. Teatr Azərbaycanın müxtəlif bölgələrində “Vəfa”nı tamaşaçılar üçün göstəriblər.
XXI əsrin ilk “Vəfa”sı Xalq artisti, görkəmli rejissorumuz Mərahim Fərzəlibəyovun quruluşunda Bakı Bələdiyyə Teatrında hazırlandı. Əsərin mövzusu ilə tanış olsam da, “Vəfa”nın səhnə təcəssümü mənim üçün son dərəcə maraqlı idi. Tamaşaçı ilə dolu zalı görəndə anladım ki, mən tək deyiləm. Hər kəs düşünürdü ki, görən “Vəfa” yeni quruluşda necə təsir bağışlayacaq? Tamaşanın şairin şeirləri ilə süslənməsi real hadisələrin yeni yozumuna xidmət edir.
Bahadırla Vəfanın məhəbbəti müharibə şəraitində saxta bir məktubla sınağa çəkilir. Müxtəlif bəhanələrlə müharibədən yayınan Minnətov kimi buqələmunlar bu sevgini ləkələmək, Vəfanı nüfuzdan salmaqla öz çirkin əməllərini həyata keçirməyə çalışırlar. Vəfa obrazını Bakı Bələdiyyə Teatrının istedadlı aktrisalarından olan Ülviyyə Rza canlandırır. Onun ifası tamaşaçıda dərin təəssürat oyadır, hiss və həyəcanlarının təbiiliyi ilə seçilir. Biz səhnədə öz sevgisi uğrunda hər cür fədakarlığa hazır olan mətanətli, sədaqətli bir qadını görürük. O, həm də məsul vəzifə daşıyır, prokuror kimi də arxada daldalanan tüfeylilərə qarşı sərt və amansızdır. Aktrisa bu iki qütbü mükəmməl şəkildə birləşdirməyi bacarır.
Bahadır vətənpərvər, mərd xarakterli zabitdir. Cəbhədə Vəfadan aldığı məktubun məzmunu onu çaşdırır və sarsıdır. İntizar onu inandırmağa çalışır ki, Vəfa belə məktub yaza bilməz. Məktubun məzmunu bundan ibarətdir ki, guya Vəfa Bahadırdan üz döndərib. Bahadır belə bir ifadə işlədir: “Xətt onundur, amma ürək onun deyil”. Bahadır obrazını gənc və istedadlı aktyor Elməddin Zakirli canlandırır. Demək olar ki, öz rolunun öhdəsindən uğurla gəlir və Bahadırı tamaşaçıya sevdirməyi bacarır.
İntizar rolunu oynayan aktrisa Günel Həmidova da obrazın iztirablarını görümlü etməyi bacarır. Onun nakam və platonik sevgisi, düşmən gülləsinə tuş gəlməsi ürəyimizi ağrıdır. Göy üzündə qoşa durnaların vurulması səhnəsi rejissor tərəfindən uğurlu tapıntıdır və müharibənin sevgilərə məzar qazmasını simvolizə edir. Bu epizod tamaşada ən təsirli səhnələrdəndir. Firuzə aktrisa Arzu Ağayevanın ifasında canlıdır, təbiidir. Ülkər xalanı oynayan Əməkdar artist Səmayə Sadıqova dərdli ananın ürək çırpıntılarını ustalıqla təqdim edir.
Alman zabiti... Bu obraz Əməkdar artist Aydın Əliyevin ifasında son dərəcə təbii və inandırıcıdır. Aktyor vəziyyət üçün uyğun davranış tərzini tapa bilib və onun əsirlərlə (Bahadır və Bəxtiyarla) dialoqu olduqca uğurlu alınıb. Rəsul Rza bu dialoq vasitəsilə müharibənin mahiyyətiini fəlsəfi nöqteyi-nəzərdən açıb göstərir.
Tamaşanın sonluğu rejissor tapıntıları ilə zəngindir. Finalda üçrəngli bayrağımızı görürük və tamaşa 44 günlük Qələbəmizlə bitir.
“Vəfa” tamaşası görkəmli rejissorumuz Mərahim Fərzəlibəyovun yozumunda yeni məzmun və məna kəsb edir. Bu uğur münasibətilə bütün yaradıcı heyəti təbrik edirəm.