Qardaş Qazaxıstanın yeni nəsil şairlərindən Sayat Kamşıgerin “Qarabağ” adlı poeması beynəlxalq səviyyədə yüksək dəyərləndirilib. Əsər Beynəlxalq Şairlər PEN Klubunun “İlin ən yaxşı kitabı” mükafatına layiq görülüb. Mükafat ötən həftə sonu Avstraliyanın Sidney Opera Evində keçirilən möhtəşəm törəndə təqdim edilib.
“Qarabağ” poeması bu ilin martında Azərbaycanda gün üzü görüb (“CN-Poliqraf”; ISBN: 978-9952-013-79-5) və Qazaxıstanda geniş ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.
Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) ilə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB) ortaq layihəsi olaraq ərsəyə gələn kitab — Xəzərin o tayından gələn poetik səda, Qazax-Azərbaycan ədəbi-mədəni bağlarının daha bir möhkəm halqasına çevrilib.
Poemanın Azərbaycan dilinə uyğunlaşdırılmasını tanınmış şair-publisist Elşən Əzim, redaktəsini Prof. Dr. Rəsmiyyə Sabir həyata keçirib. Layihənin rəhbəri — Uluslararası “Alaş” Ədəbi Mükafatının laureatı Əkbər Qoşalı, önsöz müəllifi RHİMİB sədri Arzu Bağırova, rəyçilər İntiqam Yaşar və Tariyel Əhmədov, koordinatorlar Nilufər Lətif və Etibar Muradxanlı, dizayner isə Cəsarət Qasımovdur.
Əsər Azərbaycanın milli tarixini, Qarabağın qurtuluş yolunu, şəhidləri və Türk dünyasının birliyinə çağıran mənəvi düşüncələri poetik dillə ifadə edir. DGTYB fəxri üzvü Sayat Kamşıgerin Azərbaycana səfərindən sonra verdiyi vədə sadiq qalaraq qələmə aldığı “Qarabağ” bu gün həm Azərbaycan, həm də qazax oxucuları üçün dəyərli bir ədəbi hadisəyə çevrilib.
Beləliklə, Azərbaycan–Qazaxıstan qardaşlığının poetik sədası dünyaya yayılmağa davam edir.
Sözügedən beynəlxalq mükafat “Qarabağ” əsərinin yalnız iki qardaş xalq arasında deyil, bütövlükdə Türk dünyası ədəbiyyatı və mədəniyyətinin qlobal səviyyədə tanınmasına xidmət etdiyini bir daha təsdiqlədi.




