Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Türk dünyasının zəngin mədəni irsinin beynəlxalq aləmdə təbliği istiqamətində çoxsaylı layihələr həyata keçirməkdədir. Bu layihələrdən biri "Azərbaycan qadın şairlərinin poeziya antologiyası"nın hazırlanması, Azərbaycanın görkəmli şairələrinin şeirlərinin müxtəlif dillərə tərcümə edilməsi və çap olunmasıdır. Azərbaycan, ingilis, alman və italyan dillərində nəşr edilən "Azərbaycan qadın şairlərinin poeziya antologiyası" kitabı ərəb dilində də işıq üzü görüb.
Nəşr ərəb auditoriyasını şairələrin mənəvi dünyası ilə yanaşı, qadınların cəmiyyətdəki mövqeyi və onların ədəbiyyatdakı rolu, eləcə də Azərbaycanın çoxəsrlik mədəni dəyərləri ilə tanış edir.
Kitab Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın "Mənəvi ucalıq" Ön sözü ilə açılır. Antologiyanı Azərbaycan dilindən ərəb dilinə tərcümə edən Misirin Ain Şams Universitetinin professoru Əhməd Sami Elaydidir. İllüstrasiyaların müəllifi gənc rəssam Məryəm Əsədovadır.
Kitabda 800 il ərzində əsərləri ilə dünya ədəbi irsinə təkrarsız nümunələr bəxş edən Azərbaycanın qadın şairələrinin şeirləri, eləcə də onların həyat və yaradıcılığı barədə məlumatlar öz əksini tapır.
Təqdim edilən antologiyada Məhsəti Gəncəvi, Ağabəyim ağa Ağabacı, Xurşidbanu Natəvan, Ümmügülsüm, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Mədinə Gülgün və digər qadın söz sənətkarlarının xüsusi ustalıq və bədii-estetik zövqlə yaratdıqları əsərləri yer alır.