"Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə “Azərbaycan Kuboku” layihəsinin seçim turları yekunlaşıb


Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə keçirilən "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə "Azərbaycan Kuboku" layihəsinin seçim turları uğurla başa çatmışdır.

Təşkilat Komitəsinin verdiyi məlumata görə, layihənin keçirilməsində əsas məqsəd Azərbaycan gənclər siyasətinin prioritet istiqamətlərindən biri olan intellektual hərəkatın inkişafına töhfə vermək, gənclərin asudə vaxtının səmərəli təşkilini təmin etmək, regionlarda intellektual potensialı gücləndirmək və gəncləri zərərli vərdişlərdən uzaq tutmaqdır.

Layihə çərçivəsində Bakı şəhəri və 4 regionda seçim turları keçirilmişdir. Turnirin nəticələrinə əsasən, final mərhələsində Bakıdan 14 komanda, Quba və Naxçıvan şəhərlərindən isə hər birindən bir komanda olmaqla ümumilikdə 16 komanda mübarizəni davam etdirəcəkdir.

Layihənin final mərhələsi 29 iyun 2025-ci il tarixində Bakı şəhərində, Landmark Hotelin akt zalında təşkil olunacaqdır. Final oyununda qalib gələn komandalar kubok, medal və diplomla yanaşı, "Sağlam Ailə" Klinikasının təqdim etdiyi dəyərli hədiyyələrlə mükafatlandırılacaqdır.

Qeyd edək ki, Xəzər İntellektual Gənclər Klubu 24 ildir ki, ölkədə intellektual hərəkatın inkişafına töhfə verən, Azərbaycan gəncliyinin intellektual potensialının formalaşdırılmasında mühüm rol oynayan nüfuzlu təşkilatlardan biri kimi fəaliyyət göstərir.


MANŞET XƏBƏRLƏRİ