“Şrek” cizgi filminin Azərbaycanda yayımının qadağan olunması ilə bağlı RƏSMİ AÇIQLAMA


Xəbər verdiyimiz kimi Rusiyada bəzi qərb istehsalı olan cizgi filmlərinə və internet oyunlarına qadağa qoyulması təklif olunub. Dövlət Duması təmsilçiləri belə cizgi filmlərinin Rusiyada vətənpərvərlik dəyərlərini sarsıtdığını, qəhrəmanların mənfi imicinin formalaşdırdığından narahatdırlar.

Deputatlar “Şrek”, “Monsters Inc.”, “Qrinç” cizgi filmlərini uşaqlar üçün zərərli hesab ediblər. Belə düşünürlər ki, Qərb qəhrəmanları həm fiziki görünüşünə, həm də əxlaqi sapmalarına görə mənfi personajlardır, lakin müsbət kimi təqdim olunurlar, nəticədə uşaqlarda yaxşılıq qavrayışını təhrif edirlər. Bu da mənəvi və fiziki formalaşma prosesində olan uşaq və yeniyetmələr üçün çox təhlükəlidir.

Nəzərə alaq ki, bu cizgi filmləri, xüsusən “Şrek” Azərbaycanda da maraqla izlənilir.

Həmin cizgi filmlərinin yayımının qadağan olunması nəzərdə tutulurmu?

Azərbaycan Respublikası Audiovizual Şurasından Bizim.Media-nn sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda yerli və xarici istehsal olmaqla hər hansı cizgi filminə indiyədək heç bir rəsmi qadağa tətbiq edilməyib.

Şura tərəfindən verilmiş lisenziyaya uyğun fəaliyyət göstərən yayımçıların efirləri mütəmadi (ümumölkə yerüstü və peyk yayımında olan kanallar) və şikayət əsasında (platforma yayımçıları və sifarişli yayım xidməti provayderləri) monitorinq olunur. Monitorinq zamanı yayımlanan bütün proqramlara, o cümlədən, cizgi filmlərinə nəzarət edilir. Keçirilmiş monitorinqlərin nəticəsi olaraq cizgi filmlərinin yayımı zamanı qanunvericilik tələblərinin pozulması halı təsbit olunmayıb.

Eyni zamanda qeyd olunmalıdır ki, yayımlanan cizgi filmləri ilə bağlı heç bir dövlət orqanından, hüquqi və fiziki şəxslərdən şikayət də daxil olmayıb.

Audiovizual mediada uşaqların zərərli təsirlərdən qorunması istiqamətində Şura öz fəaliyyətində maarifləndirmə tədbirlərinə də xüsusi önəm verir. Uşaq hüquqlarının müdafiəsi üzrə milli strategiyaya uyğun olaraq zaman-zaman seminarlar, görüşlər və təlimlər təşkil edilir. Bu tədbirlər həm media subyektlərinin məsuliyyətini artırmağa, həm də cəmiyyətin mediada uşaq hüquqlarının müdafiəsinə dair maariflənməsinə xidmət edir.

Medianın redaksiya müstəqilliyi prinsipini rəhbər tutaraq Şura audiovizual yayımçlara mütəmadi olaraq mediada uşaqlarla bağlı mövzuların işıqlandırılmasını, uşaq kontenti məsələlərini diqqətdə saxlanılmasını, habelə uşaq proqramlarında zəruri qanunvericilk və peşəkarlıq tələbləri ilə yanaşı həssaslıq və müvafiq qurumlarla koordinasiyalı fəaliyyət nümayiş etdirmələrini ciddi olaraq tövsiyə edir”.


MANŞET XƏBƏRLƏRİ