"Pıçıltı" səhifəsi


QALA

Yazar: Ruqiyyə Kəbiri

Əlində şahmat, yerdə isə üç nəsldən qalmış əntiqə boşqabın sınıqları.

“Çolaqsan?! Yoxsa başına hava gəlib?” – biri beynində səsləndi. Dönüb divardakı şəkilə baxdı. Şəkildəki kişi hirslə dodaqlarını bir-birinə sıxmışdı.

Qadın, ayaqlarının altındakı sınıq saxsılara baxdı. Boşqabın üzərindəki qırmızı çiçəklər, saplaqlarından ayrılmış, rəngləri solmuşdu. Quşların dimdikləri sınıb, gövdələrindən ayrı düşmüşdü. İndiyə qədər dimdiyi sınıq quş görməmişdi.

Ayaqlarının altına baxa-baxa, saxsı qırıqlarından uzaqlaşdı. Əlindəki şahmat qutusunu masanını üstündə açıb ağ möhrələri (fiqurları) özü üçün düzdü. Qara möhrələri düzmədən divardakı kişinin şəklinə baxıb “Bu dəfə sən, qara möhrələrlə oyna” dedi.

Qara möhrələri, ağ möhrələrlə qarşı-qarşıya düzdü. Sonra əli bir-iki ağ piyada möhrələrə toxundu. Piyadalar yerə düşdü.

“Əlinin tutumu qalmayıb ha heç.” Şəkildəki kişinin dodağında acı gülüş var idi. qadın, divardakı şəkilə baxa-baxa yerindən qalxdı: “Bir az əl saxla, çayı dəmləyim!” Kişi, gözünü qara möhrələrə zilləmişdi. Qadın, əlindəki çay stəkanlarının birini ağ möhrələrin yanına, o birisini isə qarşı tərəfdə qara möhrələrin kənarına qoydu.

Divardakı şəkilə baxıb “Bu dəfə mən başlayacağam” dedi.

Piyadaların birini qara piyadalara sürütləyərkən, göz altı kişiyə baxdı. Kişi bir az dayanıb, sağdan ikinci piyadaya işarə elədi. qadın qara piydanı iki xana irəli yeritdi. Sonra dayanıb fikirə cumdu. Gülümsəyərək piyadalarının birini irəli sürütləyəndə, yavaşca kişiyə baxdı. Kişinin qaşları alnının ortasında düyünləndi. Qadın bir də gülümsədi. kişi isə himlə ortadakı piyadanı göstərəndə qaşları lap təpəsinə çıxdı. Qadın, sağ əlini çənəsinə söykəyib fikirə cumdu. Bir əli çənədə ikən, o biri əli ilə qalasını tərpətdi. Kişi, dinməz halda şahmat fiqurlarını süzürdü. Qaş işarəti ilə atının hərəkət etdirilməsini istədi. ağ piyada yıxılanda, qadının qanı qaçdı; əsəbi halda alnının qırışlarını ovuşdurdu. Kişi gülümsədi. qadın fili oynatdı. Kişi bütün möhrələri pusaraq qalaların birinə göz yatırtdı. Qadın əlini qarşı tərəfdəki qalaya uzatdısa, ancaq onu tərpətmədi. kişi, alnını qırışdırıb hirslə qadına baxdı. Qadın köks ötürüb çiynini yuxarı qaldırdı. Kişi, küskün halda önündəki divara zilləndi.

“Çayın buza döndü. Sən isti-isti içərsən, deyirsən dəyişim? Hə?”

Kişi isə çərçivədən önündəki divarı süzürdü.

Qadın, qəndi çaya batırdı. Qənd əriyib barmaqlarının arasında stəkanın dibinə süzdü. Kişi sallaq salladı. Gözucu qadına baxırdı. Qadın isə təzədən bir diş qənd götürüb çaya batırıb ağzına qoydu. Möhrələri sezə-sezə çayı qantardı. Sonra yerindən dik qalxıb kişinin soyumuş çayını götürüb mətbəxə getdi. Əlində süpürgə-xəkəndaz geri döndü. Boşqabın sınıqlarını süpürməzdən əvvəl bir də kişiyə baxdı. Kişi, dinməz-söyləməz qadının əlindəki süpürgə-xəkəndaza baxırdı. Qadın, saxsı qırıntılarını plastikə töküb par-paltarını geyindi. Güzgüyə baxa-baxa yaylığını başına saldı. Zibili götürüb evdən çıxdı. Kişi, çərçivənin dördbucağından pəncərəyə boylandı.

Qadın, əldə zibil plastiki ilə küçə başına çatar-çatmaz geri dönüb binanın ikinci qatındakı pəncərəyə baxdı. Bir an kişinin çərçivədən boylanıb ona baxdığını hiss edib diksindi. Zibili küçə başındakı qaba atanda, saxsı sınıqları şaqqıldadı.

Nədənsə saxsıların şaqqıltı səsi ürəyini darıxdı. Evə qayıtmaq istədi. addım atmış yerində dayanıb bir az düşündü. Küçə başından bir daha evinin pəncərəsinə baxdı. Asta-asta məhəllədəki parka sarı addımladı.

Park, onunla yaşıd olan qoca kişilərlə dolu idi. kişilərdən bir-ikisi şalvarlarını dizlərinə qədər çırmayıb büzüşmüş dərilərini gönə vermişdilər. Bir tərəfdə isə neçə kişi deyib-gülürdülər. Parkda daşdan quraşdırılmış masaların üzərində şahmat səhifəsi naxışlanmışdı.

Oturacaqların birində oturub şahmat səhifəsinə baxdı. “Kaşki möhrələrimi gətirəydim.” Deyə düşündü.

Qarşı masada qarabuğdayi, çal saçlı bir kişi şahmat səhifəsinə baxaraq fikrə dalmışdı. Qadın, gözaltı onun möhrələrinə, bir də kirimiş əllərinə baxdı. Qara möhrələr, kişinin tərəfində idi. Ağ möhrəli tərəfdəki oturacaq isə boş idi.

Qadın, ətrafı süzdü. Baxışının görüntüsündə, şahmat səhifəsindən bir az aralıda, züyüldaq gedib süyrüşən uşaqları seyr etdi. Uşaqlar onun gözündə, gündən-günə böyüyürdülər. Qadın, uşaqlardan üz çevirib masanın üzərindəki şahmatın ağ möhrələrinə baxaraq yerindən qalxdı.

Şahin Haşimi

Ağılarımız ağrılarımızı yatırtmadı dostum

Oyaqdır hələ

Hər sabah günəşlə birlikdə damarını kəsir.

İlk yarını Şur mayələrində qışqırmaqla başlatdın

Musiqinin yeni dəsgahı olma imkanın olacaqkən

Bir dizədə şeirə dönüşməkdən qorxdun.

Qorxundan tüklərin töküldü

Səni nöqtəyə çevirdi qorxuların

Bütün şairlərin nöqtələşəcəyini biz kəşf etdik.

Üsyan yumruğunu qaldıran vergüllərə inad

Moxluqdan yaranan yoxluğa belə inad!

Biz bir nöqtədə birləşən iki paralel şeir

Hətta bunların hamısına inad!

Yenə də şeirlərdə qaldıq

Yenə də şeirlərdən qorxduq

Yenə də şeirlərdə...

Yox

Əsas

Biz yaralarımızı şeirə daşıdıq dostum

Üzümüzdə olsa bizi heç kimin tanıya bilməyəcəyi yaraları.

Sonra

Bütün insanlarn yara olduğu

Teorisini yazdığımız il

Yaralarını dağladıb toxtatmaq üçün

Sərgiyə qoyub

Yeni yaralardan

Ölü daşımaqdan

Çiyinlərin düşməsindən

Keçəl olmadan

Və bunlardan əlavə

Dəlilərin yanında saarlıq

Qalmaqallaşırdın.

“Sanki bizlər dəli deyildik” nəğməsini

Oxuduğumuz ildən sonra

“Zekre ruze seşənbə”ni neçə ay boyunca

Bütün inandığın qara daşların üzərində yaza-yaza

“Ya ərhəm əlrahimin

Ya ərhəm əlrahimin

Ya ərhəm əlrahimin” deyə-deyə

Taq taq taq ta-ta taq taq

Qırıldıq dostum.

Yaralar bitərkən

Qasnaqlarında dar keçidlər yaranar

Artıq dardaşlığın ikinci yarısındayıq.

Tapınaqlardan qaçıb

Yoxdan nöqtələrin başımıza

Düşəcəyi çağlarımızdır.

Əncir ağacı altında nəfəs çəkmənin

Zorluqlarından danışsaq da əncirlərin

Südünü əmib şeir yazacağıq yenə də

Bilirəm

Bilirəm qaranlıqlardan yaranıb da

Qaranlıqları danacağıq.

Dan – çək pərdəni

Bu qədər də işıq olmaz

Heç nə görünmür.

Bu qədər də işıq olmaz

Heç nə görünmür.

Ağrılar görünməz

Bizə bürünüb sonra duyular.

Ağılaşan ağrılarımızı dinlə

Gözlərini aç

Bax dağların arasındakı günəşə

Dönürük

Oyanır

Bir azdan qan yağışı yağacaq.

Arəş Sai

YAĞIŞI SEVDİM

Təkcə trenlər, avtobuslar qapılarını açdılar üzümə

Təkcə xiyabanlar izin verdilər keçməyimə.

Nə anam oldu dərdlərimi söyləyəm bağrına

Nə atam oldu söykənəm qayalığına,

Gördüklərimdən yalnız yağışı sevdim

Nə səsindən qorxdum

Nə də gəlməsindən!

İlk toxunduğunda mənə

İllər öncəydi

Unudulan, bürgələnmiş bir küçədəydim

Təbriz küçəsindəydim

İki divar arasında

Uca

Və pəncərələri az qala qanad tuta

Bir divar, yaşasın deyə sərt dayanmışdı

Bir divar, ölüm olsun deyə!

Keçənmədim, heç birindən

Sındım qum saatı kimi

Sovruldum zamanın kor döngəsində!

Bu üzdən

Nə yumruğumu toplaya bildim

Nə də dodaqlarımda gülüşü

Bir siqaret odladım

Və sərçələrin uçuşuna baxdım

Meydan oxuyarkən azadlığa

Yalnız yağış toxundu

Bir də yarpaqlardan enən payız.

Yalnız yağışı sevdim

Bir də yarpaqlardan enən payızı...

Vəhid Məlek

Davam etmişdi məndən öncələr torpaq

Və sonrası da

Mənim görüşümə gəlib daşa rastlaşan hər kimi

Aldadıb məzarların memarı

Hansı fontda yazsalar adımı, yalandır

“Gördüyün yer daşdır, torpaqdır”.

Əlim, ayağım, gözüm çürüdükcə,

Gözün işlədikcə,

Unudulmaq yolundayıq.

Çıx şəhər qırağında təpə üstünə Xəlil Şəbani,

Məsələn yüz iyirmi il sonra bir nəfər də qalmayıb bu şəhərdə.

Yeni torpaq olmaq potansiyeli daşıyan adamlar gəlib

Yeni xəyanətlər, sevgilər,

Mən hər zaman əlvida dediyimdə bitir hər nə

Monro demişdi: “Ağıllı qız tərk olunmadan öncə tərk edər”.

Ağıllı oğul da əlvida eşitmədən, əlvida deyər.

Torpaq olmasına qalan hər bir şeyə,

Qucağımda pişik oturub indi.

Qucağımda sevgilim oturmuşdu illər öncə,

Ürəyimdə kədər oturub,

Kürəyimdə əzrayıl daşıyıram.

Sağ gözüm zəifləşib,

Şeirlərim kütəlib,

Kəlmələrim itib Xəlil.

Sənin adaşının qılıncı kimi mina dağında,

Şeirin ardın yazmağım gəlmir, son qoyuram başlamadan buna da.


MANŞET XƏBƏRLƏRİ