Görkəmli şairimiz Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin qızı Leyla Axundzadənin “Teleqraf” İnformasiya Agentliyinə verdiyi müsahibə müşfiqşünaslar və tarixçilər tərəfindən etirazla qarşılanıb. Onlar Leyla Axundzadənin Müşfiqin güllələnməməsi haqqında iddiasına qarşı çıxaraq Müşfiq haqqında verilən edam hökmünün icra edildiyinə heç bir şübhə olmadığını bildirirlər.
Turkustan.az xəbər verir ki, Mikayıl Müşfiq haqqında “Göylərin lacivərd ətəklərində: sənədli povest-kollaj” əsərinin müəllifi Firudin Qurbansoy “Teleqraf”a müsahibəsində bu fikirlərə qatılmadığını bildirib:
“Leyla xanımın “Müşfiq güllələnməyib” sözləri həqiqəti əks etdirmir. Onun özü də Müşfiqlə bağlı bütün tədbirlərin iştirakçısıdır. Niyə indiyə qədər susub, indi birdən-birə bu fikri səsləndirmək ehtiyacı hiss edib? Müşfiq öz əcəliylə ölüb? Xeyr. Onun ölümü üçün xüsusi qərar çıxarılmışdı.
Mikayıl Müşfiqin güllələnməsi haqqında SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Səyyar sessiyası 5 yanvar 1938-ci ildə (çərşənbə gününə təsadüf edir) güllələnmə qərarı çıxarıb. Qərar da mütləq mənada icra olunub. O vaxt aparıblar indiki Nargin adasına, orada güllələyiblər.
Nargin adasının yerləşdiyi ərazinin dənizin dibində 30 min insanın sümüyü hələ də qalmaqdadır. Güllələyib atırdılar dənizə. Boyunlarına ağır bir şey bağlayırdılar ki, üzə çıxmasın. Ölüm şəhadətnaməsinin heç bir əhəmiyyəti yoxdur. Çünki bu kağız Müşfiq haqqında naməlum səhifəni açmağa xidmət etmir”