"Yeraltı dünyanın padşahları": "Oğru"ları əvvəl sevib sonra ölümlə cəzalandıranlar...


Kriminal aləm kölgədə qalsa da, böhran anlarında üzə çıxır.

SSRİ və Rusiyanın kriminal dünyasının "kral"larından sadəcə qorxmurdular: bomond (yüksək cəmiyyət-red.), jurnalistlər və hətta siyasətçilər onlarla dostluq axtarırdılar. Onlardan bəziləri bütün ölkədə məşhurlaşırdı.

Turkustan.az xəbər verir ki, VATNİKSTAN-ın xüsusi müxbiri Semyon İzvekov həmin dövrü xatırlayıb və ən məşhur "qanuni oğru"ların həyat hekayəsini danışıb:

"Oğru dünyası"nı kim yaratdı?

"Çətin vaxtlarda cəsarətli insanlara ehtiyac var. "Oğru dünyası"nda yoldaşlıq hissi, uyğunlaşma və şərəfi qorumaq bacarığı inkişaf etdirilir. Ən əsası odur ki, bu dünyanın əlaqələri istənilən zaman keçərlidir və rejim dəyişikliyindən asılı olmur. Təbii ki, ləyaqətli sovet adamlarının, partiya və komsomolun, idmançıların və universitet məzunlarının niyə mütəşəkkil cinayətkar qruplara üzv olması, yaxud onlarla əməkdaşlıq etməsi sualının cavabı çoxları üçün sirr olaraq qalır.

Amma cinayət aləmi özbaşına yaranmayıb: o, sovet dövründə də mövcud olub. Müxtəlif mənbələrə görə, "oğru"lar kastasının özü təxminən 100 il əvvəl yaranıb. Onlar haradan gəldilər? Bəziləri bunun "ağ zabitlər"dən gəldiyini deyir. Digərləri NKVD tərəfindən cinayətkarları fərqi əllə məhv etmək üçün yaradıldığını bildirir. Amma fakt odur ki, keçmiş SSRİ-dən başqa dünyanın heç bir yerində sərt iyerarxiyaya malik "qanun oğru" institutu yoxdur".

Məlumdur ki, İkinci Dünya müharibəsindən sonra "QULAQ"da əsl "müharibə" gedirdi. Administrasiyaya loyal münasibətdə olanlarla hər cür əməkdaşlığı inkar edənlər arasında açıq münaqişə vardı. Sonuncular qalib gəldilər. Sovetin ilk onilliyi cinayət şəbəkəsinə yalnız yeni imkanlar verdi:

"Hərçənd ki, 90-larda kim qanunla yaşayırdı ki? Vergi ödəmək son dərəcə çətin idi, məsələ qeyri-adekvat vergi dərəcəsi, qarışıqlıq və yoxsulluq idi. Dollarla və zərfdə ödənilən əmək haqqı (paket-red.)Saxalindən Kalininqrada qədər norma idi. Harada ki, "qara nağd pul" var, orda da "obşak" ( ümumi fond-red.) var. Buna görə də quldurları cəmiyyətdən qovmadılar, onların artıq öz iyerarxiyası və "konstitusiyası" var idi. Dövlət çökdükcə "oğrular" daha da gücləndilər. İnsanlar kütləvi şəkildə hüquq-mühafizə orqanlarını, dövlət aparatını tərk edəndə məlum oldu ki, yerli "oğru"dan kömək istəmək kasıb polisdən daha asandır. Sadəcə olaraq, " oğru hakimiyyət" yerli hakimiyyət orqanlarını əvəz etdi".

Jurnalist "oğru dünyası"nın məşhurlarından da söz açıb.

Kobzon hansı "oğru"dan ötrü hakimiyyətə müraciət etmişdi?

*Vyaçeslav İvankov ("Yaponçik", "Assuriyalı kürəkən", "Yapon")

Sovet cinayətkar aləminin Moskva lideri, bütün məşhurların dostu idi, estrada ulduzları onun "sxodkalarında" konsert verirdilər, əvəzində xarici avtomobil və ya defisit malla mükafatlandırılırdılar. Qadınlar dəbli ətirlər, kişilər avtomobil almağa çalışırdılar və "mötəbər dostlar" bu işdə kömək edə bilərdi. Xüsusilə dəbli pencək və ya zərgərlik məmulatlarını nümayiş etdirmək istəyən artistlər üçün mövzu olduqca aktual idi.

Vyaçeslav İvankov "ziyalıların dostu" oldu. O, gimnast olmaq istəyirdi, lakin trapesiyadan yıxılmış və kəllə sümüyündən zədə almışdı. 14 yaşından oğurluq etdi, qarətlə məşğul oldu və tez bir zamanda paytaxtda yaşadığı rayonda dəstə başçısına çevrildi. Yaşayış icazəsi olmadan Moskvada yaşayırdı və cinayətkar dəstə yaratdı. Orada Gürcüstandan olan qardaşlar Amiran və Otari Kvantrişvili qanqsterliyə başladılar.

Onlar milis formasında valyuta alverçilərini qoruyur, pul qoparırdılar. "Üsyankarlar" meşəyə aparılır və işgəncələrə məruz qalırdı. Yaponçikin yeraltı imperiyası bütün SSRİ-də işləyirdi: polis nə Daşkənddə, nə Tallinndə, nə də Kiyevdə quldurları üzə çıxara bilirdi. Zaman keçdikcə "yeraltı dünyası"nın özü İvankovdan onlara himayədarlıq etməsini xahiş etdi və həbsxanada ona "tac" qoyuldu. Yüksək cəmiyyətin ona hörməti o qədər böyük idi ki, Kobzon, həkim Fedorov və Rozenbaum bir neçə dəfə hakimiyyətdən onu azad etməyi xahiş etmişdilər. Təsəvvür edin, ölkənin elitası quldura zəmanət verirdi.

Lakin 1991-ci ildə Yaponçik saxta pasportdan istifadə edərək yeni həyata başlamaq üçün ABŞ-a getməyə qərar verdi. Deyirdilər ki, getmək istəyir, amma bu dünyadan getmək mümkün deyil. Məşhur Brayton Biçdə onu "qanuni oğru" kimi "gözətçi" ("smotryaşi"-red.) təyin etdilər. Xeyriyyəçi kimi o, sənəti dəstəkləyir, bütün ulduzlarını ən yaxşı dostu adlanırdı.

O, Rusiyadan gələn mühacirlərə xərac qoyur, priton və bordelləri qoruyur, heroin satdırır, kazinolardan xərac alırdı. 1994-cü ildə İvankov FTB tərəfindən həbs edildi. Vəziyyət klassik idi, "oğru oğrudan dəyənək oğurladı". "Çara" Bankın sahibləri olan iki fırıldaqçı əmanətlərini Nyu-Yorka köçürdü və sonra vəsaitin Yaponçik tərəfindən oğurlandığı barədə FTB-yə şiakyət etdilər. "Assuriyalı kürəkən"nin məhkəməsi 1995-ci ildə ABŞ-da əsas hadisə oldu. Məhz o zaman "rus mafiyası" ifadəsi gündəmə gəldi. Artıq MDB-dən gələn hər bir mühacir polisin nəzarəti altında idi, ruslar "qara banda"lardan və ya albanlardan daha təhlükəli sayılırdı.

Yaponçik orada həbs yatacaq, ancaq Rusiyada bəraət alacaqdı. Rusiyada onun sözü qanun idi, 2009-cu ildə Xoroşevkadakı restoranda güllələndi. Ola bilsin ki, bu, onun Moskvada verdiyi ölüm hökmlərinin qisası idi.

Çeçenlərdən Yeltsinə qədər düşməni olan "oğru"

*Otari Kvantrişvili ("Otarik")

Yaponçikin tələbəsi idi və bir vaxtlar idman ustası olmuşdi. Ancaq o, qardaşı Əmiranla birlikdə tez bir zamanda yeni rekordlara deyil, Moskvanın cinayət həyatına imza atdı. Kartlar, pullar, restoranlar, bıçaqlar...

Sovet polisində restoranın rəsmi olaraq "anticəmiyyət elementlərinin cəmləşdiyi zona" hesab edildiyini bilirdinizmi? Otarik 18 yaşında ilk dəfə zorlamaya görə həbsə düşdü. 1970-ci illərin əvvəllərində qardaşlar Yaponçikin dəstəsinə qoşuldular, o, onların müəllimi oldu. Kvantrişvili "qara bazar"dan və qeyri-qanuni mühacirlərdən pul tələb edirdi. 1982-ci ildə Yaponçik dəmir barmaqlıqlar arxasında olanda Otari onun işlərini görürdü. Eyni zamanda, idman dərslərini xatırlayaraq "Dinamo" idman klubunda güləş üzrə məşqçi kimi işə düzəldi. Lakin o, gənclərdə SSRİ-yə yeni rekordlar qazandırmağa hazırlamırdı, tələbələr onun şəxsi mühafizəçisi olurdular. Sistem artıq dağılırdı, idmanda maaşlar az idi, Otarikə görə güllə qabağına getmək daha sərfəli idi. Kooperativlər açılanda Kvantrişvili qardaşları fürsətdən yararlandılar.

Onlar "zəhmətlə qazandıqları pulları" 21-ci Əsr Assosiasiyası adlı biznesə yatırdılar. Şirkət ağac, neft və əlvan metallar ixrac edirdi. Məşhurlar bu dəfə də onlara üz tutdu, tez-tez kömək istədilər. Kobzon xüsusilə Otariklə dostluğu ilə fəxr edirdi. Kvantrişvili çətin anlarda idmançılara kömək edən Yaşin adına İdmançıların Sosial Müdafiə Fonduna rəhbərlik edirdi. Fonda ticarətlə məşğul olmaq üçün müstəsna hüquq verildi, buna görə də Otari tütün və spirt idxalı rüsumlarından azad edildi. Qardaşı vasitəsilə Moskva kazinolarından, otellərindən, banklarından öz payını alırdı. "Uğurun zirvəsi" Kobzonla birgə yaradılmış Hüquq Mühafizə Orqanlarına Yardım Fondu oldu. 1994-cü ilə qədər Otari hər kəsi ona qarşı çevirən addım atdı, özünüMoskva cinayət dünyasının lideri elan etdi.

O, Dövlət Dumasına getməyi planlaşdırırdı və qalib gələ bilərdi, lakin Krasnopresnenski hamamlarındakı atışma bu yolu kəsdi. Maşınına gedərkən snayper "Lyoşa Soldat"ın üç gülləsinə tuş gəlib. Qətlin əsl motivləri və sifarişçiiləri məlum deyil. Otarik öz kobudluği və hərəkətləri ilə çoxlarını təhqir edə bilərdi. Məsələn, o, jurnalist Lyubimovu öldürəcəyini açıq şəkildə bəyan etmiş, "RUBOP"un rəhbəri Ruşayloya "uşaqları haqqında düşünməyi" tövsiyə etmişdi. Kvantrişvilinin idmandakı rolu da Yeltsinə qədər çoxlarını qıcıqlandırırdı. Çeçenlərlə də dostluq etmirdi. Ondan əvvəl, 1993-cü ildə qardaşı Əmiran güllələnmişdi, bəlkə də bu, ona xəbərdarlıq idi.

Vağzaldan birbaşa Peterburq taxtına gedən "oğru" yolu

*Kərpic (Vladislav Kirpiçev, "Slava əmi")

Onun haqqında "təsadüfən şöhrət qazanmış adam" demək olar. Adi cinayətkar, oğurluğu və çifiri sevən şəxs... Əslində bu xüsusiyyətləri ilə onu ancaq dəmiryol vağzallarında və "bomjlar" tanımalıydı. Ancaq elə oldu ki, bir anda adi bir oğru Peterburqun cinayət padşahlarından birinə çevrildi.

Vladislav Kirpiçev 1937-ci ildə Leninqradda anadan olmuşdu. 59 illk həyatının 40 ilini həbsdə keçirdi. İlk dəfə doqquz yaşında dükanlardan oğurluq etdiyinə görə Stalin dövründə həbsə düşdü. O, həbsxanadan qaçaraq Qorki vilayətini dolaşdı. 1953-cü ildə "Beriya amnistiyası"ndan sonra Kərpiç Leninqrada qayıtdı, lakin oğurluğa görə yenidən həbsə getdi. Beləliklə, o, SSRİ-nin dağılmasına qədər yaşadı, baxmayaraq ki, bəzən psixiatrik xəstəxanaya gedir və burada özünü şizofren kimi göstərirdi. Onun "ulduz saatı" 1990-cı illərdə başladı. Kriminal dairələr onu mütəşəkkil cinayətkar dəstənin lideri Aleksandr Malışevlə bir araya gətirdilər. Sonuncular məşhur "Devyatkino döyüşündə" "Tambov oğlanları"na qalib gəlmiş, Sankt-Peterburq bazarlarını ələ keçirmişdi. Malışevə təcrübəli insanlar lazım idi.

Beləliklə, onu "cinayət işləri üzrə müavini" olan Kərpiçlə bir araya gətirdilər. Malışev yeni dostunun bacarığına heyran oldu və dedi ki, Slava dayı "oğru ənənələri"ni qoruyur, buna görə də ona "keçmiş qanun oğru" kimi hörmət edir. Bir çox Peterburq cinayətkarı bu faktı inkar edirdi. Kərpic "oğru" kimi yaşamırdı, "oğru"nun nə evi, nə də arvadı ola bilərdi, amma onun Repinoda istixanaları, hovuzu, tövlələri və gənc xanımı olan malikanəsi vardı. Başqa bir qəribəlik o idi ki, əsl "oğrular" özünü reklam üçün çalışmaz, mətbuatdan daim uzaq qaçardı. Kərpiç isə jurnalistlərlə ünsiyyət qurmağı sevirdi. Ölkə onun "yeraltı dünya" ilə dostluq edən və "alternativ hökuməti" təbliğ edən jurnalist Nevzorovun reportajlarından tanıdı.

Kərpicin qələmindən əsərlər çıxdı: "Həbsxana", "Cinayət antologiyası", "SSRİ və Rusiyada Femida". Siciliya ilə sıx əlaqələri, "Cosa Nostra"nın onun biznesində payı var idi. Ancaq o da deyilir ki, bu fikri Slava əmi özü uydurub.

1994-cü ildən sonra Kərpiç və Malışev qruplaşması Sankt-Peterburqdakı mövqelərini itirdi, onlar "Tambov oğlanları" tərəfindən sıxışdırılmağa başladılar. Kərpiçə iki dəfə sui-qəsd oldu. Slavanın populyarlığının artmasından qorxan Malışevin özünün də onu öldürmək istədiyi barədə şayiələr gəzirdi. Kərpic Kazan oğruları ilə ittifaqa girərək "döyüşə" başladı. O, həm Malışevi, həm də tambovluları qovaraq Peterburqu özü üçün "almaq" istəyirdi.

1996-cı ilin əvvəlində Kərpiç artıq siyasi fəaliyyətdən də çəkinmirdi. O, may-iyun aylarında Sankt-Peterburq qubernatorunun seçki kampaniyasında iştirak etdi. Slava əminin şöhrətinin sürətlə artmasına Aleksandr Nevzorovun öz proqramında onu "köhnə pirat" adlandırdığı təsirli bir hekayə kömək etdi.

14 iyun 1996-cı ildə Kərpiç klubda öldürüldü. Qatil yan girişdən bara daxil oldu, Kərpiçə yaxınlaşdı və tapançasından dörd dəfə atəş açdı. Onu kimin öldürtdüyü məlum deyil. Çoxları onun ölməsini istəyirdi: Malışev, "Tambov" lideri Kumarin, "moskvalılar", Daxili İşlər Nazirliyi və kazino sahibləri, iş adamları…

İki qoçun başı bir qazanda qaynamadı

*"Gecə qubernatoru" Vladimir Kumarin (soyadını Barsukov olaraq dəyişdirmişdi, "Kum", "Kral Lui")

1990-cı illərdə Sankt-Peterburqun faktiki hökmdarı bu adam idi. Əgər 18-ci əsrdə Razumovskinin sevimlisi kraliça ilə yaxınlığına görə "gecə imperatoru" adlandırılırdısa, Kumarin bu ləqəbi gecələr işləməyi və yanına xahişə gələnləri qəbul etməyi sevdiyinə görə almışdı. Quldurlardan fərqli olaraq, Kumarin sakitliyi ilə seçilirdi və bu, onun uzun cinayət karyerasının açarı oldu.

Məktəb illərində Volodya xüsusi döyüş keyfiyyətləri və ya idman uğurları ilə fərqlənmirdi, o, adi bir kənd adamı idi. Hamı kimi o da orduda xidmət etdi, sonra Leninqradda texnikuma daxil oldu. Tələbə həyatı ac idi, güclü olduğuna görə ya hambal, sonra barmenişləməyə çağırdılar. Sonuncular o zaman Leninqradın ən zəngin insanlarından idilər. Bir barmen bir həftə sonu təxminən 300 rubl qazanmağı bacarırdı, ölkədə orta əmək haqqı ayda 150 rubl idi.

Yavaş-yavaş tambovlu dostlarını ora gətirməyə başladı, buna görə də onun dəstəsi belə adlanırdı, baxmayaraq ki, çoxları uzun müddət Leninqradda yaşamışdı. Güclü oğlanlar başqalarına himayədarlıq etməyə başladılar, pay aldılar. "Devyatkino"dan pay amağı da bacardılar, məhz orada, son metro stansiyasında, bütün şəhərin əsas bazarı yerləşirdi. Orada ziyalılar kitab axtarır, kimsə defisit mal arxasınca gəlirdi, qadağanın zirvəsində spirtli içki ticarəti çiçəklənirdi.

1988-ci ilin dekabrında maraqlı hadisə oldu. Malışevin mütəşəkkil cinayətkar dəstəsindən "Devyatkino"ya baxan (smotryaşi-red) "Broyler" ləqəbli Sergey Miskarev xərac yığdığı zaman birdən Kumarinin "Tambov"u ona yaxınlaşaraq pulu götürdü. Ertəsi gün Miskarev öz adamlarını topladı. Tambovluları bazarın yaxınlığından tapdıları. Malışevin adamları həmin döyüşdə qalib gələrək "yadları" qovdular, tezliklə digər qrup polisə təslim edildi.

Daha sonra Kumarin Malışevin Rusiyadan qaçdığını və "oğru dünyası"nın parçalandığını öyrəndi. Sonra Kral Lui nəinki öz mütəşəkkil cinayətkar qrupunun mövqelərini qaytardı, həm də birincilərdən oldu. 1998-ci ilə qədər Kumarin şəhərin faktiki alternativ qubernatoru idi. Qurulmuş biznes imperiyasına təkcə bazarlar və qanunsuz içki bazarı daxil deyildi. Onun əsas aktivi Sankt-Peterburq yanacaq bazarının inhisarçısı olan şirkıt idi. Özü də soyadını Barsukov olaraq dəyişdi, heç nə olmamış kimi özünü iş adamı kimi təqdim edirdi.

Sonra özü üçün PR dəstəyini təmin etdi. Onun dostu Aleksandr Nevzorov idi, "600 saniyə" və digər proqramlardaki reportajlarında tambovluları öyürdü. Kumarin özünü "Don Karleon" adlandırırdı, Marlon Brandonun qəhrəmanları kimi yaşayırdı. Hamı ona baş əyməli idi, adi peterburqlulardan tutmuş Dövlət Dumasının deputatlarına qədər, hətta Avropadan olan iş adamları da ona yaxınlaşmağı şərəf hesab edirdilər. Kimi kömək axtarır, kimsə biznes ideyası gətirirdi. Nevzorov deputat oldu və Kumarini köməkçi kimi işə götürdü.

2007-ci ildə Sankt-Peterburqun bir sıra mağazalarına basqınlar oldu. Yerli hakimiyyətin səbrini daşıran olay məhz idi. Qurbanlar arasında o zamanlar Peterburqa rəhbərik edən Valentina Matvienkonun köhnə tanışı da vardı. Matvienko iki qubernatora dözmək niyyətində deyildi. Bütün şəhər bu hadisə haqqında bilirdi. Nə əlaqələr, nə də dostu Nevzorov Kumarinə kömək etdi. Məhkəmənin hökmü ilə Vladimir Barsukov (Kumarin) 14 il müddətinə azadlıqdan məhrum edildi. İndi də həbsdədir… /Cebhe.info/


MANŞET XƏBƏRLƏRİ