İsrail nüvə proqramı ilə bağlı yeni obyektin tikintisini sürətləndirib. Bildirilir ki, işlər Negev səhrasında, Dimona şəhəri yaxınlığında yerləşən Şimon Peres adına Nüvə Tədqiqat Mərkəzində aparılır. Ekspertlərin sözlərinə görə, aktiv tikinti işləri İsrailin nüvə silahı hazırlamaq istiqamətində hərəkət etdiyinə işarədir.
Peyk şəkilləri iyulun 5-də ABŞ-ın xüsusi şirkəti Planet Labs PBC tərəfindən çəkilib. Üç analitik obyektin yerləşdiyi yer, ölçüləri və çoxmərtəbəli olması ehtimalını əsas gətirərək, bunun yeni ağır-sulu reaktor ola biləcəyini açıqlayıb. Belə reaktorlar nüvə silahı üçün lazım olan plutonium və digər materialların istehsalında istifadə edilə bilər.
Globalinfo.az-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, sözügedən məlumatlar bir sıra nüvə ekspertləri tərəfindən təhlil edilib:
“Beynəlxalq mediada da təqdim edilən peyk görüntüləri göstərir ki, orada çoxmərtəbəli yeraltı tikinti işləri aktivləşib. Tikinti sahəsində qalın beton divarlar və kranlar görünür.
Lakin bununla bağlı mütəxəssislərin fikirləri bölünür. Bəziləri bu tikintini yeni bir ağır su reaktoru kimi şərh edir — bu tip reaktorlar plutonium istehsal edə bilər. Digərləri isə bunun nüvə silahlarının yığılmasına yönələn bir obyekt ola biləcəyini qeyd edir.
Vüqar Zifəroğlu
İsrail hökuməti məsələyə rəsmi münasibət bildirməyib. Vurğulamaq istərdim ki, İsrail NPT-yə qoşulmayıb, bu səbəbdən Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) Dimona obyektini yoxlamaq hüququna malik deyil.
Əslində bu cür tikinti addımları, xüsusən İranla gərginliyin yüksəldiyi bir şəraitdə, regional dövlətlər tərəfindən təhdid kimi qəbul edilə bilər. İran nüvə proqramına qarşı sanksiyalar və təzyiqlərlə üz-üzədir; İsrailin bu cür addımı İran daxilində radikallıq və nüvə proqramında sürətlənməyə təkan verə bilər. Tehranın bu istiqamətdə addımlar atması isə bəzi region ölkələrini nüvə qazandırıcı addımlar atmağa — balans vəziyyətini təmin etməyə yönələ bilər”.