"Pekində keçirilən siyasi tədbirdə gördük ki, tərəflərin mövqeyində dəyişikliklər yoxdur. Bizə çatan siyasi mesajlar göstərir ki, Rusiya elə köhnə mövqeyində qalır. Sıradan bir salamlaşma olub və protokol şəklində reallaşıb. Yəni mövqelər dəyişməyib”.
Bu sözləri “Yeni Sabah”a politoloq Tofiq Zülfüqarov deyib.
O bildirib ki, münasibətlərin normallaşmasında əsas məqamlardan biri 2024-cü ilin dekabrda baş verən təyyarə qəzası ilə bağlı istintaqın nəticəsidir:
“Bu haqda nəsə danışmaq çətindir. Əsas məqamları bildirməyə hər halda, imkanımız var. Söhbət ondan gedir ki, Çikaqo Konvesniyasına uyğun olaraq, təyyarə faciəsi ilə əlaqədar ilkin istintaqın nəticələri 1 ay ərzində bildirilməli idi. İstintaqı aparan dövlət isə Rusiya yox, Qazaxıstandır.
Konvensiyanın ikinci tələbi ondan ibarətdir ki, yekun istintaq 1 ildən çox olmayaraq, ictimaiyyətə açıqlanmalıdır. Yəni 2025-ci ilin dekabrına qədər bu məsələ tam yekunlaşmalıdır. Məhz bu qərarın əsasında Azərbaycanın tələbləri öz həllini tapa bilər.
Əgər Azərbaycan və Rusiya istintaqın nəticələrini qəbul edərsə, kompensasiya ödənişləri və digər addımlar nəzərdə tutulur. Bildiyim qədəri ilə, siyasi baxımdan üzr istəmək məsələsi ilə bağlı hansısa tələb qeyd olunmayıb”.
T. Zülfüqarov vurğulayıb ki, Çindəki tədbir bir daha göstərdi ki, tərəflərin mövqeyində dəyişikliklər yoxdur:
“İndiki mərhələdə, Rusiya rəhbərliyinə aid iradlarımız onunla bağlıdır ki, bu hadisədən qabaq münasibətlər strateji əməkdaşlıq səviyyəsində idi və bu xüsusi sənədlə təsbitlənmişdi. Bunu nəzərə alaraq, gözləyirdik ki, təyyarəmizin vurulmasında məsuliyyət daşıyan şəxslər mühakimə edilsin. Amma bu, Qazaxıstanda istintaqın yekun qərarı demək deyil.
Rusiya ilə strateji əməkdaşlıq sənədini nəzərə alaraq, istintaqın nəticələrini gözləmədən, Kremlin dostluq münasibətini nümayiş etdirəcəyi gözlənilirdi. Amma Rusiya rəhbərliyi fərqli bir mövqe seçib. Bu mövqedən Azərbaycanın siyasi rəhbərliyi və ictimaiyyət narazı olduğuna görə tənqidi mövqedə qalırıq. Rusiya öz səhvini, təqsirini qəbul etmək niyyətində deyil və yekəxanalıq nümayiş etdirir”.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Pekində keçirilən sammit çərçivəsində Azərbaycanla bağlı gözlənilməz dərəcədə yumşaq və barışıq tonlu açıqlama verib. O bildirib: "Azərbaycanla münasibətlərdə problemlər var, amma hər şey yoluna düşəcək, buna əminəm”.
Nazim Hacıyev