Avqustun 24-də saat 09 radələrində Lənkəran rayon sakini 1995-ci il təvəllüdlü Əfsanə Əsgərlinin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Lənkəran rayon prokurorluğundan verilən məlumata görə, ilkin araşdırmalarla Lənkəran rayonu, Liman şəhəri ərazisində 1993-cü il təvəllüdlü Nicat Lələzadənin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək arvadı Əfsanə Əsgərlini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nicat Lələzadə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
***
11:29
Lənkəranda baş verən qətlin təfərrüatları məlum olub.
Qətlə yetirilən 34 yaşlı Əfsanə Əkbər qızı Lələzadənin dayısı bildirib ki, onu qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Nicat Lələzadə ilə onların münasibətləri uzun müddətdir gərgin olub və tərəflər təxminən 5 ilə yaxın ayrı yaşayıblar.
Məlumata görə, Əfsanə həyat yoldaşından boşanmaq istəyib. Nicat isə buna etiraz edib. Hadisə baş verən gün səhər saatlarında Nicat Lələzadə Əfsanənin evdən çıxmasını gözləyib. Əfsanə dükanın qarşısına çatanda aralarında mübahisə yaranıb. Bu zaman Nicat özü ilə gətirdiyi bıçaqla qadına bir neçə zərbə endirib.
Ağır xəsarət alan Əfsanə xəstəxanaya çatdırılsa da, həkiməqədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma Lənkəran rayon prokurorluğunda davam etdirilir.
***
10:15
Lənkəranda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs polisə təslim olub.
34 yaşlı Əfsanə Əkbər qızı Lələzadəni qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı, 1993-cü il təvəllüdlü Nicat Lələzadə könüllü şəkildə polisə gedərək təslim olub.
Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma Lənkəran rayon prokurorluğu tərəfindən davam etdirilir.
***
09:51
Lənkəranda dəhşətli qətl hadisəsi baş verib.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, rayonun Liman şəhəri ərazisində 34 yaşlı qadın ailədaxili münaqişə zəminində qətlə yetirilib.
Belə ki, 1991-ci il təvəllüdlü Əfsanə Əkbər qızı Lələzadə bədənin müxtəlif nahiyələrindən, o cümlədən boynundan aldığı kəsilmiş-deşilmiş xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib.
Xəstəxanadan verilən məlumata görə, qadın ora çatdırılarkən artıq həyatını itirmiş vəziyyətdə olub və həkiməqədər ölüm faktı qeydə alınıb.
Əldə olunan ilkin məlumatlara əsasən, qadının həyat yoldaşı qətlin əsas şübhəlisi kimi saxlanılıb. Meyit daxili və xarici ekspertiza olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.