Yeni tarixi mərhələdə Azərbaycanın xarici siyasətinin prioritetləri


Kamal Adıgözəlov

III məqalə

İkinci istiqamət: Azərbaycan tərəfindən irəli sürülmüş 5 əsas prinsip əsasında Ermənistanla sülh müqaviləsinin imzalanması

Yeni tarixi mərhələdə Azərbaycanın xarici siyasətinin prioritetləri sırasında Ermənistanla münasibətlərin normallaşması məsələsinin yer alması həm təbiidir, həm də siyasi baxımdan strateji xarakterlidir. Məsələ, sadəcə, iki region ölkəsi arasında münasibətlərin nizamlanmasından, bölgədə sülhün və sabitliyin bərpa olunmasından ibarət deyildir. Bütövlükdə bu iş regional təhlükəsizlik və əməkdaşlığın qalıcı olmasının təmini ilə bağlıdır. Bu baxımdan növbəti istiqamət üzərində geniş dayanmaq lazımdır.

İkinci istiqamət: regional miqyasda təsiri

Yeni tarixi mərhələdə xarici siyasətin ikinci istiqamətinin "Azərbaycan tərəfindən irəli sürülmüş 5 əsas prinsip əsasında Ermənistanla sülh müqaviləsinin imzalanması" kimi müəyyən edilməsinin geosiyasi, siyasi və hüquqi mənası bütövlükdə müstəqil dövlətçiliyin politoloji anlamı ilə sıx bağlıdır. Onun məhz ikinci istiqamət statusunda göstərilməsi öncədən dövlət quruculuğu kontekstində düşünülmüş dərin məqamlarla əlaqəlidir. Nəyi nəzərdə tuturuq?

No description available.

İlk baxışdan ikinci istiqamət sanki iki dövlət arasında münasibətlərin normallaşmasının siyasi-diplomatik aspekti ilə məhdudlaşır. Lakin İlham Əliyevin Prezident kimi uzaqgörənliyi, siyasi lider kimi yüksək realistliyi və böyük məharəti bu məsələni müstəqil regional lider dövlətin xarici siyasətinin prioriteti statusuna yüksəldib. Onun başlıca əlaməti həmin istiqamətin daxili məntiqi və reallaşma miqyası aspektlərində beynəlxalq hüquq müstəvisində konkret məzmunlaşmasından ibarətdir.

Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda buna nail olmaq olduqca çətin məsələdir. İlham Əliyev isə bu çətinliyi bütünlüklə xarici siyasətin konseptual ruhuna ustalıqla daxil edə bilib. Bu səbəbdən ikinci istiqamət, faktiki olaraq, birinci istiqamətdə ümumi səviyyədə qoyulan məsələnin praktiki aspektə konseptual və praktiki keçidin mexanizmi kimi qəbul edilməlidir. Bizim üçün maraqlı olanı onun nəzəri tərəfi deyildir – konkret olaraq xarici siyasətdə necə reallaşa biləcəyinin anlaşılmasıdır. İkinci istiqamətə bu prizmadan baxanda əsas sualı belə ifadə etmək olar: Azərbaycanın təklif etdiyi 5 prinsipin beynəlxalq hüquq normaları nöqteyi-nəzərindən hansı səciyyəvi xüsusiyyətlərlə şərtlənir? Sual politoloji baxımdan prinsipialdır, çünki ona cavab faktiki olaraq Azərbaycanın xarici siyasətinin prioritetlərinin siyasi kontekstdə nə dərəcədə əsaslı olduğunu "ölçməyə" imkan verəcəkdir.

Beləliklə, yuxarıda qoyulan suala cavab axtarışı öncə ümumiyyətlə müasir tarixi mərhələdə beynəlxalq hüquq normalarının əsas müddəalarını izah etməkdən başlamalıdır.

Beynəlxalq hüquq normalarının anlamı

Tədqiqatçılar "beynəlxalq hüquq" termininin tarixi olduğunu vurğulayırlar. Yəni, beynəlxalq hüquq məzmun və funksiyaca tarixidir – o, daim yeniləşə və funksiyası dəyişə bilir. Orta əsrlərdə hüquqşünaslar beynəlxalq hüquq normalarını müəyyən etmək üçün Roma hüququna müraciət edirdilər. Lakin Roma hüququnda dövlətlərarası münasibətlər məsələsi qoyulmurdu. Roma hüququnda "Jus gentium" (xalqların hüququ) anlayışı vardır. Bu anlayış müxtəlif aspektləri özündə ehtiva edirdi: Roma vətəndaşlarının xarici vətəndaşlarla münasibətlərini ifadə edən normalar, Roma ərazisində xarici vətəndaşların bir-biri ilə münasibətlərini tənzimləyən normalar və həmçinin çoxlu dövlətlər üçün ümumi olan normalar. Sonra bu termin "Jus inter gentes" (bütün xalqlar üçün ümumi olan hüquq) kimi daha geniş anlamda işlədildi. Bunun çərçivəsində Romanın başqa dövlətlərlə münasibətlərini tənzimləyən ümumi hüquqi qaydalar kompleksi başa düşülürdü (bax: 1).

No description available.

Buradan politoloqlar belə qənaətə gəlirlər ki, əslində, "beynəlxalq hüquq" termini bu anlayışın özlüyündə həqiqi mənasına elə də adekvat deyildir. O mənada ki, beynəlxalq hüquq xalqlar tərəfindən yaradılmır (terminin yaranma tarixi bunu təsdiq edir). O, suveren siyasi təşkilatlar kimi dövlətlər tərəfindən yaradılır və dövlətlərarası münasibətləri hüquqi tənzimləməyə istiqamətlənir. Buna görə də beynəlxalq hüququ "dövlətlərarası hüquq" da adlandırmaq olardı. Lakin reallıq ondan ibarətdir ki, müasir mərhələdə beynəlxalq hüquq termini işlənir və o, aşağıdakı kimi izah edilir.

Beynəlxalq hüquq "xüsusi hüquqi sistemdir". O, subyektlər arasında beynəlxalq münasibətləri "hüquqi normalar vasitəsi ilə tənzimləyir". Həmin hüquqi normalar iki üsulla yaradılır – subyektlər arasında konkret maddələr üzrə "razılaşma" (müqavilə) əsasında və yazılmamış qanunlara uyğun ənənə kimi qəbul edilməklə. Bu çərçivədə fəaliyyətin forması, xarakteri və sərhədləri dövlətlərarası müqavilələrlə müəyyən edilir. Beynəlxalq hüquq normalarına əməl etmək məcburi qaydada ola bilər (bax: əvvəlki mənbəyə, s. 8-10).

Bu fikirlərdən bizim mövzu baxımından əhəmiyyətli olan bir neçə nəticə çıxara bilərik. Birincisi, beynəlxalq hüquq normaları dövlətlər tərəfindən razılaşma yolu ilə müəyyən edilən və hər bir üzv üçün məcburi olan hüquqi normalar kompleksidir.

İkincisi, bu normalara əməl etmək təbiidir və əgər bu baş verməsə, beynəlxalq aləm normadan çıxanı məcbur edə bilər.

Üçüncüsü, müasir dövrün özəlliklərinə uyğun olaraq beynəlxalq hüququn dövlətlərarası münasibətlərdə rolu daha da artıb və ona əməl etmək mütləq tələbə çevrilib.

Bu özəlliklər prizmasından nəzər salanda XX əsrdə beynəlxalq hüquq normalarının həm məzmun və fəaliyyət mexanizmləri, həm də reallaşma üsullarının bəşəriyyət üçün daha aktual faktora çevrildiyi qənaətinə gələ bilərik. İndiki dövrdə beynəlxalq hüquq normaları hər bir dövlət tərəfindən mütləq surətdə əməl edilməli olan hüquqi qaydalar kompleksi kimi nəzərdən keçirilməlidir. Çünki, faktiki olaraq, bu normalardan yayınmalar bütövlükdə dünyada ciddi problemlər yaradır!

Beynəlxalq hüququn əsas prinsipləri

Müasir beynəlxalq hüquq iki hissəyə bölünür – publik beynəlxalq hüquq və özəl (məhdud, lokal mənasında) beynəlxalq hüquq. Onlar bir-biri ilə əlaqəlidirlər. Publik beynəlxalq hüquq müstəqil hüquqi sistemdir ki, siyasi xarakterli dövlətlərarası münasibətləri tənzimləyir (bax: əvvəlki, s. 38). Biz bu məqalədə məhz publik beynəlxalq hüquq normaları prizmasından Azərbaycanın təkliflərinə diqqət yetirəcəyik.

Müasir beynəlxalq hüquq normaları BMT-nin Nizamnaməsində və 1970-ci ildə qəbul olunmuş Beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamədə təsbit olunub. 1975-ci ildə isə ATƏT-in Yekun Aktında təkrar əks olunub. Birinci iki sənəddə hüquqi normaların sayı 7 idisə, ATƏT ona 2-sini də əlavə edib. Yəni, faktiki olaraq, beynəlxalq hüquq normaları dəyişə bilir (bax: əvvəlki mənbəyə, s. 43-44).

İndi qısaca beynəlxalq hüququn əsas prinsiplərinə nəzər salacağıq. Birinci, güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi. İkinci, mübahisələrin dinc yolla həll edilməsi prinsipi. Üçüncü, insan hüquqlarına hörmət prinsipi. Dördüncü, suveren bərabərlik prinsipi. Beşinci, daxili işlərə qarışmamaq prinsipi. Altıncı, ərazi bütövlüyü və onun toxunulmazlığı prinsipi. Yeddinci, sərhədlərin pozulmaması prinsipi. Səkkizinci, xalqların özünütəyinetmə və bərabər hüquqluğu prinsipi. Doqquzuncu, əməkdaşlıq prinsipi. Onuncu, beynəlxalq hüquq üzrə götürülən öhdəliklərin könüllü, vicdanla yerinə yetirilməsi prinsipi. Sonuncu prinsipdə dövlətin müqavilədə üzərinə götürdüyü öhdəliyə əməl etməsi BMT-nin Nizamnaməsinə əməl etmək səviyyəsində məcburi qəbul edilir (bax: əvvəlki mənbəyə, s. 43-57).

Bu prinsiplərin işığında Azərbaycanın sülh müqaviləsi ilə bağlı etdiyi beş təklifin politoloji məzmununa və hədəflərinə baxaq.

Azərbaycanın beş baza təklifi: kompleks halda əsas siyasi məzmunu və hədəfi

Azərbaycan dövləti 2022-ci ildə Ermənistan tərəfinə aşağıdakı baza prinsiplər üzrə münasibətləri normallaşdırmağı təklif edib:

Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması (bax: 2).

No description available.

Bu prinsiplərin hər biri beynəlxalq hüququn prinsiplərinə tam uyğundur. Onları Azərbaycan rəhbərliyi konkret olaraq Azərbaycanla Ermənistanın münasibətlərinin formalaşmasının praktiki siyasi aspektinə uyğunlaşdırıb. Yəni, onlar mücərrəd xarakterli deyillər. Əksinə, siyasi reallığa tam uyğun və nəticə verəcək qaydalardır. Bu prinsiplərin yeni tarixi mərhələdə siyasi və geosiyasi gücünün təməlində bu həqiqət dayanır. Onları kənara qoymaq faktiki baxımdan müasir publik beynəlxalq hüquq normalarını kənara qoymaqdır. Həmin prinsiplərə əməl etməmək bir neçə instansiyada beynəlxalq hüquqa hörmətsizlik etmək və hətta onu çeynəməkdir. Bu kontekstdə Prezident İlham Əliyevin aşağıdakı fikri ədaləti dolğun ifadə edir. Dövlət başçısı 2022-ci ildə Vladimir Putinlə Soçidəki görüşü zamanı deyib: "Azərbaycan nisbətən yaxın vaxtlarda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və mənim fikrimcə, bu əsasda normallaşmaya nail olmaq mümkündür" (bax: 3).

İlham Əliyevin tam haqlı olduğu həmin beş prinsipin hər birinin beynəlxalq hüquq normaları ilə hətta qısa məzmun müqayisəsindən aydın olur.

Birinci prinsip və beynəlxalq hüquq normaları

Birinci prinsipin məzmunu aşağıdakı kimidir: "Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması".

Bu prinsip, faktiki olaraq, beynəlxalq hüququn prinsiplərini özündə ehtiva edir. Onlar – güc tətbiq etməmək və ya güclə hədələməmək, mübahisələrin dinc yolla həll edilməsi, insan hüquqlarına hörmət, suveren bərabərlik, daxili işlərə qarışmamaq, ərazi bütövlüyü və onun toxunulmazlığı və sərhədlərin pozulmazlığı prinsipləridir. Bundan başqa, Azərbaycan rəhbərliyinin bu prinsipləri vahid siyasi məntiq çərçivəsində pozitiv diplomatik ritorika ilə ifadə edə bilməsi, dövlətin strateji kimliyinin geosiyasi və siyasi özəlliyini açıqlayır.

Konkret olaraq, birinci prinsip göstərir ki, Azərbaycan yeni tarixi mərhələdə istənilən situasiyada beynəlxalq hüququn fundamental qaydaları çərçivəsində hərəkət edəcək. Onun hazırda Ermənistan qarşısında bütün sahələrdə böyük üstünlüyə sahib olmasına baxmayaraq, yalnız beynəlxalq hüquq normaları əsasında münasibətləri tənzimləmək strategiyasına uyğun davranması onu göstərir ki, Azərbaycan yüksək sivil fəaliyyət mədəniyyətinə sahib hüquqi dövlətdir! Bu, Azərbaycanın müstəqil dövlətçilik fəlsəfəsinin baza prinsipidir!

Bu çağırışa indiyə qədər Ermənistanın əməl etməməsi hansı anlama gəlir? Konkret ifadə etsək: Ermənistan müstəqil dövlət kimi tam formalaşmayıb və bundan havadarları istifadə edərək onu təxribatçı mövqeyə sürükləyirlər. Burada iki böyük xəta vardır. Birincisi, bir sıra böyük geosiyasi güclər özləri beynəlxalq hüquq normalarını pozurlar, ikincisi, Ermənistanın tam müstəqil dövlət kimi formalaşmasına mane olmaqla bütövlükdə Cənubi Qafqazı riskə atırlar.

İkinci prinsip: sülhsevərlik haqqına sahiblik

Bu, beynəlxalq hüquq normaları baxımından çox əhəmiyyətli prinsipdir. Faktiki olaraq, həmin normaların hər birini özündə ümumi geosiyasi və siyasi səviyyədə ehtiva edir. Eyni zamanda, əməkdaşlıq və beynəlxalq hüquq üzrə götürülən öhdəliklərin könüllü, vicdanla yerinə yetirilməsi prinsiplərinə Cənubi Qafqaz reallıqları kontekstində yeni məzmun verir. Azərbaycan Prezidenti bu bağlılıqda dahiyanə məqsəd irəli sürüb: iki dövlət arasında münasibətlərin beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənməsi üçün onların hər ikisi təməldən sülhsevər dövlətlər olmalıdırlar! Yəni, Ermənistan sülhsevərlik haqqına sahib olduğunu hüquqi ifadə etməli və havadarlarını buna inandırmalıdır. Azərbaycan Ermənistanın bu haqqa sahib olduğunu onun özünə inandırmağa çalışır. Siyasi baxımdan böyük humanitar mövqedir! Hüquqi öhdəlik buradan real məzmun kəsb edə bilər.

Ermənistana çox ciddi çağırışdır. Buna əməl etsə, erməni dövlətçiliyi tarixin qınaqlarından və tənbehlərindən, qara ləkələrindən xilas ola bilər. Bu mənada Azərbaycan Prezidentinin ikinci baza prinsipi, əslində, Ermənistanın bir dövlət kimi xilası fəlsəfəsinin başlanğıc tezisidir. Anlasalar...!

Üçüncü prinsip: təhlükəsizlik vacib siyasi və geosiyasi tələb kimi

Hazırda beynəlxalq hüquq üçün dövlətlərin təhlükəsizliyinin təmini ön sıradadır. Bütün dünya bundan əziyyət çəkir. Təhlükəsizliyin təmini üçün real və məhsuldar addımlar atmaq xüsusi əhəmiyyət kəsb edir. Qlobal miqyasda bu, çatışmayan cəhətdir. Bu səbəbdən də Cənubi Qafqazda qalıcı təhlükəsizliyin təmini strateji əhəmiyyətli vəzifədir. Azərbaycanın üçüncü təklifi bu məsələni kökündən həll edir. Həmin prinsip aşağıdakı kimidir: "Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək". Burada dövlətçilik üçün ciddi əhəmiyyəti olan üç məqam vahid siyasi məntiqdə sintez edilib. Onlar təhlükəsizliyə hədə törətməmək, siyasi müstəqilliyə təhlükə törətməmək və BMT Nizamnaməsinə uyğun hərəkət etməklə bağlıdır.

Bu prinsip mahiyyət etibarilə Ermənistana təhlükəsizliyinin təminində Azərbaycanın maraqlı olduğunu və bunun üçün Bakıya beynəlxalq hüquq normalarının önəm kəsb etdiyini ifadə edir. Azərbaycan hər zaman BMT Nizamnaməsi çərçivəsində fəaliyyət göstərəcəyini bəyan edir. Bu da Azərbaycanın bütövlükdə regionu yeni tarixi mərhələdə yeni təhlükəsizlik müstəvisinə çıxarmaq niyyətini ifadə edir.

Dördüncü prinsip: sərhədlər dəqiq olmalıdır!

Bu baza prinsipi münasibətlərin normallaşmasının hüquqi cəhətdən əsas məqamını ifadə edir. Müasir dövlətçilik üçün sərhədlərin dəqiq müəyyən edilməsi mütləq şərtdir. Buna görə Azərbaycan təklif edir ki, "dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması" reallaşmalıdır. Yalnız bu baş verdikdən sonra digər prinsiplərin həyata keçməsi real təməl əldə edir. Eyni zamanda, perspektiv üçün qarşıya çıxa biləcək bir sıra çətinlikləri, riskləri və təhdidləri neytrallaşdırır. Aydındır ki, dördüncü prinsip vurğulanan anlamda beynəlxalq hüquq normalarının hər birinə aiddir.

Beşinci prinsip: kommunikasiyalar və əməkdaşlıq

Nəhayət, sonuncu prinsip hazırkı şərtlər daxilində Azərbaycanın konkret istiqamətlər üzrə əməkdaşlıq fəlsəfəsini ifadə edir. Bunun üçün kommunikasiyaların açılması həlledici faktor kimi qəbul edilir. Bu, həm də praktikada qarşılıqlı etimadı təmin edəcək. Deməli, yeni tarixi mərhələdə qarşılıqlı etimad məsələsi prinsipial olaraq Azərbaycan tərəfindən gündəmə çıxarılır. Buna görə də "nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması" vacib baza prinsipdir. O, beynəlxalq hüquq normalarının hər birinə aidiyyəti olan şərtdir!

No description available.

Beləliklə, Azərbaycanın təklif etdiyi beş prinsip münasibətləri hüquqa uyğun normallaşdırmanın yeganə yoludur. Azərbaycan bununla indiki mərhələdə həm məsələni həll edir, həm də yeni tarixi mərhələnin geosiyasi tənzimlənməsi problemini konstruktiv geosiyasi müstəviyə çıxarır. Bu anlamda ikinci istiqamət taktiki ilə stratejinin geosiyasi kontekstdə mükəmməl sintezini ifadə edir!

Mənbələr

Братановский С.Н., Епифанов А.Е. Международное право: Учебное пособие. – Москва: Директ-Медиа. – 2014, с.7-13. Azərbaycanın Ermənistana təklif etdiyi 5 baza prinsipləri açıqlandı / Trend, 14 mart, 2022. Soçidə Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçirilib / AZƏRTAC, 31 oktyabr, 2022.


MANŞET XƏBƏRLƏRİ