Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə hərbi xidmətini Yekaterinburqda çəkib. Ondan sonra orada hüquq təhsili alıb. Hüquqşünasdır və hüquq şirkəti var. Ömrünün demək olar ki, çox hissəsini - beşdən dördünü Rusiyada yaşayıb. Orada çox nüfuzlu şəxslərdən biridir, biznesmendir.
Turkustan.az xəbər verir ki, bu sözləri Teleqraf-a “Ayna” və “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı Yekaterinburqdakı Azərbaycan diasporunun sədri Şahin Şıxlinskinin Rusiya xüsusi xidmət orqanları tərəfindən saxlanılmasına münasibət bildirərkən deyib.
O, Şahin Şıxlinskinin dəfələrlə ulu öndər Heydər Əliyevin qəbulunda olduğunu bildirib:
“Onun Yekaterinburq vilayətinin qubernatoru ilə gözəl əlaqələri var idi. Yəni o, olduğu bölgədə tanınmış, nüfuzlu adamdır. Bu baxımdan Şahinin hansısa kriminal hadisəyə görə saxlanılması biabırçılıqdır. İyunun 27-də Yekaterinburqda həbs edilən bir neçə soydaşımızın hüquqlarını məhkəmədə Şahin və oğlu Mutvali Şıxlınski (Mutvəli Şıxlınski də vəkildir - red.) qoruyub, onların bəzisinin həbsdən azad edilməsinə nail olublar”.
Elçin Şıxlı bildirib ki, Şahinin bu şəkildə həbsi gözlənilmirdi: “Amma görünür, Rusiya rəhbərliyi başını itirib. Baş verənlər Rusiya ilə diplomatik əlaqələrimizi ciddi şəkildə zədələyəcək”.