ABŞ-da xarici yardım göstərən USAID-in vəzifələri Dövlət Departamentinə verildi


ABŞ Dövlət Katibi Marko Rubio ölkənin xarici yardım proqramlarını idarə edən Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) əməliyyatlarının Dövlət Departamentinə təhvil verildiyini açıqlayıb və "Hökumətin dəstəklədiyi səmərəsizlik dövrü başa çatıb" deyib.

Turkustan.az xəbər verir ki, Rubio sosial media platforması X hesabında məsələ ilə bağlı açıqlama verib.

“Qlobal müstəvidə bizim səxavətimizdən ən çox faydalanan ölkələr tez-tez qarşılıq verə bilməyiblər” -deyən Rubio USAID-in onilliklər ərzində çox şey əldə etmədiyini iddia etdi.

Rubio bildirib ki, USAİD bu gündən etibarən xarici yardımı rəsmən dayandıracaq və bundan sonra xarici yardım proqramları Dövlət Departamenti tərəfindən “milli maraqları” prioritetləşdirməklə “daha ​​çox hesabatlılıq, strategiya və effektivliklə” aparılacaq.

ABŞ prezidenti Donald Tramp yanvarın 20-də vəzifəsinin icrasına başladıqdan dərhal sonra xarici yardım haqqında fərman imzalayıb.

Fərmanda Birləşmiş Ştatların xarici inkişafa yardım proqramlarına cavabdeh olan bütün nazirlik və agentliklərdən digər ölkələrə ödənişləri kəsəcəyi və proqramın ABŞ-ın xarici siyasətinə uyğunluğunu qiymətləndirmək üçün 90 günlük yoxlama dövrünə başlanıldığı qeyd edilib.

ABŞ Dövlət Departamenti də yanvarın 27-də Departament və USAİD tərəfindən maliyyələşdirilən bütün xarici yardımların dayandırıldığını açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ